Aprel ayının 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Naxçıvan Muxtar Respublikası qadınlarının konfransı keçirilmişdir. Konfransı açıq elan edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, dünya qadınları arasında öz layiqli yerini tutan Azərbaycan qadını böyük inkişaf yolu keçmişdir. Azərbaycan qadınları yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınlarımızın rolunu daha da artırmışdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, qadınların orada iştirakı təmin olunmasın. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün muxtar respublikamızda qadınlarımız müxtəlif dövlət orqanlarında çalışırlar.
Bildirilmişdir ki, muxtar respublikada yaşayan qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, özəl sektorda geniş təmsil olunur, bütün dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərirlər. Bu gün qərar qəbuletmədə qadınlar xüsusilə fərqlənirlər. Belə ki, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində 375 qadın üstün səs toplamaqla muxtar respublikanın yerli özünüidarəetmə orqanlarında təmsil olunmuşlar ki, bunlardan 8-i bələdiyyə sədri, 2-si isə bələdiyyə sədrinin müavini vəzifəsində çalışırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 6-sı qadındır, onlarla qadın müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışır.
Muxtar respublikanın ictimai həyatında öz fəaliyyətləri ilə seçilən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinə, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülür, ömrünün yüzüncü baharını yaşayan ahıl qadınların və ictimai işlərdə fəal iştirak edən qadınların yubileyləri qeyd olunur. Bütün bu sadalananlar son 17 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızda yaşayan qadınlara göstərdiyi xüsusi qayğı və diqqətinin nəticəsidir.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, Heydər Əliyev adına tam orta məktəbin müəllimi Rahilə Seyidova, AMEA Naxçıvan Bölməsi Həmkarlar İttifaqının sədri, “Lider” Qadınlar İctimai Birliyinin sədri Gözəl Qəmbərova və Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Aytən İsmayılova çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda qadınlara göstərilən dövlət qayğısından danışmışlar.
Çıxışlardan sonra Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələr seçilmiş və qərar layihəsi oxunmuşdur.
Konfransda Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Təranə Quliyeva iştirak etmişdir.
Xəbərlər şöbəsi