Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanası ilə birlikdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirmişdir.
Ali təhsil ocağının akt zalında keçirilən konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açmışdır.
Konfransda Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının baş həkimi Səidə Hüseynovanın “Zərifə Əliyevanın elmi fəaliyyəti”, tibb üzrə fəlsəfə doktoru, do- sent Adil Məmmədovun “Zərifə Əliyevanın həyatı və həkimlik fəaliyyəti”, institutun Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Tamara Baxşəliyevanın “Zərifə Əliyeva və Azərbaycan oftalmologiyası” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Bildirilmişdir ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
Konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır ki, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Alim dünyada ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.
Vurğulanmışdır ki, Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə müalicə” edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Konfransa Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli yekun vurmuşdur.
Xəbərlər şöbəsi