22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada bu qurumun fəaliyyəti üçün yaradılmış şəraitdən istifadə edərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2012-ci ildə də davam etdirmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2011-ci il tarixli sessiyasında “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizm funksiyalarının, həmçinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə tapşırılmış, bununla da, bu qurumun fəaliyyət sahəsi daha da genişlənmişdir.
Qanuna edilən dəyişikliklər Müvəkkilin məsuliyyətini daha da artırmış, təsisatın fəaliyyətinin təkmilləşdirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təşkilinə xidmət etmişdir.
Müvəkkilin 2012-ci il üçün məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, preventiv mexanizm funksiyasının icrası, əhalinin müxtəlif kateqoriyaları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
2012-ci ildə həyata keçirilmiş tədbirlər aşağıdakılardan ibarət olmuşdur:

1. Daxil olan müraciətlərin araşdırılması
2012-ci ildə Müvəkkil aparatına 61 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 30-nu şikayətlər, 31-ni isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq, şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutların olmaması səbəbindən 4 şikayətə baxılmasından imtina edilmişdir.
27 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 7-si təmin edilmişdir.
19 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünü­idarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqi məsləhətlər verilmişdir.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər cavablandırılmışdır.
2. Hüquqi maarifləndirmə sahəsində görülmüş tədbirlər 
2012-ci ildə də Müvəkkil insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə sahəsində fəaliyyətini uşaq, əlil, qadın, hərbi qulluqçular və məhkumlara ünvanlanan, insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən müvafiq tədbirlərin keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər üzrə iş muxtar respublikada ardıcıl davam etdirilmişdir.
Milli Fəaliyyət Proqramının icrasında Müvəkkil və aid dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə muxtar respublikanın müvafiq dövlət qurumları, məhkəmə və hüquq-mühafizə orqanları, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə müvafiq konfrans keçirilmiş və Milli Fəaliyyət Proqramı tədbir iştirakçılarına təqdim edilmişdir.
İnsan hüquqları sahəsində əlamətdar günlər – “18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü”, “10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü” də muxtar respublikanın aidiyyəti dövlət qurumlarının iştirakı ilə qeyd edilmiş və müvafiq konfranslar keçirilmişdir.
Bununla yanaşı, muxtar respublikanın tam orta, ali və orta ixtisas təhsili müəssisələrində Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müddəalarının daha dərindən öyrənilməsinin təmin edilməsi, bu sahədə istedadlı gənc­lərin aşkarlanması, onların hüquqi biliklərə marağının daha da artırılması, hüquqi dövlət quruculuğu prosesinə daha yaxından cəlb edilməsi və həvəsləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə “12 noyabr – Konstitusiya Günü”nə həsr edilmiş “Mənim hüquq və vəzifələrim” adlı hüquq olimpiadası keçirilmişdir.
Muxtar respublikanın tam orta məktəblərindən 500 şagird, ali və orta ixtisas təhsili müəssisələrindən isə 120 tələbənin iştirak etdiyi hüquq olimpiadasının nəticələri “12 noyabr – Konstitusiya Günü”nə həsr edilmiş tədbirdə açıqlanmış və qaliblər mükafatlandırılmışdır.
Ümumilikdə, 2012-ci il ərzində Müvəkkil təsisatı tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 54 tədbir keçirilmiş, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın mətni, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanunu yeni redaksiyada, həmçinin “İnformasiya əldə etmək haqqında” Qanununa dair yaddaş kitabçasının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi təmin edilmişdir.
3. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi 2012-ci ildə də ardıcıl davam etdirilmişdir.
Naxçıvan Qarnizonu ilə birgə hazırlanmış tədbirlər planına müvafiq olaraq, muxtar respublika ərazisindəki birləşmə, hərbi hissələrdə insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə, o cümlədən vətənpərvərlik, zabit və əsgərlərin davranış qaydaları, nizamnamədən kənar münasibətlər mövzularında maarifləndirici və tədris tədbirləri keçirilmiş, insan hüquqlarına dair hüquqi vəsaitlər təqdim edilmişdir.
Bununla yanaşı, hərbi qulluqçular və onların ailə üzvlərinin Müvəkkilə ünvanlanan müraciətlərinin müvafiq qaydada araşdırılması da davam etdirilmişdir.
4. Məhkumların hüquqlarının müdafiəsi
2012-ci ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi ardıcıl davam etdirilmiş, Müvəkkil və aparatın əməkdaşları müntəzəm olaraq Ədliyyə Nazirliyi tabeliyində olan cəzaçəkmə müəssisələrində olmuş, məhkumların hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmişdir.
Bununla yanaşı, Ədliyyə Nazirliyi ilə birgə hazırlanmış tədbirlər planına əsasən, il ərzində maarifləndirici tədbirlərin mütəmadi həyata keçirilməsi davam etdirilmiş, müəssisənin kitabxanalarına müvafiq hüquqi vəsaitlər təqdim edilmişdir.
Həmçinin məhkumların ailə və digər problemləri ilə bağlı Müvəkkilə ünvanlanan müraciətlərinə baxılaraq aidiyyəti təşkilatlarla birgə köməklik göstərilmişdir.
2012-ci ildə məhkəmənin qərarı ilə 7 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2 məhkumun cəzası daha yüngül cəza növü ilə əvəz edilmişdir.
5. Preventiv mexanizm funksiyasının icrası
Preventiv mexanizm funksiyasının icrası ilə əlaqədar Müvəkkil bu sahədə fəaliyyətini müvafiq başçəkmələrin və maarifləndirici tədbirlərin həyata keçirilməsi, həmçinin maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində qurmuşdur.
Preventiv mexanizm qismində başçəkmələr həyata keçirilməzdən əvvəl muxtar respublikada Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələr müəyyən edilərək siyahısı tərtib olunmuşdur.
Siyahıya saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi ənənəvi müəssisələrlə yanaşı, digər yerlər – internat məktəbi, psixiatriya müəssisəsi, ahıllar evi də daxil edilmişdir. Tərtib olunmuş siyahı üzrə başçəkmələr planı hazırlanmış, plan üzrə və ya plandankənar başçəkmələr həyata keçirilmişdir. Plandankənar başçəkmələr əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi, daxil olmuş müraciətin araşdırılması, habelə Müvəkkilin şəxsi təşəbbüsü ilə əlaqədar olmuşdur.
2012-ci il ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid 25 müəssisədə plan üzrə 39, plandankənar 5 müəssisə olmaqla, cəmi 44 başçəkmə həyata keçirilmişdir.
Bu və ya digər müəssisədə aparılan başçəkmə zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, tibbi xidmətin vəziyyəti, qida rasionu, qidanın keyfiyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla fərdi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir.
Qeyd edilməlidir ki, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi və qanunla müəyyən edilmiş digər hüquqlarının təmin edilməsi üçün müasir standartlara uyğun şərait yaradılmışdır.
6. Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin təşkili
Ötən il ərzində də Müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaradılması diqqət mərkəzində saxlanılmış, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkə­lərin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə görüşlər keçirilmişdir.
Müvəkkil və aparatın əməkdaşları 2012-ci ildə ATƏT-in Bakı Ofisinin rəhbəri və digər nümayəndələri, o cümlədən Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüşlər keçirmiş, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlər, Müvəkkil təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, o cümlədən bu sahədə hüquqi maarifləndirmə tədbirlərinin təşkili və keçirilməsi, təcrübə mübadiləsi və bu sahədə maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
7. İnformasiya və ictimaiyyətlə əlaqələrin təşkili
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar Müvəkkil bu sahədə fəaliyyətini informasiya sahibi olan dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının müəyyən edilməsi və mövcud qanunvericiliyin tələblərinə uyğun maarifləndirici tədbirlərin həyata keçirilməsi, habelə maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində qurmuşdur.
Bununla əlaqədar olaraq, muxtar respublikada informasiya sahibi olan dövlət qurumları müəyyən edilmiş, onların mətbuat xidmətlərinə dair məlumatlar toplanmış və Müvəkkil aparatında yaradılmış ümumi məlumat bankına daxil edilmişdir.
İnformasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsində informasiya sahibləri, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın düzgün qurulması və fəaliyyətimizin əlaqələndirilməsinin zəruriliyi nəzərə alınaraq, muxtar respublikanın dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin, ictimai birliklərin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “İnformasiya əldə etmək azad­lığı”na həsr olunmuş tədbir keçiril­miş və tədbir iştirakçılarına “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmış yaddaş kitabçası təqdim edilmişdir.
2012-ci ildə təsisatımızın insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası, o cümlədən maarifləndirici tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlərin təhlili göstərir ki, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi təkmilləşdirilməlidir.
Muxtar respublikamızda yaradılan şəraitdən istifadə edərək Müvəkkil bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR