22 Dekabr 2024, Bazar

Dünən AMEA Naxçıvan Bölməsində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasındakı xidmətlərindən danışıb. Qeyd edilib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilib.

Sonra ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif aspektləri haqqında elmi çıxışlar olub. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin Naxçıvan dövrü və bölgənin erməni təcavüzündən qorunması”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov “Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin xilası”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “Heydər Əliyev və Azərbaycanın balanslaşdırılmış xarici siyasəti”, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Heydər Əliyev və ərazi bütövlüyünün qorunması və milli hərbçi kadrların hazırlanması”, kiçik elmi işçi Elnur Kəlbizadə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzularında məruzə ediblər.
Məruzələrdə bildirilib ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşdirilməsinə nail olunub, dünya azərbaycanlılarının malik olduqları potensialın ümummilli problemlərin həllinə yönəldilməsi təmin edilib. Elə bu səbəbdəndir ki, Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın böyük oğlu Heydər Əliyev bütün dünya azərbaycanlılarının ümummilli lideri, onun qurduğu Azərbaycan isə bütün dünya azərbaycanlılarının müqəddəs qibləgahıdır.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR