Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçilən açıq dərsdə Babək rayonunun Məmmədrzadizə və Qaraqala kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Açıq dərsdə Məmmədrzadizə kənd tam orta məktəbinin tarix müəllimi Zakir Orucov ulu öndərimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.
Zakir Orucov deyib ki, mədəniyyət tarixi sahəsində aparılmış tədqiqatlar və qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri və özünəməxsusluğu ilə seçilməkdədir. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan xalqı əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib.
Qeyd edilib ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin yaşadılmasına çalışıb. Eyni zamanda ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərlər, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Dahi rəhbər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərkən demişdir: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Sonra şagirdlər ulu öndərin həyat yolunu əks etdirən eksponatlarla tanış olublar.
Xatırladaq ki, keçilən açıq dərslərdə bu günə qədər Babək rayonunun Nehrəm, Kərimbəyli, Hacıvar, Babək qəsəbə, Şəkərabad, Sirab, Qahab kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
Xəbərlər şöbəsi