22 Dekabr 2024, Bazar

Heydər Əliyev Muzeyində ümummilli liderimizin 90 illik yubileyi münasibətilə keçilən açıq dərslər və ekskursiyalar davam edir.
Dünən Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Heydər Əliyev Muzeyində olub, açıq dərsdə iştirak ediblər.
Dərsdə məktəbin tarix müəllimi Vüsalə Aslanova ulu öndərimizin ictimai-siyasi fəaliyyəti haqqında danışıb. O bildirib ki, Azərbaycan iqtisadiyyatında transmilli şirkətlərin iştirakına ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə 1994-cü ilin 20 sentyabrında 8 ölkənin 11 şirkəti ilə birlikdə Xəzər dənizinin ölkəmizə aid hissəsində bir sıra karbohidrogen yataqlarının işlənməsini nəzərdə tutan tarixi sazişin – Əsrin müqaviləsinin imzalanması ilə start verilib. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına nail olunub.

Qeyd edilib ki, Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin edib. Dünyanın enerji təminatında da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanını əldə edib. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində, ilk növbədə, Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən qurulub, sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri tikilərək istismara verilib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. 
Vüsalə Aslanova deyib ki, ulu öndərimizin əsasını qoyduğu layihələrin uğurla reallaşması, hər bir sahəyə olduğu kimi, təhsilə də müsbət təsir göstərir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda yeni-yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Şagirdlər daha yaxşı şəraitdə təhsil alır, gələcəyə böyük ümidlə baxır, nailiyyətlər əldə edirlər. Bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrələridir.
Açıq dərsdən sonra məktəbin şagirdləri dahi rəhbərin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR