22 Dekabr 2024, Bazar

Tariximizin qanla yazılmış səhifəsi

XIX əsrdən başlayaraq ermənilər Qafqazda işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən istifadə etmiş, XX əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
Tarixi mənbələr sübut edir ki, əslində, bu plan XVII əsrdən başlanmışdı. XVII əsrin axırlarında ermənilər əvvəlcə Avstriya imperatoruna, 1701-ci ilin iyun ayında isə I Pyotra özlərinin köməkliyi ilə Osmanlı imperiyasını və Səfəvilər dövlətini dağıdaraq, yerində xristian erməni dövlətinin qurulması ilə bağlı müraciət etmişlər. I Pyotr erməni tacirlərini, kilsə nümayəndələrini dinlədikdən sonra söz verir ki, Xəzər dənizi sahilində Azərbaycan torpağını işğal edib yerində erməni dövləti yaradacaq. Beləliklə, 1724-cü ildə I Pyotr ermənilərin Rusiya ərazilərinə köçürülməsinə dair fərman imzalayır. Məhz bundan sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə başlanılır.
1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi kütləvi xarakter almış, 1828-1896-cı illərdə İrandan və Türkiyədən 1 milyon 200 min erməni köçürülərək Azərbaycanın qərb bölgələrində, eləcə də Qarabağ və Gəncə quberniyasında yerləşdirilmişdir. Onlar həmin ərazilərdə özlərinə yer etdikdən sonra azərbaycanlıları sıxışdırıb çıxarmış, qarətlər, talanlar etmiş, yerli sakinləri amansızlıqla öldürmüşlər. Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldıqdan sonra isə rus çarı I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edən İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində “erməni vilayəti”nin yaradılmasını elan etmiş, vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edilmişdir.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkar­ları XX əsrin əvvəllərində, 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar törətmişlər. Ermənilər tərəfindən Bakıdan başlanan vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kənd­lərini əhatə etmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu dövrdə Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törədilmiş, minlərlə soydaşımız yurdlarından didərgin salınmış, Gəncə və Qazaxda 200-dən artıq yaşayış məntəqəsi dağıdılmışdır. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında isə 75 Azərbaycan kəndi tamamilə viran qoyulmuş, 3431 ailə didərgin salınmış, 1683 azərbaycanlı ailəsi erməni təcavüzünə məruz qalmışdır. Görkəmli yazıçı Məmməd Səid Ordubadi “Qanlı illər” və Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitablarında azərbaycanlılara qarşı aparılan soyqırımı barədə ətraflı bəhs etmişlər. Həmin kitablar bəhs olunan dövrün mətbu nəşrləri, şahidlərin ifadələri və məktubları əsasında hazırlanmışdır. O dövrdə Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox kənd dağıdılmışdır. 1905-ci ilin may ayından başlayaraq Naxçıvan qəzasında da ermənilərin azərbaycanlılara qarşı qətlləri başlanmışdır. Bu hadisələrdən bəhs edən “Hnçaq” qəzeti özünün 26 may tarixli sayında yazırdı: “Dünən axşam saat 6-dək biz azərbaycanlılarla atışdıq. Bizə bunun üçün əlavə olaraq 166 müxtəlif tüfəng paylanıldı, böyük sayda patronlar verildi, türkləri layiqincə qırdıq. Hnçaqlar 2, daşnaklar isə 1 bombadan istifadə etdilər. Çoxlu türk evləri qarət edildi”.
Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa yaşayış məntəqələrini əhatə etmişdir. Ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və başqa tikililər məhv edilmiş, noyabrın 30-da Cəhri kəndi yandırılmışdır. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra, dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayətləri ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdı.
Azərbaycanlıların 1918-ci il mart soyqırımı bəşər tarixində ən qanlı və misligörünməmiş faciələrdən biri, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamıdır. Sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirən erməni daşnakları 1918-ci il mart ayının 30-31-i və aprelin 1-də bolşevik Rusiyasının hərbi yardımı ilə Azərbaycanın müxtəlif bölgələrində dəhşətli soyqırımı aktı həyata keçirmişlər. Üç gün ərzində Bakı Kommunası, xüsusilə onun rəhbəri S.Şaumyan tərəfindən müdafiə edilən və istiqamətləndirilən ermənilər Bakı şəhərində 15 mindən artıq azərbaycanlını qətlə yetirmişlər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Soyqırımı həyata keçirilərkən milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr də dağıdılmış, yaşayış məntəqələri xarabalığa çevrilmişdir.
1918-ci ilin mart, aprel və may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Göyçayda, Salyanda və Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən çox soydaşımızı qətlə yetirmişlər. Qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda və Naxçıvanda daha amansız şəkildə törədilmişdir. 1918-1920-ci illərdə ermənilər Qarabağda 157, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Şamaxıda 58, Qubada 122, Göyçədə 22, Dərələyəzdə 74, Vedibasarda 118 kəndi viran etmiş, əhaliyə qanlı divan tutmuşlar. O illərdə Azərbaycanda ermənilər tərəfindən yarım milyondan artıq insanın həyatına son qoyulmuşdur.
Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzib­olunmaz faktlarla təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törətmişlər. Naxçıvan ərazisi hərbi anda xəyanət etdiyinə görə türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qalmışdır. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar edir, əhaliyə divan tutur, qadınları, uşaqları, qocaları belə öldürür, heç kimə rəhm etmirdilər.
1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranik Gilançay və Əlincəçay vadisində çoxlu kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşdür.
Nehrəm kəndinə və Naxçıvan şəhərinə uğursuz hücumdan sonra ermənilər Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə “Sirab dərəsi” adlanan yerdə qanlı qətllər törətmiş, ətraf kəndlərdən qaçıb buraya toplaşmış əhalini qılıncdan keçirmişlər. Həmin vaxt ermənilər yaxın ərazilərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki üç məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırmışlar. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağıdılmış, on minlərlə insanın həyatına son qoyulmuşdur. Həmin vaxt Naxçıvan bölgəsində 130 minə qədər əhali yaşayırdı. Andranikin vəhşilikləri zamanı və sonrakı iki il ərzində onlardan 73 min 727 nəfəri qəddarcasına qətlə yetirilmişdir. Bu günahsız insanların böyük bir hissəsi azyaşlı uşaqlar, qadınlar və qocalar olmuşdur. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişlər. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdiyi şücaəti belə xarakterizə etmişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar”.
1918-1920-ci illərdə “türksüz Ermənistan” şüarı həyata keçirilməyə başlanmış, həmin dövrdə Qərbi Azərbaycanda yaşayan 575 min azərbaycanlının 565 mini qətlə yetirilmiş və ya dədə-baba yurdundan qovulmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra qovulanların yalnız 60 mini doğma yurda qayıtmışdı. Lakin Ermənistanda azərbaycanlı əhaliyə təzyiq göstərilməsi və müxtəlif gizli üsullarla sıxışdırılması prosesi daim davam etdirilmişdir. Hətta bəzən ermənilər havadarları vasitəsilə “partiya qərarları”nın qəbuluna nail olmuş, mənfur əməllərini açıq-aşkar şəkildə həyata keçirmişlər. Məsələn, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən, 1948-1953-cü illərdə İrəvan və onun ətraf rayonlarından 150 minə qədər soydaşımız deportasiya olunmuş, 235 kəndin əhalisi zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüş, alışmadıqları iqlim şəraitində yaşamağa məcbur edilmişdir. Bu isə onların kütləvi surətdə yoluxucu xəstəliklərə tutulmasına və bir qisminin həlakına səbəb olmuşdur.
Ümumilikdə, XX əsrdə ermənilər tərəfindən aparılan soyqırımı və deportasiya siyasəti nəticəsində Ermənistan türksüz bir əraziyə çevrilmiş, azərbaycanlılar ata-baba torpaqlarından qovularaq didərgin salınmışlar. XX əsrin sonlarında iri dövlətlər tərəfindən himayə edilən Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Xocalı soyqırımını törətmiş, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.
Sovet hakimiyyəti illərində ermənilərin törətdikləri soyqırımlar xalqa zorla unutdurulmuş, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulmuş, faciənin əsl mahiyyəti təhrif olunmuş, xalqımızın tarixi saxtalaşdırılmışdır. Bu hadisələrin əsl mahiyyəti ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılmış, ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilmiş və ona siyasi qiymət verilmişdir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənəd heç zaman öz aktuallığını itirməyəcəkdir. Həmin fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi yad edilir.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1918-ci ildə törədilən azərbaycanlıların soyqırımının təşkilatçıları olan ermənilər tarix qarşısında cavab verməlidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR