22 Dekabr 2024, Bazar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bioqrafiyası haqqında xeyli kitablar yazılıb və gələcəkdə də yazılacaqdır. Araşdırıcıların söykəndikləri müxtəlif qaynaqlar onun çıxışları, müsahibələri, mədəniyyət və incəsənət xadimlərilə apardığı söhbətlərdir, desək, heç də səhv etmərik. Biz bu mənbələrə dahi şəxsiyyətə məxsus fotoşəkilləri də əlavə edə bilərik. Onunla bağlı hər bir fotoşəkil tariximizin bir səhifəsidir. Hətta bu fotoşəkillərin çoxu yüksək professional səviyyədə xalçalar üzərində də öz təsvirini tapmışdır.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində tarixi bir fotoşəkil muzeyə gələn hər bir ziyarətçinin xüsusi marağına səbəb olur.
Çəkilmə tarixi 1930-cu ilə təsadüf edən bu ailəvi fotoşəkildə Əlirza Əliyevlə həyat yoldaşı İzzət xanım və onların övladları (iki nəfərdən savayı) əks olunmuşdur. Mətbuatda və nəşr olunmuş bəzi kitablarda bu fotoşəkil haqqında yazılsa da, şəkildə ayaq üstdə dayanan iki gənc qız haqqında məlumatlara rast gəlinmir. Ona görə də bu tarixi fotoşəkillə bağlı bir daha araşdırmalar aparmağı məqsədəuyğun hesab etdik və axtarış nəticələrini oxucularımızla bölüşmək qərarına gəldik.

Tanınmış Azərbaycan yazıçısı, publisisti, ictimai xadim Elmira Axundova “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik roman-tədqiqat kitabında (Bakı, 2007) yazır: “(Heydər Əliyevin qardaşı Aqil Əliyevin xatirələrindən) ... Evimizin arxasında isə Kiçikxanım adlı qadın qızı Xurşidlə yaşayırdı. Onlarla da çox mehriban münasibətdə idik. O vaxtlar, ümumiyyətlə, qonşular çox sıx, yaxın münasibətdə yaşayırdılar, bir-birinə həyan olur, xeyir-şərinə yarayır, etibar edirdilər”. 
Yuxarıda qeyd etdiyimiz tarixi fotoşəkildəkilər (soldan:) Surə xanım, Heydər Əliyev, Əlirza Əliyev və qucağında Aqil Əliyev, İzzət xanım və qucağında Cəlal Əliyev, Hüseyn Əliyevdir.
Soldan arxa tərəfdəki qonşuları Xurşid xanım, o biri isə İzzət xanımın qardaşı qızı Məsmədir.
Axundova Xurşid Məşədi Paşa qızı 1917-ci ildə Naxçıvan şəhərində anadan olub. Anası Əzizə xanım Mirəbdülhüseyn qızı Şeyxovanı ailədə Kiçikxanım çağırırmışlar. Xurşid xanımın övladlarının dediklərinə görə, Əzizə xanımın Miryəhya adında qardaşı incəsənət adamı imiş. Naxçıvan şəhərində teatr tamaşalarında yaxından iştirak edərmiş. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş və orada yaşamışdır. Məşədi Paşa Şeyx­ovun atası Şuşadan köçüb Naxçıvana gəlmiş və Mirzə Heydərin bacısı ilə evlənmiş, şəhərin varlı tacirlərindən biri olmuşdur.
Onun qızı dünyaya gələndə yaxın qohumu Xurşidbanu Natəvanın şərəfinə qızına Xurşid adını qoymuşdur. Xurşid xanım Naxçıvan Qızlar Məktəbində Nazlı xanım Tahirovanın sevimli tələbələrindən olub. 1932-ci ildə Xurşid xanım Naxçıvan Peda­qoji Texnikumuna qəbul olunub. 1933-cü ildə ordubadlı Rəcəbəli Axundov ilə ailə həyatı qurduğundan bir müddət Ordubadda yaşayıb və orada müəllimlik edib.
Məşədi Paşa Şeyxov 1935-ci ildə vəfat etdiyindən Xurşid xanım yenidən Naxçıvana, tək qalan anası Əzizə xanımın yanına köçür. 1941-ci ildə Xurşid xanımın həyat yoldaşı Rəcəbəli Axundov müharibəyə getmiş və onun ailəsinin çətin günləri başlamışdır. Sovet hökuməti Əzizə xanımgilin bütün əmlaklarını müsadirə etmişdi. Belə bir çətinlik içərisində qalan Xurşid xanıma İzzət xanım maddi köməklik edir. Bu haqda Şəfiqə Əliyeva “Mənim anam” kitabında ətraflı yazıb: “Həyətimizin arxasında Xurşid xanım adlı bir qadın yaşayırdı. Əri cəbhəyə getdiyi üçün beş uşağın əzab-əziyyətini çəkmək məsuliyyəti onun üstünə düşmüşdü. Anam ona əl tutardı. İsti yay gecələrindən biri idi. Saat üç olardı. Xurşid xanımın uşaqlarının ağlaşma səsi bizi yuxudan oyatdı. Anam dözmədi. Gedib astadan Xurşid xanımı çağırdı ki, ay qonşu, bu uşaqlar niyə ağlayır? Xurşid xanım məhzun-məhzun “Neynim, ay İzzət bacı”, – dedi – “acdırlar, yata bilmirlər”. Anam əlini ürəyi üstünə qoymuşdu. Üzünə hopan iztirab ay işığında aydın sezilirdi. Tələsik addımlarla evə keçib xeyli lavaş və pendir götürdü. Uşaqların anasına verib geri döndü. Mən onun taxtın kənarında əyləşib başını əlləri arasına aldığına, fikirləşdiyinə tamaşa etdim. Artıq Xurşid xanımın həyətindən səs gəlmirdi. Anamın isə yuxusu ərşə çəkilmişdi. O, sübhə qədər yatmadı. Çünki mən gözlərimi açanda onu beləcə fikir-xəyal ümmanında gördüm. Həmin gündən etibarən anamın bir qayğısı da artmışdı”.
İzzət xanım Bakıya köçəndən sonra da qonşuları ilə münasibətlərini saxlayırdı. Tez-tez Naxçıvandakı ata ocaqlarına baş çəkməyə gələn Əliyevlər Xurşid xanımla da görüşürdülər.
Xurşid xanım ömrünün sonuna kimi 1930-cu ildə çəkilən həmin tarixi fotonu müqəddəs yadigar kimi qoruyub saxlayırdı. Sözügedən şəkildə 13 yaşlı Xurşid xanım Əliyevlər ailəsinin üzvləri arasındadır.
Xurşid xanım 1996-cı il noyabr ayının 26-da əbədiyyətə qovuşub.
Heydər Əliyev Muzeyində hər gün onlarla ziyarətçinin böyük maraqla baxdığı bu fotoşəkil orijinallığı ilə diqqəti cəlb edir. Çünki bu foto xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının bir anını əbədi tarixə çevirmişdir.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR