22 Dekabr 2024, Bazar

Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Onun oftalmologiyanın aktual problemlərinə həsr edilmiş sanballı və çoxprofilli tədqiqatları nəinki respublikamızda, eyni zamanda dünya səhiyyə sistemində alimə şöhrət qazandırmışdır.
1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirən Zərifə Əliyeva Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almış və elmi-tədqiqatla məşğul olmuşdur.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsində” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 1968-ci ildən başlayaraq Zərifə xanım məqsədyönlü şəkildə professional oftalmologiya məsələləri, o cümlədən görmə orqanının patologiyası ilə ciddi məşğul olmağa başlamış, sözün əsl mənasında, bu sahənin ilk pioneri olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur.

Zərifə xanım oftalmologiyada peşə xəstəlikləri üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri müayinədən keçirmişdir. Bununla yanaşı, bir sıra sənaye müəssisələrində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmiş, laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə fundamental tədqiqatlar həsr edən alim “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişik­likləri”, “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji təbiəti” kimi onlarla elmi məqalələr və monoqrafiyalar da çap etdirmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri görkəmli həkimin doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Dissertasiya çox yüksək qiymətləndirilmiş və 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Elə həmin il Zərifə xanımın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşmüşdür. Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması barədə Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüs plenumda bəyənilmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparılmışdır.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd edək ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasına müdir seçildikdən sonra isə onun fəaliyyəti daha da genişlənmişdir. Alimin görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işlərinin tətbiqi bir sıra xəstəliklərin diferensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. 1983-cü ildə gərgin elmi-təşkilati fəaliyyətinə və oftalmologiyanın inkişafında xüsusi xidmətlərinə görə Zərifə xanım Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Görkəmli akademik gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını da öyrənmiş, bir sıra elmi işlərində görmə orqanı zədələndikdə mövcud olan cərrahiyyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün faydalı tövsiyələr işləyib hazır­lamışdır. Bu tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş görmə orqanının müalicəsini xeyli yüngülləşdirmişdir. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. O, nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazır­lamışdır. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.
Zərifə Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir. Görkəmli alimi həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmiş, bu mövzuda yazdığı “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edən Zərifə xanımın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Böyük xidmətlərinə, çoxillik səmərəli elmi-tədqiqat işlərinə görə Zərifə xanım keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyətinin İdarə Heyətinin “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü seçilmiş, bir sıra orden və medallarla təltif olunmuş, Azərbaycanın əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.

Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə Əliyevaya həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Onun parlaq xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 7 fevral tarixli Sərəncamında deyildiyi kimi: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.

Tariyel TALIBOV
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR