24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində “Azərbaycanılara qarşı həyata keçirilən soyqırımı siyasəti” adlı elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açmışdır.
Akademik ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, repressiya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi barədə ətraflı məlumat vermişdir.
Qeyd edilmişdir ki, uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.

Akademik İsmayıl Hacıyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırılması istiqamətində bölmə əməkdaşlarının da üzərinə böyük vəzifələr düşdüyünü vurğulamışdır. O demişdir ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları bu mövzuda tədqiqatlarını genişləndirməli, monoqrafiyalar, kitablar nəşr etdirməli, sənədli materiallar hazırlamalı, eyni zamanda internet vasitəsilə təbliğat aparmalıdırlar.
Konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımların mahiyyəti”, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Böyük geosiyasətin məngənəsində”, aqrar elmlər doktoru Varis Quliyev “Soyqırımı milli faciəmizdir”, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev “Mart soyqırımının pərdəarxası tərəfləri”, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev “XIX-XX əsrlərdə yer adlarımıza qarşı aparılmış soyqırımı” mövzularında məruzələr etmişlər.
Sonra erməni vəhşiliklərini əks etdirən “31 Mart –Azərbaycanlıların Soyqırımı” adlı video­slayd nümayiş etdirilmişdir.

*  *  *

Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımıza qarşı soyqırımı törədib, havadarlarının dəstəyi ilə daim əzəli torpaqlarımızı işğal etməyə çalışıblar.
Bu fikirləri Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfransda çıxış edən ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Konfransda əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi konfransda çıxış edən Saleh Məhərrəmov deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub.
Elmi konfransda universitetin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayevin “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür”, Ümumi tarix kafedrasının müəllimi, doktorant Arzu Abdullayevin “31 mart – tarixin qanlı və kədərli səhifəsi” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin mart ayında baş verib. Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi xarabalığa çevrilib. Həmin dövrdə Azərbaycan ərazisində 700 minədək azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız öldürülüb, məscidlər, məktəb binaları yandırılıb, dağıdılıb.
Qeyd olunub ki, bu gün Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində uğurlu siyasət həyata keçirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR