22 Dekabr 2024, Bazar

Dünən akademik Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin 90 illik yubileyi qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə alimin poliklinikanın foyesindəki büstü önünə tər gül dəstələri düzmüş, onun həyat və fəaliyyətini əks etdirən maraqlı fotoşəkillərə, kitab və qəzet materiallarına, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında söylədikləri fikirlərdən ibarət guşəyə baxmışlar.
Poliklinikanın iclas salonunda keçirilən yubiley tədbirini Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq akademik Zərifə xanım Əliyevanın xalqını, elini, yurdunu, Vətənini dərin məhəbbətlə sevən bir vətəndaş, böyük alim, əsl ziyalı, qayğıkeş ana kimi nəcib insani keyfiyyətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, böyük şəxsiyyətlər, həqiqi elm fədailəri yaşadıqları mühitin hüdudlarına sığmırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə ölkə­mizin hər yerində olduğu kimi, muxtar respublikamızda da görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi geniş qeyd olunur.

Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi Zərifə xanımın taleyində əbədiləşmişdir. Zərifə xanım Azərbaycan qadınlarının vüqar, iftixar və fərəh səmasında, eləcə də tibb elmimizin zirvəsində parlayan bir əbədiyyət Günəşidir.
Nazir vurğulamışdır ki, doğulub boya-başa çatdığı Şahtaxtı kəndindəki məktəblə yanaşı, Naxçıvan Şəhər Poliklinikası da onun adını daşıyır. Azərbaycan Respublikasının Prezidenti ötən il poliklinikanın yenidən qurulmuş binasının açılışında iştirak etmişdir.
Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın, gözlərinə nur verdiyi insanların yaddaşında sönməz odu və işığı ilə şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır.
Tədbirdə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Xuraman Hacızadə “Akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti”, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-oftalmoloqu Məhəmməd Vəliyev “Akademik Zərifə Əliyeva iyirminci əsrin ən parlaq ziyalı qadınlarındandır”, Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının baş həkimi Səidə Hüseynova “Akademik Zərifə xanım Əliyevanın oftalmologiya sahəsindəki fəaliyyətləri”, Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Araz İbrahimov “Akademik Zərifə xanım Əliyevanın pedaqoji fəaliyyəti” mövzularında çıxışlar etmişlər.
Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilmiş, Naxçıvan Qızlar Liseyinin şagirdlərinin ifasında görkəmli alimə həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR