Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanası ilə birlikdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirmişdir.
Ali təhsil ocağının akt zalında keçirilən konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açmışdır.
Konfransda Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının baş həkimi Səidə Hüseynovanın “Zərifə Əliyevanın elmi fəaliyyəti”, tibb üzrə fəlsəfə doktoru, do- sent Adil Məmmədovun “Zərifə Əliyevanın həyatı və həkimlik fəaliyyəti”, institutun Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Tamara Baxşəliyevanın “Zərifə Əliyeva və Azərbaycan oftalmologiyası” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.