Şərur rayonu Aralıq Kənd Sahə Xəstəxanasının təşkilatçılığı ilə Aralıq kənd tam orta məktəbində akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans və “Açıq qapı sağlamlıq günü” keçirilmişdir. Konfransı giriş sözü ilə açan xəstəxananın baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asəf Tağıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 fevral 2013-cü il tarixdə “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Konfransda Aralıq kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Züleyxa Rzayevanın və Şərur Rayon Mərkəzi Xəstəxanası Təcili tibbi yardım şöbəsinin müdiri Qurban Musayevin çıxışlarında akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyəti öz əksini tapmışdır.
Həmin gün keçirilən “Açıq qapı sağlamlıq günü”ndə Aralıq kənd tam orta və 7 illik uşaq musiqi məktəblərinin müəllim və şagird kollektivləri tibbi müayinədən keçmişlər. Şagird və müəllimlər məktəbdə təşkil olunmuş ultrasəslə müayinə, EKQ, terapiya və stomatoloji kabinələrdə təcrübəli həkimlər tərəfindən müayinə edilmiş, aşkara çıxarılan xəstələr müalicəyə cəlb olunmuşlar.
Xəbərlər şöbəsi