22 Dekabr 2024, Bazar

Son illərə qədər həyatı və siyasi fəaliyyəti haqqında məlumatların çox məhdud və ziddiyyətli şəkildə yer aldığı tariximizdə Behbud ağa Şahtaxtinskinin həqiqi yeri 2011-ci il fevral ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı Sərəncamdan sonra müəyyənləşdi. Və yaxud fəaliyyəti və tarixi taleyimizdə oynadığı rolu ilə özünün özünə müəyyənləşdirdiyi yer bizə də məlum oldu.

Onun haqqında yazılan yazıları, elmi məqalələri və kitabları oxuduqca bir neçə məqam diqqətimi çəkdi. Bu məqamlardan ən birincisi isə 1881-ci ildə Şərur rayonunun (indiki Kəngərli) Şahtaxtı kəndində bəy-ağa ailəsində anadan olmuş Behbud Şahtaxtinskinin əhalinin aşağı təbəqələri, xüsusilə fəhlə və kəndlilər arasında yüksək nüfuzunun olmasıdır. Tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə, 1859-cu ildə çar hökumətinin apardığı kameral siyahıya əsasən, Şahtaxtinskilər haqqında komissiyanın belə bir qərarı vardır: “1859-cu ildə aparılan siyahıyaalmaya görə, onlar bəy kimi qeyd olunmuşlar. Komissiyanın üzvləri hamısı bir səslə hələ onların ulu babalarının da zadəgan olduğunu təsdiqləmişlər. Şahtaxtinskilərin Qazaxlar tayfasına mənsubluğunu və ulu babalarının Ağacir ağanın varisləri olduqlarını qeyd etmişlər. Bu nəsildən indiyədək heç kim bəylik hüququndan məhrum edilməmişdir”. Bəlkə də, ona irsən olaraq damarlarında axan qanla keçən vətənpərvərlik, öz xalqının hər bir nümayəndəsinə qarşı olan böyük sevgisi imkan vermişdi ki, Behbud ağa siniflər arasında antaqonizmin təbliğinin aradan qaldırılması adı altında yuxarı siniflərin məhv edildiyi cəmiyyətdə yüksək nüfuzunu qoruyub saxlasın.

Kəngərlilər-Şahtaxtılılara məxsus ziyalılıq, liderlik qabiliyyəti isə Behbud ağa Şahtaxtinskinin artıq 24 yaşında Bakıda kontor qulluqçuları ittifaqının yaradıcılarından birinə çevrilməsinə, 36 yaşında Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti Fövqəladə Komissiyasının üzvü, “Hümmət” təşkilatı Mərkəzi Komitəsinin sədri olmasına imkan vermişdi. 
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı vəzifəsini yerinə yetirən Behbud ağa Şahtaxtinski eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi olmuşdu. Akademik İsmayıl Hacıyev Behbud ağa Şahtaxtinskinin diplomatik fəaliyyətindən bəhs edərkən qeyd edir ki, onun heç bir diplomatik təhsili, heç orta və ali təhsili də olma­mışdır. Lakin onun fitri istedadı və həyatda qazandıqları hər cür təhsil səviyyəsindən yüksəkdə dayanırdı.
Behbud ağa Şahtaxtinskinin müxtəlif sahələrdəki çoxşaxəli fəaliyyətinə diqqət yetirəndə, həqiqətən də, şahidi olursan ki, onun diplomat kimi formalaşmasında üç amil – irs, mühit və zərurət, başqa sözlə desək, elə həyatın özü mühüm rol oynamışdı. Axı müəllimlərin və kitabların öyrədə bilmədiklərini həyat özü öyrədir. Uğurlu diplomatın sahib olmalı olduğu uzaqgörənlik, analitik təhlil aparmaq və mübarizlik keyfiyyətləri ona irsən mənsub olduğu şanlı Şahtaxtinskilər nəslindən keçmişdi. Mühit amili ona siyasi prosesləri dərindən öyrənməsini və baş verən proseslərin milli məqsədlər istiqamətinə yönəldilməsini öyrətmişdi. Əslində, uğurlu dövlət xadiminin, siyasətçinin və diplomatın problemləri imkana çevirmək bacarığını biz həm onun 1920-ci ilin iyul-sentyabr aylarında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar V.İ.Leninə yazdığı ətraflı məruzəsində, həm RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilənin imzalanması zamanı, həm də 1921-ci ilin Moskva və Qars danışıqlarında görürük.
Onun tariximizə diplomat kimi düşməsinin üçüncü amili isə, təbii ki, yaranmış zərurətlə bağlı olmuşdur. Belə ki, o zaman Türkiyə və Rusiya arasında aparılan danışıqlarda Naxçıvan məsələsinin Azərbaycan üçün taleyüklü məsələ olması, digər tərəfdən kifayət qədər savadlı və dünyagörüşlü, bolşevik ideyasını daşımaqla yanaşı, həm də vətənpərvər olan insanların azlığı Behbud ağa Şahtaxtinski şəxsiyyətinin diplomat kimi formalaşmasının zərurəti idi.
Bu gün artıq imzalanmasından 92 il ötən, Naxçıvanın tarixi taleyi üçün əhəmiyyətli rola malik beynəlxalq Moskva müqaviləsinin imzalanması zamanı Azərbaycanın, eyni zamanda Naxçıvan əhalisinin maraqlarının ən yüksək səviyyədə müdafiəsi, şəksiz ki, ilk növbədə, Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, tarixə 16 mart müqaviləsi kimi daxil olan RSFSR-Türkiyə müqaviləsinin ən əhəmiyyətli maddələri Batum və Naxçıvanla bağlı olan ikinci və üçüncü maddələr idi. Məhz Behbud ağa Şahtaxtinskinin gərgin səyləri nəticəsində müqavilənin üçüncü maddəsi və kiril əlifbasının ardıcıllığına uyğun olaraq, 1(V) əlavəsi Naxçıvan vilayətinin statusunu və təqribi sərhədlərini müəyyənləşdirirdi. Naxçıvan məsələsinin həllindəki roluna görə, Nəriman Nərimanov Moskva danışıqlarına ezam edilmiş Behbud ağa Şahtaxtinskiyə yazırdı: “Naxçıvana görə çox sağ ol! Görürsən, sən artıq işin içinə girmisən və işi düzgün aparırsan. Bu, məni sevindirir”. Azərbaycan SSR-in o zamankı xalq xarici işlər komissarı M.D.Hüseynov da Moskva müqaviləsinin əhəmiyyəti ilə bağlı digər dövlətlərin nümayəndələri ilə birlikdə B.Şahtaxtinskiyə də teleqram göndərmişdi.
Behbud ağa Şahtaxtinskinin bir diplomat kimi uzaqgörənliyinin digər bir nümunəsi Qars müqaviləsinin imzalanması zamanı üzə çıxmışdır. Doğrudur, bir çox tədqiqatçılar bu gün də 1921-ci il Qars danışıqları zamanı Türkiyə Cümhuriyyəti ilə Qafqaz respublikalarının ayrı-ayrılıqda müqavilə bağlamasına qarşı Behbud ağa Şahtaxtinskinin çıxış etməsini tənqid edirlər. Belə ki, 18 gün davam edən Qars danışıqları zamanı Türkiyə onunla Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələrin imzalanmasına dair mövqeyində təkid etsə də, vasitəçi rolunda Rusiya bununla razılaşmırdı.
O zaman danışıqlarda iştirak edən B.Şahtaxtinskinin Rusiya nümayəndəsinin mövqeyini müdafiə edərək türk nümayəndələrinin bu istəyinə qarşı çıxdığı qeyd olunur. Lakin, bəlkə də, Behbud ağa Şahtaxtinskinin o zaman atdığı və ilk baxışdan bir az yanlış görünən bu addım olmasaydı, bu gün 1921-ci ilin Qars müqaviləsi ikitərəfli müqavilədən o tərəfə keçməyəcək, beynəlxalq müqavilə statusunda olmayacaqdı. Məhz Behbud ağa Şahtaxtinskinin vahid müqavilənin bağlanmasının Cənubi Qafqaz respublikaları ilə yanaşı, Türkiyə üçün də qarşılıqlı surətdə faydalı olduğunu diplomatik ustalıqla əsaslandırması və Qars müqaviləsini bir tərəfdə Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR, digər tərəfdə isə Türkiyənin imzalaması Qars müqaviləsinin çoxtərəfli beynəlxalq müqavilə kimi müəyyənləşməsinə şərait yaratmışdı. XX əsrin əvvəllərində atılan bu uzaqgörən addımdan XX əsrin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın xeyrinə, Azərbaycanın xeyrinə böyük müdrikliklə bəhrələnmişdi.
Behbud ağa Şahtaxtinskinin həyatı ilə bağlı ən çox diqqətçəkən məqam isə bu görkəmli şəxsiyyətin ölümüdür. Onun ölümü ilə bağlı uzun illər ərzində özünə sui-qəsd etməsi fikri hakim olmuş və bir çoxları bunu şəxsi həyatındakı uğursuzluqlarla bağlamışlar. Behbud ağa Şahtaxtinski haqqında yazanlar da əksər hallarda “Şərqin sabahı” qəzetinin 31 may 1924-cü il tarixli nömrəsində Behbud ağa Şahtaxtinskinin ölümü ilə bağlı yazıya istinad etmişlər. Həmin yazıda ölüm hadisəsi haqqında yazılırdı: “Dünən gündüz saat 3-də Kərpic dalanda, ev № 25 ünvanında öz mənzilində B.Şahtaxtinski özünü odlu silahla vurmuşdur. Yol. Şahtaxtinski günorta evə gəldikdən sonra otağına girib qapısını bağlamış və saat 3-də qonşular 4 atəş səsi eşitmişlər. Onlar qapını açıb içəri girdikdə onu çarpayıda yarımçılpaq halda əlində naqan yıxılmış vəziyyətdə görmüşlər. Bütün yataq qana bulaşmışdı. Dörd güllə ilə başına atəş açılmasına baxmayaraq, o, hələ sağ olub. B.Şahtaxtinski dərhal mərkəzi xəstəxanaya çatdırılıb, bir müddətdən sonra keçinib”. Məlumatı diqqətlə analiz etdiyimiz zaman bir sıra uyğunsuz məqamların şahidi oluruq. Birinci halda, bir insanın fiziki cəhətdən özünə 4 dəfə atəş açması mümkün deyil. Bu fikri akademik İsa Həbibbəyli “Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və beynəlxalq Qars müqaviləsinin 90-cı ildönümünə həsr olunmuş konfrans”dakı çıxışı zamanı da səsləndirmişdir.
Digər tərəfdən, naqan silahı revolver silahdır. Bəhs olunan dövrdə avtomatik olaraq ardıcıl atəş açan silah mexanizmi yaradılmamışdı. Beləliklə, naqandan atəş açmaq üçün kifayət qədər qüvvə tələb edən tətiyin hər dəfə sıxılması lazımdır. Həmçinin top mexanizmli olan naqan gülləsi deşibkeçmə xüsusiyyətinə malik olduğu üçün heç bir halda mərminin müəyyən nöqtəyə qədər hərəkət edərək dayanması mümkün deyil. Əgər 4 dəfə (!!!!) beyinə atəş açılmışdısa, bu artıq maksimum iki atəşdən sonra beyinin müəyyən hissələrinin dağılmasına və insanın özünüidarəsini itirməsinə səbəb olmalı idi. Bu halda isə növbəti iki güllənin atılması və silahın əldə qalması mümkün deyildi. Beləliklə də, bütün hallarda Behbud ağa Şahtaxtinski kimi iradəli bir insanın özünə sui-qəsd etməsi məntiqsizdir. Bu məsələdə bütün yollar ona qarşı bolşeviklər tərəfindən məqbul bir mübarizə variantı kimi qəbul edilən və Naxçıvan arzuları gözlərində qalmış ermənilərin çox sevdiyi terrora gətirib çıxarır.

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR