22 Dekabr 2024, Bazar

Naxçıvan Azərbaycan dövlətçi­liyinin inkişaf edərək möhkəmləndiyi müqəddəs bir torpaqdır. Bu ulu diyar Vətənimizə neçə-neçə dahilər bəxş etmişdir. Bu dahilərin fövqündə dayanan isə böyük öndər Heydər Əliyevdir. Adı müasir tariximizə qızıl hərflərlə yazılmış, ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət Heydər Əliyevi cahanı nura qərq edən, qaranlıqları aydınladan Günəşlə müqayisə edə bilərik. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixində əməlləri, ideyaları ilə hər zaman zirvədə qərar tutacaq dahi rəhbərdir. Ulu öndərin dərin zəkası, müdrik dünyagörüşü daim Günəş kimi parlayacaq, dövlətimizin inkişaf yoluna nur saçacaqdır.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, görərik ki, bu dahi şəxsiyyət xalqının rifahı üçün, gələcək azadlığı üçün misilsiz xidmətlər göstərmişdir. Böyük öndər inanırdı ki, Azərbaycan nə vaxtsa öz suverenliyinə, müstəqilliyinə qovuşacaqdır. Bunun üçün ölkəmizə rəhbərliyinin birinci dövründə gələcək müstəqilliyimizin təməlini yaradırdı. Adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin bərpası və yaşadılması, milli şüurun formalaşdırılması ilə hələ Sovet hakimiyyəti illərində milli azadlıq ideyalarının formalaşdırılmasına başlanılmışdır. Ulu öndər bununla xalqımızı uzun illər həsrətində olduğu azadlıq arzusunun çin olacağına inandırmışdı. Ana dilinin ötən əsrin 70-ci illərinin sonlarından etibarən dövlət dili səviyyəsinə qaldırılması, tariximizin yenidən, əhatəli və obyektiv şəkildə araşdırılması, milli mənafeyimizi təbliğ edən ziyalılarımızın, onu tərənnüm edən şair və yazıçılarımızın sovet ideologiyasının hücumlarından dövlət səviyyəsində qorunması o zamankı gəncliyi müstəqilliyə, azadlığa ruhlandırmışdı. Məhz həmin gəncliyin ötən əsrin 90-cı illərinin əvvəllərində orta nəsil nümayəndələri kimi azadlıq arzusu çin oldu. Xalqımız öz müstəqilliyinə qovuşdu. Lakin azadlıq əldə etmiş xalqımızın müstəqil dövləti ciddi təhlükələrlə üz-üzə idi. Bu təhlükəni 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan xalqımızın böyük oğlu Heydər Əliyev öz uzaqgörənliyi və dönməz iradəsi ilə dəf etdi. Buna görə ulu öndərin adı tariximizə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. İstər Azərbaycana rəhbərliyinin birinci dövrü, istərsə də müstəqillik illərində onun rəhbərliyi altında ölkəmiz daim tərəqqi etmiş, beynəlxalq aləmdə tanınmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev üçün ən böyük ağrı Vətən ağrısı idi. Bu sözləri yazarkən 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yada düşür. Azərbaycanın üzərinə qoşun yeridiləndə, günahsız soydaşlarımız qətlə yetiriləndə ulu öndər Heydər Əliyev bu ağır cinayətə dərhal öz etirazını bildirdi. Özü də bu etiraz cinayətin törədilməsi əmri verilən mərkəzdən – Moskvadan bildirilmişdi. O, təqiblərə, özünə və ailəsinə qarşı yönəldilmiş təhlükələrə məhəl qoymadan Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin insanlığa sığmayan bu əməlinə qəti etirazını bildirdi.
Ümummilli liderimiz Heydər Əliyevin böyüklüyü, ilk növbədə, mənsub olduğu xalqa, onun adət-ənənələrinə bağlılığında, Vətənini canından artıq sevməsində idi. Dahi şəxsiyyətin Vətəni üçün etdiyi misilsiz xidmətlərinin təməlində ana Vətənə, doğma Azərbaycana olan dərin məhəbbəti dayanırdı. Ümummilli liderin özünün dediyi kimi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü, iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Bir gənc kimi mənim qəlbimdə özünə əbədi yer tutan ulu öndər Heydər Əliyev haqqında yazmaq xoş gələcəkli Azərbaycandan yazmaq deməkdir. Dahi rəhbər deyirdi: “Anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib”.
Hər dərs ilinin başlanğıcında biz məktəblilər and içirik ki, müstəqil Azərbaycanımızın qurucusu və memarı Heydər Əliyev kimi Vətənimizi və xalqımızı sevəcək, Vətənə və ulu öndərin yoluna sadiq övladlar olacağıq.

 

Təvəkkül HÜSEYNOV
Sədərək rayon Sədərək kənd
2 nömrəli tam orta məktəbin X sinif şagirdi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR