Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Milli teatrın əsl inkişaf və intibaha qovuşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Elmi-nəzəri konfransı Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq “Milli teatrın əsl inkişaf və intibaha qovuşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan mədəniyyətinin böyük himayədarı, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində milli mədəniyyətin, incəsənətin, xüsusilə teatr sənətinin inkişafına diqqət və qayğı göstərmişdir. Azərbaycan teatrının inkişaf və intibahı, teatrlarımızın yaradıcılıq imkanlarının genişlənməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1969-cu ilə qədər Azərbaycanda cəmi 12 teatr fəaliyyət göstərirdisə, təkcə ulu öndərin hakimiyyəti illərində ölkəmizdə 15 peşəkar teatr, 50-yə qədər xalq teatrı yaradılmışdır. Dahi rəhbərin hakimiyyəti illərində teatrların inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilmiş, sənət ocaqlarının maddi-texniki bazası gücləndirilmiş, görkəmli teatr xadimlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur. Məhz bu diqqət və qayğı teatrlarımızın gələcək inkişaf yolunu müəyyən etmişdir.
Qeyd olunmuşdur ki, 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi milli teatrın müasir inkişaf mərhələsini müəyyən etmişdir. Ölkə Prezidentinin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” və “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Milli Teatr Günü”nün təsis edilməsi haqqında”, “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” sərəncamları teatr sənətimizə göstərilən dövlət qayğısının bariz ifadəsi olmaqla yanaşı, Heydər Əliyev ideyalarının ölkəmizdə layiqincə həyata keçirilməsinin nəticəsidir. Bütün bunlar onu göstərir ki, milli teatrımız bu gün də Heydər Əliyev ideyalarından bəhrələnir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rejissoru və direktoru, Xalq artisti Kamran Quliyev “Ulu öndər Heydər Əliyev və Naxçıvan teatrı” mövzusunda çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvan teatrına qayğı və diqqətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, görkəmli dövlət xadimi Heydər Əliyev dəfələrlə Naxçıvan teatrında olmuş, teatrın fəaliyyətinə yüksək qiymət vermiş, daim onun problemləri ilə maraqlanmışdır.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Yasəmən Ramazanova “Naxçıvan Dövlət Kukla Teatrı müstəqillik illərində” mövzusundakı çıxışında müstəqillik illərində kukla teatrına göstərilən yüksək dövlət qayğısından söhbət açmışdır.
Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərimova “Naxçıvan Dövlət Uşaq Teatrının yeddi yaşı var” mövzusunda çıxış etmişdir. Vurğulanmışdır ki, Naxçıvan Dövlət Uşaq Teatrı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. Bu teatrın yaradılması ümummilli liderimizin ideyalarının, mədəniyyətin inkişafının uğurlu davamı kimi qiymətləndirilməlidir. Azərbaycanda fəaliyyət göstərən iki uşaq teatrından biri olan Naxçıvan Dövlət Uşaq Teatrının yeni bina ilə təmin olunması teatr sənətimizə qayğının ifadəsidir.
Xəbərlər şöbəsi