22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı rayonun Yaycı kəndindəki Soyqırımı abidəsinin önündə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirmişdir. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, abidə ətrafında iməcilik keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov açaraq məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Azərbaycanlıların kütləvi surətdə qətlə yetirilməsi, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir.
1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.

Qeyd olunmuşdur ki, ermənilər, xüsusilə də Andranikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutmuşdur. İşğalçılara ciddi müqavimət göstərmiş Yaycı kəndinin əhalisinə divan tutulmuş, kənd viran qoyulmuşdur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılmış, qadınlara, uşaqlara və qocalara rəhm edilməmiş, sakinlərə insanlığa sığmayan işgəncələr verilmişdir. Bu vəhşətdən xilas olmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulmuşdur. Ümumiyyətlə, Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törətmişlər. 
“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı tarixi kitabda göstərilir ki, Culfaya çəkilən erməni qüvvələri sərhəddə yerləşən Naxçıvan qəzasının böyük kəndlərindən biri olan Yaycı kəndinə hücum etdilər. Heç bir şeydən xəbəri olmayan Yaycı kənd əhalisi Andranikin dəstəsi tərəfindən mühasirəyə alındı. Andranikin qaniçən dəstəsi Araz sahilində 4 minə yaxın qadın, uşaq və yaşlıya hücum edərək çoxunu qətlə yetirdi. Yaycı soyqırımından sonra bölgənin erməniləri Andranikin dəstəsi ilə bərabər müsəlman kəndlərinə hücumlarını davam etdirdilər. Yaycı qətliamı sovetlər dövrü tamamilə unutdurulmuşdu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu faciəyə hüquqi-siyasi qiymət verilmiş, 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.
Sonra məruzə ətrafında YAP Culfa Rayon Təşkilatının şura üzvü Fərəc Fərəcovun, partiya üzvlərindən Abbas Zülfüqarovun, Əli İbrahimovun və başqalarının çıxışları olmuşdur. Çıxışlarda vurğulanmışdır ki, 1918-ci il martın 30-da Bakıda gecədən başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən xeyli sayda qoca, qadın və uşaq öldürülmüşdür. Mart soyqırımı paytaxtda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilmişdir. Rəsmi mənbələrə görə, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmişdir.
Sonda Yaycı kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri azərbaycanlıların soyqırımına həsr edilən şeirləri bədii qiraət etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR