22 Dekabr 2024, Bazar

Müstəqillik illərində də Azərbaycanda kənd təsərrüfatının inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

SSRİ iqtisadiyyatında 1980-ci illərin ortalarından başlayan neqativ meyillər Azərbaycanın kənd təsərrüfatında da uzunmüddətli tənəzzülün əmələ gəlməsinə səbəb olmuşdu. Sovet hakimiyyətinin süqutu nəticəsində respublikada istehsal infrastrukturu dağıdılmış, torpaqların münbitliyinin qorunub saxlanılması, xəstəlik və zərərvericilərə qarşı mübarizə, baytarlıq, seleksiya və heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi dayandırılmış, yeyinti sənaye məhsulları istehsalı ağır vəziyyətə düşmüşdü.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra digər keçmiş ittifaq respublikalarında olduğu kimi, Azərbaycanın da iqtisadiyyatında böhran yaranmağa başlamışdı. O vaxtlar kənd təsərrüfatında əsas təsərrüfat formaları olan kolxoz və sovxozlar artıq lazımi səviyyədə fəaliyyət göstərə bilmir və iqtisadi böhran getdikcə dərinləşirdi. Bununla yanaşı, istehsal vasitələri, maşın və avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlir, maliyyə gərginliyi ilə əlaqədar olaraq yenisini almaq praktik cəhətdən mümkün olmurdu.

Bazar münasibətlərinə keçidin müasir mərhələsində aqrar-sənaye kompleksinin qarşısında duran ən başlıca vəzifə kənd təsərrüfatı istehsalını sabitləşdirmək, əhalini ərzaq məhsulları, sənayeni isə xammalla etibarlı şəkildə təmin etməkdən ibarət idi. Bu problemlərin həllində aqrar islahatları həyata keçirməklə müxtəlif təsərrüfatçılıq formalarının inkişafı, aqrar bölmədə istehsal və iqtisadi potensialdan istifadənin yaxşılaşdırılması və iqtisadi səmərəliliyin yüksəldilməsi mühüm rol oynayırdı.
Bunun üçün respublikanın kənd təsərrüfatını böhran vəziyyətindən çıxarmaq məqsədilə mövcud olan böyük istehsal və iqtisadi potensialdan səmərəli istifadə edilməli, kənd təsərrüfatının spesifik xüsusiyyətlərini nəzərə almaqla iqtisadi mexanizm təkmilləşdirilməli idi. Göstərilənlərlə əlaqədar aqrar bölmənin bazar münasibətlərinə keçirilməsi əsas istiqamət götürülməklə köklü islahatların həyata keçirilməsi, müxtəlif təsərrüfat formalarının təşkili və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, çevik qiymət, vergi və kredit siyasəti yeridilməsi, əkinçilik və heyvandar­lığın dünya təcrübəsinin nailiyyətləri və elmi əsaslarla inkişaf etdirilməsi, idarəetmədə iqtisadi amillərə üstünlük verilməsi vacib idi.
Azərbaycanda aqrar islahatların hüquqi bazasının yaradılmasında, onun təşkili və həyata keçirilməsində ulu öndərimiz Heydər Əliyev misilsiz xidmətlər göstərmiş və əslində, o, bu mühüm dövlət, siyasi və iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı olmuşdur.
Hələ 1992-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda respublikada ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahata başlanılmış və yeni özəl təsərrüfat qurumları yaradılmışdı. Bu təcrübə sonralar 1993-cü ildə respublikada aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynamış və müxtəlif bölgələrdə kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə nəticələnmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 6 aprel 1992-ci il tarixli sessiyasında qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” tarixi qərarlardan başlayan islahatlar yolu kənd təsərrüfatının dinamik inkişafının bünövrəsini qoymuşdur.
1993-cü ildə Azərbaycanda yaranmış çox ağır ictimai, siyasi və iqtisadi şəraitdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyev, ilk növbədə, sabitliyin bərqərar olması üçün ciddi tədbirlər həyata keçirmişdir. Bununla yanaşı, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi və tapşırığı əsasında iqtisadiyyatda yaranmış böhrandan çıxış yolları axtarılır, xarici ölkələrin təcrübəsi öyrənilir, ölkəmizin xüsusiyyəti və xalqımızın mentaliteti nəzərə alınaraq, milli maraqların qorunması əsas götürülərək təhlillər aparılırdı. Bu təhlillər nəticəsində belə bir fikir formalaşmışdır ki, ölkə iqtisadiyyatını, o cümlədən aqrar bölməni bu çətin vəziyyətdən çıxarmaq üçün heç bir səmərə verməyən inzibati amirlik metodundan əl çəkmək və bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə keçmək lazımdır. Bunun üçün islahatlar həyata keçirilməli, dövlətin mülkiyyətində olan əmlakın bir hissəsi özəlləşdirilərək xüsusi mülkiyyətə verilməli idi ki, ölkədə sahibkarlıq inkişaf etsin. Bununla əlaqədar hələ 1994-cü ilin sentyabr ayında keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev demişdir: “Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm”.
Həmin dövrdə öz müstəqilliyinə yeni qovuşmuş Azərbaycanda iqtisadiyyatın bütün sahələrində, xüsusilə aqrar bölmədə çox acınacaqlı vəziyyət hökm sürürdü. Maddi təchizatın pozulması səbəbindən aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməməsi məhsuldarlığın aşağı düşməsinə və məhsul istehsalının azalmasına səbəb olmuşdu. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin maşınqayırma və kimya sənayesi bölməsinə, eyni zamanda emal sənayesinə öz mənfi təsirini göstərir, müəssisələr tam gücü ilə işləyə bilmirdi. Müəssisələr bağlanır, işsizlik artır və əhalinin ərzaqla təminatında yaranmış çətinliklər aclıq təhlükəsini getdikcə artırırdı. Belə bir vaxtda ulu öndər Heydər Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqaməti kimi iqtisadi islahatlara, ilk növbədə, aqrar bölmədən başlamağın zəruri olduğunu göstərərək onun hüquqi bazasının yaradılması haqqında göstərişlər vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunlar 1995-ci ildə, “Torpaq islahatı haqqında”, “Damazlıq işi haqqında” qanunlar isə 1996-cı ildə qəbul edilmişdir. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla, 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verilmişdir. Xüsusi mülkiyyətə, əsasən, ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verilmişdir ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərmişdir. Qəbul edilmiş qanun layihələri ilə yanaşı, aqrar sahə ilə bağlı “Lizinq xidməti haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Kredit ittifaqları haqqında” qanunlar da qəbul olunmuşdur. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Pro­qramı”, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”, “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığa kömək göstərilməsinə dair Dövlət Proqramı” da təsdiq edilmişdir. Bu qanun və proqramlar kənd təsərrüfatının inkişafının yeni əsaslarını qoymaqla, torpaq üzərində xüsusi mülkiyyətçiliyin mövcudluğunu bərpa etmiş, bu sahənin daha güclü inkişaf etməsinə təkan vermiş və nəticədə torpağa sahib olan fermer və digər mülkiyyətçilər yaranmışdır.
Aqrar islahatların aparılması və ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini vermiş, aqrar sahədə dönüş yaranmışdır. 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyulmuş və ildən-ilə artım əldə edilmişdir.
Ulu öndər Heydər Əliyev 22 mart 1999-cu il tarixdə “Aqrar sahədə islahatların sürətlənməsinə dair bəzi tədbirlər haqqında” Fərman imzalamışdır. Fərmana uyğun olaraq, Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etmişdir. Milli Məclisdə isə həmin qərara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi barədə qanun qəbul olunmuşdur.
Yeni mülkiyyət və istehsal münasibətlərinin yaradılması, torpağın və əmlakın özəlləşdirilməsi, təsərrüfatçılığın müxtəlif növlərinin inkişaf etməsi və digər məsələlər aqrar sahədə istehsal-iqtisadi əlaqələrin qurulmasına, həmçinin aqrar sahibkarlığın inkişafı üçün hüquqi və iqtisadi bazanın yaradılmasına əlverişli şərait yaratmışdır.
Ümummilli liderin ölkənin aqrar bölməsinə göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən daim nəzarətdədir. Ümumiyyətlə, aqrar sahəyə dövlət qayğısı cənab İlham Əliyevin prezidentliyi dövründə daha da genişlənmişdir. Prezident aqrar sahədə sahibkar­lığın inkişafını stimullaşdıran bir çox qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış etmiş, çoxsaylı fərmanlar imzalamış və Dövlət proqramlarını təsdiq etmişdir. Ölkəmizin imkanları artdıqca sahibkarlara, torpaq mülkiyyətçilərinə dövlətin dəstəyi daha da artırılmışdır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”, “Toxumçuluq və tingçilik təsərrüfatlarından satılan I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi haqqında”, “Azərbaycan Respublikasında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam və qərarların qəbulu, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair”, “Azərbaycan Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” dövlət pro­qramlarının təsdiqi torpaq mülkiyyətçilərinin dövlətin dəstəyinə inamını artırmışdır.
Muxtar respublikada uğurla həyata keçirilən aqrar islahatların nəticəsində özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşması prosesinin ilk mərhələsi 2000-ci ildə uğurla başa çatdırılmış, ləğv olunan kolxoz və sovxozların yerində yeni özəl qurumlar yaradılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası üzrə 205 kənddə olan 132 təsərrüfatda torpaq islahatları aparılmış, 70 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Orta hesabla hər ailəyə 0,80 hektar və ya hər bir nəfərə 2342 kvadratmetr torpaq payı düşmüşdür. Muxtar respublikada aparılan məqsədyönlü siyasət yaranmış potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaranmasına yönəlmişdir. İstehsalın səviyyəsinin artması idxal olunan məhsulları yerli məhsullarla əvəz etməyə, meyvə-tərəvəz, taxıl, şəkər çuğunduru, kartof və digər kənd təsərrüfatı məhsullarının istehsalını çoxaltmaqla ümumi ticarət balansını yaxşılaşdırmağa və kənd yerlərində məşğulluq səviyyəsini yüksəltməyə imkan yaratmışdır.
Muxtar respublikada kənd təsərrüfatını inkişaf etdirmək üçün 1995-ci ildən bəri əkin sahəsinin strukturunda dəyişikliklər edilir, əkin sahələri artırılır. Əkin sahələri 2000-ci ildə 1995-ci ilə nisbətən 30-35 faiz artmışdır.
Görülən tədbirlər nəticəsində kənd təsərrüfatında ümumi məhsul istehsalı artmağa başlamışdır.
Muxtar respublikada kənd təsərrüfatının ümumi məhsulunun strukturunda ciddi dəyişikliklər baş vermişdir. Aparılan islahatlar kənd təsərrüfatı istehsalı sahəsində mövcud potensialın səmərəli şəkildə reallaşdırılmasına imkan yaratmışdır. Hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun kənd təsərrüfatı strukturunun formalaşdırılmasına başlanmışdır. Bu, özünü sonrakı illərdə kənd təsərrüfatı məhsulları istehsalı strukturunda da göstərmişdir.
Muxtar respublika iqtisadiyyatının aqrar sahəsində bazar münasibətlərinin formalaşması və inkişafı kənd təsərrüfatı istehsalının yeni bölmə və ərazi infrastrukturunun yaranmasına, bölmələrarası əlaqələrin tama­milə fərqli forma və məzmunda meydana çıxmasına səbəb olmuşdur. Bu gün aqrar sahədə iqtisadi səmərəlilik və müqayisəli üstünlüklər, əsasən, istehsal vasitələri və əmtəəlik məhsullar bazarında rəqabət və tələblə təklifin tarazlığına əsasən, qiymətlər mexanizminin təsiri altında formalaşır. Bu reallıq aqrar sahənin istehsal sistemini resurslarla təmin edən və onun son məhsulunu istehlakçılara çatdıran infrastruktur sahələrin rolunun və əhəmiyyətinin güclənməsini şərtləndirməkdədir.
Aqrar islahatlarla əlaqədar kəndli ailələri iqtisadi resurslara, müstəsna səlahiyyətlərə, ictimai məhsulun hərəkətinin bütün mərhələlərində tam müstəqilliyə malik olmaqla, iqtisadi müstəqilliyə də artıq nail ola bilmişlər. İqtisadi müstəqilliyə isə yalnız sahibkarlıq fəaliyyəti mexanizminin müntəzəm dövlət tənzimlənməsi əsasında nail olmaq olar və bu zaman yüksək iqtisadi səmərə əldə etmək mümkündür.
Aqrar sahə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının aparıcı sahələrindən biridir. Bu gün muxtar respublikanın kənd təsərrüfatında istehsal olunan məhsulların müəyyən bir qismi digər ölkələrə ixrac olunur. Bu isə muxtar respublikamızda kənd təsərrüfatının sürətli inkişafından xəbər verir.

Hazırda təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni-yeni zirvələr fəth etməklə ölkəmiz inkişaf etmiş dövlətlər sırasında öz yerini qoruyub saxlayacaq və xalqımız daha firavan, daha işıqlı bir gələcəyə qovuşacaqdır.

Elnur BAĞIROV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR