“İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” bu istiqamətlərdə uğurlu fəaliyyətə zəmin hazırlayır
Bu gün Azərbaycan, o cümlədən muxtar respublikamız sürətlə inkişaf edən və möhkəm ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin olunan regional cazibə məkanı kimi hər kəsin diqqətini cəlb edir. Dövlətimiz dünya miqyasında öz yerini inamla tutmaqda, sosial, iqtisadi, siyasi cəhətdən davamlı nailiyyətlər əldə etməkdədir. Bütün bunlara ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçılarının həyata keçirdikləri düzgün, məqsədyönlü siyasətin nəticəsində nail olunub. Bu gün dünyanın bəzi ölkələrində xaos, anarxiya hökm sürdüyü halda, bizim ölkəmizdə, o cümlədən muxtar respublikamızda ictimai-siyasi sabitlik inamla qorunur, cinayətkarlığa qarşı daim mübarizə aparılır, qanunvericilik bazası təkmilləşdirilir, qabaqcıl təcrübənin nümunələri olan qaydalar müəyyənləşdirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il aprelin 15-də imzaladığı Fərman ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” böyük əhəmiyyətə malikdir.
“İctimai-siyasi sabitlik olmayan yerdə hər hansı inkişafdan söhbət gedə bilməz”, – deyən ümummilli liderimiz Heydər Əliyev ictimai asayişin etibarlı şəkildə mühafizəsi, qayda-qanunun, nizam-intizamın gücləndirilməsi məqsədilə, ilk növbədə, fəaliyyətdə dönüş yaratmağın vacibliyini daim önə çəkirdi. Bununla həm hüquq-mühafizə orqanlarının cəmiyyətdə maarifləndirmə və təbliğat işinin aparılmasının zəruriliyini, həm də ictimaiyyətlə polis arasında sıx münasibətlərin qurulmasının əhəmiyyətini vurğulayırdı. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” da məhz vətəndaş-polis həmrəyliyini ön plana çəkir, ictimai asayişin qorunmasında vətəndaşların iştirakını təmin edir.
Xatırladaq ki, keçmiş Sovetlər Birliyi dönəmində, yəni ötən əsrin 70-ci illərində Azərbaycanda ictimai təhlükəsizliyi qorumaq məqsədilə vətəndaşlar milislə (polis) əməkdaşlıq edir, bu istiqamətdə fəaliyyətə cəlb olunurdu. Onlara “xalq drujinası” da deyilirdi. İstehsal müəssisələrində və yaşayış yerində nümunəvi davranışları ilə seçilənlərin, aktiv komsomolçuların rayon komsomol bürosu tərəfindən təqdimatı verilirdi. Onlar kütləvi tədbirlər vaxtı – anşlaqla keçən konsertlər, teatrlar, kino seansları vaxtı möhtəkirliyə, qanunsuz bilet satanlara qarşı, idman və bayram tədbirləri zamanı asayişin qorunmasında milisə yardım edirdilər.
“İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” vətəndaşların ictimai asayişin qorunmasında iştirakı, habelə polis orqanları tərəfindən könüllülük əsasında bu işə cəlb edilməsi qaydalarını müəyyən edir. Xatırladaq ki, 2007-ci il martın 12-də dövlət başçısı “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb, bundan sonra inzibati sahə rəislərinin nəzdində ictimai şuralar yaradılıb. Bu mənada, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” bu istiqamətdə əvvəllər atılmış addımların ən təkmili, mütərəqqisi hesab edilir.
Sadə vətəndaşların polisə dəstəyi hər birimizin təhlükəsizliyi üçün vacibdir. Ətrafımıza nəzər yetirsək, bunun nə qədər əhəmiyyətli olduğunu anlamaq mümkündür. Bu gün dünyada və regionda baş verən proseslər hər bir vətəndaşın çox diqqətli olmasını tələb edir. Məlumdur ki, torpaqlarımızın 20 faizi neçə illərdir, işğal altındadır. Ermənistan adlı terrorçu, təcavüzkar bir dövlət bizə qarşı ərazi iddiaları ilə çıxış edir. Aprelin ilk günlərində 4 gün davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri düşmənə çox sarsıdıcı zərbələr endirdi, torpaqlarımızın müəyyən bir qismini işğaldan azad etdi. Yəni bu gün ilandan daha zəhərli olan düşmənin, necə deyərlər, quyruq acısı var. Ona görə də terrorizmin beşiyi olan Ermənistan bizim ərazimizdə terror aktı törətməyə təşəbbüs göstərə bilər. Biz bu cür təhlükələrə qarşı hər an ayıq-sayıq olmalıyıq. Təbii ki, belə bir məqamda sadə insanların hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığının əhəmiyyəti daha da artır. Ona görə də “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.
İctimai asayişin qorunmasında vətəndaşların iştirakına icazə verilməsi polisə ictimai dəstəyin daha da artmasına şərait yaradacaqdır. Reallıq budur ki, əgər vətəndaş gələcəkdə ictimai asayişin qorunmasında iştirak edəcəksə, bu həm də hansısa mənada onun özünün öz qayğısına qalması deməkdir. Yəni sakinlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığı ictimai asayişin daha etibarlı qorunması deməkdir. Məsələn, hər hansı yerdə bir hadisə baş versə, müvafiq orqanlar hadisə yerinə gələnə kimi polislə əməkdaşlıq edən vətəndaşlar onun yoluna qoyulması üçün müəyyən qabaqlayıcı tədbirlər görəcəklər.
Qaydalarda kimlərin ictimai asayişin qorunmasına cəlb olunacağı da aşkar göstərilir. Könüllülük prinsipi əsasında polisə yardım etmək missiyasını daha yetkin – 20-24 yaş arasında olan vətəndaşlarımız yerinə yetirəcəklər. Gələcəkdə polis orqanlarında işləmək istəyənlər bu imkandan istifadə edə bilərlər. Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb ediləcəklər. Təbii ki, gənc, enerjili, sağlam, intellektli gənclərə üstünlük veriləcək, bu göstəricilər əsas götürüləcəkdir. Bu proses xüsusi qaydalar əsasında həyata keçiriləcəkdir. Qaydalarda da göstərildiyi kimi, ən azı 2 il asayişin qorunmasında iştirak edən şəxslər polis orqanlarına işə qəbul ediləndə də daha yetkin, daha hazırlıqlı olacaqlar. Onların polisdəki fəaliyyəti daha məqsədəmüvafiqdir.
Onu da deyək ki, polislə əməkdaşlıq edəcək gənclər heç bir halda polisin fəaliyyətini əvəz etməyəcəklər. Burada məqsəd ölkədə sabitliyin, təhlükəsizliyin təmininin hər bir vətəndaşın marağında olmasını əyani şəkildə göstərməkdir. Konstitusiyanın 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Yəni polisin qarşısında duran vəzifələr cəmiyyətin hər bir üzvünün marağında olan məsələlərdir. Ali Məclisin Sədri cənab Vasif Talıbov dəfələrlə öz çıxışlarında iqtisadi qüdrətimizin, dinamik inkişafın əsasında dayanan mühüm faktorlardan biri kimi ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi göstərib. Həm Konstitusiyanın tələbindən, həm də dövlət başçısının həyata keçirdiyi siyasətin məntiqi nəticəsindən doğan bir məsələdir ki, Vətənini sevən, ölkəsinin daha da qüdrətlənməsini, çiçəklənməsini istəyən hər bir şəxs ictimai asayişin qorunmasına vətəndaşlıq borcu kimi yanaşsın.
Dünyanın istənilən ölkəsində cəmiyyətin, vətəndaşların köməyi, könüllü iştirakı olmadan dövlət qurumları, polis orqanları, asayiş keşikçiləri qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələ bilməzlər. Cəmiyyət amorf bir şey deyil, canlı orqanizmdir və istənilən uğur qazanmış, ictimai-siyasi sabitlik əldə olunmuş ölkələrə nəzər salsaq, görərik ki, adlar fərqli olsa da, hamısında bu cür layihələr reallaşdırılıb. İngiltərədə, Fransada, Avropa Birliyinin bir sıra ölkələrində, Türkiyədə belə layihələr həyata keçirilib və həmin layihələr indi də öz müsbət təsirini göstərməkdədir. Muxtar respublikamızda da bu prosesə cəlb olunmuş şəxslərin hansı hüquqlar çərçivəsində fəaliyyət göstərəcəkləri Qaydada aydın şəkildə əksini tapıb. Bunların hamısı ölçülüb-biçilmiş, cəmiyyətin həyatı, ölkəmizdə sabitliyin qorunması, cinayətkarlıqla uğurlu mübarizə üçün vacib olan addımlardır. Bu addımlar sayəsində cəmiyyətdə ictimai asayişin qorunmasında vətəndaşların rolu artır, cinayətlərin üstünün açılması halları çoxalır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında həyata keçiriləcək ki, bu da peşəkar, təcrübəli, eyni zamanda vəzifə məsuliyyəti daşıyan səlahiyyətli polis işçilərinin proseslərə birbaşa nəzarət etməsini təmin edəcəkdir.
Qaydaya görə, polis orqanları ilə əməkdaşlıq edən vətəndaşlar ictimai asayişin qorunmasında hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək, insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq və digər məsələlərlə əlaqədar dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək səlahiyyətinə malikdirlər.
Müsbət məqam həm də ondan ibarətdir ki, yeni Qayda polislə əməkdaşlıq edəcək vətəndaşların qarşısında konkret tələblər qoyub və bu tələblərdən kənara çıxmaq qadağandır. Vətəndaşların ictimai asayişin qorunmasında iştirakı digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi polis orqanları ilə əməkdaşlıq edən şəxsləri həvəsləndirmək üçün mükafatlandıra bilər. Onlar xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər. Bu, onların fəaliyyətinə stimul verəcəkdir.
Polis orqanları ilə əməkdaşlıq edən şəxslər xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin ediləcəklər. Geyim formasının, döş nişanının və vəsiqənin təsviri və nümunələri Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilir. Həmin şəxslər ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.
Biz mütərəqqi dünyanın təcrübəsindən istifadə etməklə, öz reallıqlarımızı da nəzərə almaqla daha təkmil bir institut yaradırıq. Ali Məclis Sədrinin fərmanının icrası polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə, vətəndaşların polisə dəstəyinin maksimum dərəcədə artırılmasına xidmət edəcəkdir. Belə addımlar həm də ölkə rəhbərinin “Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır” tələbinin rəhbər tutularaq sosial funksiyaları daha effektli yerinə yetirməyə, zamanın tələbinə və dünya təcrübəsinə uyğun müasir iş metodlarının tətbiqinə imkan verəcək.
Heç vaxt unutmamalıyıq ki, sabitlik böyük qurbanlar və zəhmət bahasına başa gəlib. Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşməsi yaxın tariximizin reallığıdır. Həmin dövrdə Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi də həqiqətdir.
Bu gün muxtar respublikada mövcud olan daxili sabitlik, əmin-amanlıq qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilib, ictimai etimad qazanıb. Asayiş keşikçiləri bu gün də üzərlərinə düşən vəzifələri inamla yerinə yetirir, vətəndaşların rahat və firavan yaşayışının təminatı üçün bütün zəruri profilaktik tədbirləri həyata keçirirlər. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” nümunəvi gənclərin bu prosesdə iştirakına şərait yaradacaqdır.
Rauf Əliyev