2016-cı il martın 15-də “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti həmin Qanunun tətbiqi barədə 2016-cı il aprelin 20-də Fərman imzalamış və Qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən etmişdir. Bu Qanun qəbul edilənədək Azərbaycan Respublikasında lisenziya və icazələrlə bağlı münasibətləri tənzimləyən vahid qanun olmamış, bu sahədə tənzimlənmə ayrı-ayrı normativ hüquqi aktlarla həyata keçirilmişdir.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
Həmin Qanunun 6.2-ci maddəsinə əsasən isə Naxçıvan Muxtar Respublikasının ərazisində lisenziya və icazə verən icra hakimiyyəti orqanlarını Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi müəyyən edir.
Naxçıvan Muxtar Respublikasında lisenziya tələb edən fəaliyyət növləri Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Fərmanının 4-cü hissəsinə əsasən müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin tapşırığı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2016-cı il 11 yanvar tarixli Qərarla “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti оrqanlarının siyahısı”nı təsdiq etmişdir. Həmin qərara əsasən muxtar respublikada lisenziya verilən fəaliyyət növlərinin siyahısı aşağıdakı kimi müəyyənləşdirilmişdir: