22 Dekabr 2024, Bazar

Aprelin 10-da Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində muxtar respublika Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birgə iclas keçirib. İclasın keçirilməsində məqsəd mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədən irəli gələn vəzifələrin müzakirəsi olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq müzakirə olunan məsələ ilə bağlı məruzə edib. Bildirilib ki, nazirlik idman federasiyaları ilə birgə öz fəaliyyətini müşavirədən irəli gələn vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi istiqamətində qurub. Müşavirədən ötən müddət ərzində nazirlik muxtar respublikadakı idman federasiyaları və aidiyyəti təşkilatlarla birgə tədbirlər həyata keçirib, tədbirlər planı hazırlanıb. Yeni idman federasiyalarının yaradılması istiqamətində işlər görülüb. Verilmiş tapşırıqlara əsasən, muxtar respublikada “Araz” Naxçıvan Peşəkar Futbol Klubunun yaradılması üzrə işlər yekunlaşdırılır, federasiyaların internet saytlarının yaradılması davam etdirilir. Artıq lazım olan məlumatlar toplanılıb, saytların açılması və məlumatların yerləşdirilməsi yaxın vaxtlarda başa çatdırılacaq. Bundan başqa, Basketbol Federasiyasının fəaliyyətində dönüşə nail olunması, rayonlarda federasiyaların klublarının yaradılması və Uşaq-Gənclər İdman məktəblərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı da tədbirlər görülməsinə başlanılıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə muxtar respublikada idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının fəaliyyətinin səmərəli təşkili üçün bütün səylərin birləşdirilməsi, idman sahəsində istedadlı uşaqların üzə çıxarılması, beynəlxalq idman yarışlarının keçirilməsi, bir sıra federasiyaların işinin gücləndirilməsi, məhdud fiziki imkanlı uşaqların cəmiyyətə inteqrasiya olunmalarına köməklik göstərilməsi məqsədilə müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı işlərin sürətlə aparılmasına xüsusi diqqət yetirəcək. Tanınmış məşqçilərin müəyyən müddətdə muxtar respublikaya dəvət edilməsi, bütün federasiyalar üzrə yerli məşqçilərin təlimlərdə iştirak etmələri, lazım gələrsə, onların əlavə hazırlıq kurslarına göndərilməsi və milli komandaların təlim-məşq toplanışları keçmələri ilə bağlı tədbirlərin təşkil olunmasına da diqqət artırılacaq. 
Bildirilib ki, bu il idman məşqçiləri və hakimlərinin attestasiyasının keçirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin keyfiyyətinin artırılması, ölkə və beynəlxalq yarışlara xüsusi qabiliyyətli idmançıların göndərilməsi ilə bağlı işlərin icrası diqqətdə saxlanılacaq. Bu işdə federasiyaların üzərinə daha böyük vəzifələr düşür. Hər bir federasiyanın fəaliyyətini Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə sıx əlaqəli şəkildə qurması vacibdir, buna ciddi diqqət yetirilməlidir. Qarşıdakı dövrdə həyata keçirilməsi vacib olan tədbirlərdən biri də 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında muxtar respublika idmançılarının iştirakı üçün ciddi hazırlıq işlərinin görülməsidir.
Sonra muxtar respublikada fəaliyyət göstərən federasiyaların sədr müavinlərinin çıxışları olub, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.
İclasa Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR