22 Dekabr 2024, Bazar

Görkəmli alim və ictimai xadim, akademik Zərifə Əliyevanın adı və elmi-ictimai fəaliyyəti zəriflik və işıqla bağlıdır. Bu böyük elm xadiminin keçdiyi ömür yolu, yaşadığı şərəfli həyat, mənalı həkimlik fəaliyyəti, yazdığı qiymətli əsərlər yüksək insanlıq meyarlarına və müqəddəs həkimlik andına parlaq və ibrətamiz bir örnəkdir.
Zərifə xanım 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmiş, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlarda olaraq həkim-oftalmoloqlara məruzələr oxumuş, əhali arasında maarifləndirici söhbətlər aparmışdır. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə də tədqiqatlar aparmışdır. Onun qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı apardığı tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə əsaslı köməklik göstərmişdir.

Zərifə Əliyevanın Azərbaycan tibb elmində xüsusi əhəmiyyət kəsb edən qohumların nikahının tibbi, bioloji-fizioloji çətinliklərinə dair nəzəriyyəsi yüzlərlə yeni qurulmuş ailənin taleyində mühüm rol oynamışdır. Aparılan geniş maarifləndirmə tədbirləri, inandırıcı tövsiyələr və konkret faktlar respublikada qohumluq əsasında qurulmuş ailələrin sayının azalmasına, bu yolla genetik xarakterli irsi xəstəliklərin əsasən aradan qaldırılmasına səbəb olmuş, sonsuzluq xəstəliklərinin məhdudlaşmasında da bu nəzəriyyənin bö­yük əhəmiyyəti olmuşdur.
Akademik Zərifə xanım Əliyeva­nın həyatı və fəaliyyəti Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan diyarı ilə sıx şəkildə bağlıdır. Onun mənsub olduğu ailə taleyin hökmü ilə XX əsrin əvvəllərində Naxçıvana pənah gətirmiş və Şahtaxtı kəndində məskunlaşmışdır. Zərifə Əliyevanın uşaqlıq illəri bu kənddə keçmişdir. Buna görə də qədim Şahtaxtı kəndi akademik Zərifə Əliyevanın taleyində mühüm yer tutmuşdur. Hazır­da Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbi görkəmli elm xadimi Zərifə xanımın adını daşıyır və bu böyük insanın tərcümeyi-halının Naxçıvanla, Şahtaxtı kəndi ilə bağlılığını əbədiləşdirir.
Zərifə xanım Əliyevanın tərcümeyi-halına görkəmli dövlət xadimi, böyük siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və­falı ömür-gün yoldaşı kimi də Naxçıvan səhifələri yazılmışdır. O, XX əsrin 60-70-ci illərində Naxçıvanda olmuş, Naxçıvandan olan həkimlərlə görüşmüş, onlarla həmişə sıx əlaqə saxlamışdır. Müasirləri onun Naxçıvandan olan tanışlarına, peşə yoldaşlarına çox isti münasibət bəslə­di­yini, onlara diqqətlə yanaşdığını, həmişə qayğı göstərdiyini ehtiramla xatırlayırlar.
Adlı-sanlı həkim kimi də Zərifə xanımın həyat və fəaliyyətinin Naxçıvan səhiyyəsi ilə əlaqədar qiymətli səhifələri çoxdur. Belə ki, O, Azərbaycan Elmlər Akademiyası Oftalmologiya İnstitutunun ordinatoru kimi Naxçıvanda keçirilən səyyar seminarda iştirak etmək üçün Bakıdan göndəril­miş nümayəndə heyətinin tərkibində muxtar respublikada olmuşdur. Onun elmi seminardakı yüksək nəzəri səviyyəyə malik çıxışı və irəli sürdüyü təkliflər traxoma xəstəliklərinə qarşı mübarizə apar­maq üçün böyük əhəmiyyət kəsb etmişdir. Naxçıvan oftalmoloqları Zərifə xa­nım Əliyevanın əsaslandırılmış təkliflərindən istifadə edərək, onun ideyası ilə yaranmış iridodiaqnostika vasitəsilə göz xəstə­liklərinin düzgün və ope­rativ müalicə edilməsinə nail ola bilmişlər.
Zərifə xanım müxtəlif vaxtlarda muxtar respublikanın, demək olar ki, əksər rayonlarında xəstələri müayinə etmiş, qiymətli məsləhətlər vermiş, müalicəyə ehtiyacı olan insanlara köməklik göstərmişdir. Xüsusən, alimin sənaye sahəsində çalışanların göz xəstəliklərinə qarşı mübarizə üsulları Naxçıvan Muxtar Respublikasında geniş tətbiq olunmuş və böyük fayda vermişdir. Akademikin sənayedə göz xəstəlikləri və onların müalicə üsullarına dair sanballı elmi əsərləri XX əsr təbabət elmində böyük əks-səda doğurmuş, onun bu sahədəki ideyaları geniş miqyasda tətbiq edilmiş, O, göz xəstəliklərinə dair mükəmməl bir alim-həkim kimi qəbul olunmuşdur.
Azərbaycanda yeni nəsil oftalmoloqlar üçün akademik Zərifə Əliyeva­nın qiymətli elmi əsərləri mötəbər mənbələrdir. Görkəmli alim Azərbaycan oftalmologiya elmində öz məktəbini yaratmışdır. Onun oftalmologiya məktəbi bu gün də yaşayır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllimləri, tələbələri, rezidentləri akademik Zərifə Əliyevanın mühüm əhəmiyyətə malik olan elmi irsindən, ideyalarından, təklif və tətbiq etdiyi müalicə üsullarından bu gün də faydalanırlar. Tibb elminin yeni nəsli təbabətdə görkəmli akademikin yolu ilə gedərək səhiyyənin xalqın ehtiyaclarına həsr olunması, səhiyyə maarifinin genişləndirilməsinin zəruriliyi, yeniləşmə və müasirləşmə proseslərinin dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirirlər.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində akademik Zərifə Əliyevanın ideyalarından və elmi irsindən geniş istifadə olunur. Hazır­da universitetin Tibb fakültəsində müalicə işi, pediatriya, tibbi profilaktika, stomatologiya və əczaçılıq ixtisasları üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, burada mükəmməl maddi-texniki bazanın qurulması, qonşu ölkələrin ali məktəblərinin tibb fakültələri ilə geniş əla­qələrin yaradılması göstərilən dövlət qayğısı ilə yanaşı, həm də akademik Zərifə Əliyevanın arzularının, ideyalarının yeni tarixi epoxada həyata keçirilməsidir. Hər il Naxçıvan Dövlət Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr olunmuş elmi-praktik konfranslar keçirilir, məruzələr dinlənilir, müzakirələr aparılır. Bütün bunlar isə Zərifə xanımın keçdiyi şərəfli həyat yolunun və onun zəngin elmi irsinin öyrənilməsinə meydan açır.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. Azərbaycan tibb elminin yeni nəsil həkimləri alimin elmi irsindən və təcrübələrindən yararlanaraq daha böyük nailiyyətlərə doğru inamla addımlayırlar. O, özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Təsadüfi deyil ki, Moskva oftalmoloji məktəbi Zərifə xanımı “oftalmologiyanın mirvarisi” adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov vaxtilə deyirdi ki: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada O, bir nömrəli idi”.
Görkəmli elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm... Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və O, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və O da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya şöhrətli akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyi haqqında sərəncamı görkəmli alimin irsinin və ideyalarının daha dərindən öyrənilməsinə, yeni nəsil həkimlərin onun nümunəsində tərbiyə olunmasına geniş imkan yaradır.

Adil MİRİŞLİ
Naxçıvan Dövlət Universiteti Pediatriya kafedrasının müdiri,
tibb üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR