Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada bu qurumun fəaliyyəti üçün yaradılmış şəraitdən istifadə edərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2012-ci ildə də davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2011-ci il tarixli sessiyasında “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizm funksiyalarının, həmçinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə tapşırılmış, bununla da, bu qurumun fəaliyyət sahəsi daha da genişlənmişdir.
Qanuna edilən dəyişikliklər Müvəkkilin məsuliyyətini daha da artırmış, təsisatın fəaliyyətinin təkmilləşdirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təşkilinə xidmət etmişdir.
Müvəkkilin 2012-ci il üçün məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, preventiv mexanizm funksiyasının icrası, əhalinin müxtəlif kateqoriyaları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
2012-ci ildə həyata keçirilmiş tədbirlər aşağıdakılardan ibarət olmuşdur: