22 Dekabr 2024, Bazar

1962-ci il martın 15-də Amerika Birləşmiş Ştatlarında “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edilmişdir. Hazırda bütün dünyada “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat”ın qəbul olunduğu gün – martın 15-i Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.

Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması, iş görülməsində və xidmət göstərilməsində istehlakçı və istehsalçı arasında münasibətlərin eyni cür tənzimlənməsi öz əksini tapmış, istehlakçı hüquqlarının müdafiəsinin hüquqi əsasları müəyyənləşdirilmiş, istehsalçı və istehlakçı münasibətləri dünya təcrübəsinə uyğunlaşdırılmışdır. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Haqsız rəqabət haqqında”, “Standartlaşdırma haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi də istehlakçıların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son illər Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır. “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” yeni istehsal və xidmət sahələrinin qurulmasına zəmin yaratmışdır. Hazırda muxtar respublikada 450-yə yaxın yeni sənaye müəssisəsinin fəaliyyət göstərməsi nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edən aqrar-sənaye regionuna çevrilmişdir. Bu gün muxtar respublikada 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunur, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu da daxili bazarın qorunması, xaricə valyuta axınının qarşısının alınması, idxaldan asılılığın aradan qaldırılması və istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.
Ötən il mart ayının 5-də sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri daxili bazarın qorunması, yerli xammalla işləyən müəssisələrin qurulmasına üstünlük verilməsi, istehsal olunan məhsulların xarici bazarlarda satışının təşkili, muxtar respublikanın ixrac potensialının artırılması, əhalinin sağlam və keyfiyyətli məhsullarla təmin olunması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi barədə aidiyyəti orqanlara konkret tapşırıqlar vermişdir. Bütün bunlar nəticə etibarilə istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin edilməsinə şərait yaradan vacib amillərdəndir. Ona görə ki, yerli istehsalın təşkili bir tərəfdən xaricə valyuta axınının qarşısını alaraq idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən məhsulun istehlakçılara daha münasib qiymətlərlə çatdırılmasına imkan yaradır, mənşəyi məlum olmayan, ekoloji cəhətdən təmiz hesab edilməyən məhsulların bazarlara yol açmasının qarşısını alır. Bu da muxtar respublikada daxili bazarın, eyni zamanda istehlakçıların hüquqlarının qorunması deməkdir.
Muxtar respublikada əhaliyə zərər vura biləcək məhsulların, işlərin və xidmətlərin qarşısının alınması, istehlak bazarının keyfiyyətsiz mallardan qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci ildə aidiyyəti dövlət orqanları tərəfindən bu məqsədlə ticarət, xidmət, iaşə və istehsal müəssisələrində monitorinqlər aparılmışdır. Aparılan monitorinqlər zamanı ümumi dəyəri 37 min 112 manat təşkil edən yararsız məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılmışdır. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal və idxal olunan məhsulların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin yoxlanması təşkil edir. Bu məqsədlə 4393 halda idxal və yerli istehsal mallarından nümunələr götürülərək keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında analiz olunmuş, nəticədə, 15 halda məhsulun keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi müəyyənləşdirilmişdir.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının qarşısının alınmasıdır. Ötən il daxili bazarda süni qiymət artımına səbəb ola biləcək halların qarşısının alınması məqsədilə yerli istehsal və idxal mənşəli əsas istehlak mallarının topdan və pərakəndə satış qiymətləri nəzarətdə saxlanılmış, məhsulların qiymətlərində müşahidə olunan artım səbəbləri araşdırılaraq əvvəlki səviyyədə saxlanılmasına nail olunmuşdur. Mövsümi qiymət artımının qarşısının alınmasında, əhalinin fasiləsiz olaraq keyfiyyətli kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarların və istixana komplekslərinin də rolu böyükdür. Bu məqsədlə muxtar respublikada ümumi tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə verilmiş, ümumi sahəsi 42 min kvadratmetrdən artıq olan 10 istixana kompleksi yaradılmışdır. İstixana komplekslərində zəruri tərəvəz məhsullarının yetişdirilməsi bir tərəfdən əhalini keyfiyyətli məhsullarla təmin edirsə, digər tərəfdən bu məhsulların münasib qiymətlərlə satışına şərait yaradır. 2012-ci ildə muxtar respublikada payız-qış mövsümünə hazır­lıqla bağlı görülən tədbirlər çərçivəsində kənd təsərrüfatı istehsalçılarının tələbatdan artıq istehsal etdikləri 3200 tondan çox məhsul anbarlara tədarük olunmuşdur.
Muxtar respublikada əhalinin kənd təsərrüfatı və sənaye məhsullarına olan tələbatının daha dolğun ödənilməsi istiqamətində ardıcıl tədbirlər görülür, Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və emal sənayesi məhsullarının satışı yarmarkaları təşkil olunur. Ötən il kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında istehlakçılara 493 tondan artıq kənd təsərrüfatı və sənaye məhsullarının bazar qiymətlərindən 15-20 faiz ucuz qiymətlərlə satışı həyata keçirilmişdir.
Bu gün muxtar respublikada istehlakçıların hüquqları etibarlı şəkildə qorunur. Ancaq istehlakçıların hüquqlarının qorunması yalnız dövlətin işi deyil. Bu, daha çox ümumxalq işidir. Bizim hər birimiz istehlakçı kimi öz hüquqlarımızı yaxşı bilməli, bu işə öz töhfəmizi verməliyik.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR