22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli­liyini artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı”nın Naxçıvan Muxtar Respublikasında icra vəziyyəti ilə bağlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq məruzə edib. Məruzəçi bildirib ki, proqramın əhatə etdiyi vəzifələrin həcminə, həmçinin müəyyən edilən tədbirlərin əhatə dairəsinə görə onun icrasına daha çox dövlət qurumu cəlb edilib. Belə ki, bu sənədin icrasına 43 dövlət qurumu, o cümlədən yerli icra hakimiyyətləri cəlb olunub. Qeyd etmək lazımdır ki, ötən il ərzində proqramda nəzərdə tutulmuş tədbirlərin təsisatımız tərəfindən həyata keçirilməsi istiqamətində bir sıra işlər görülüb. 2012-ci il ərzində insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə sahəsində uşaq, əlil, qadın, hərbi qulluqçular və məhkumlara ünvanlanan insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən müvafiq tədbirlər keçirilib, maarifləndirici vəsaitlər hazır­lanıb. İnsan hüquqları sahəsində əlamətdar günlər muxtar respublikanın aidiyyəti qurumlarının iştirakı ilə qeyd edilib. Müvəkkilin beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələri davamlı inkişaf etdirilib, ötən il beynəlxalq təşkilatların Bakı ofisi, o cümlədən xarici ölkələrin səfirliklərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib. İnformasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə muxtar respublikada informasiya sahibi olan dövlət qurumları müəyyənləşdirilib, onların mətbuat xidmətlərinə dair məlumatları toplanılıb, müvəkkil aparatında yaradılan ümumi məlumat bankına daxil edilib. Ötən il “Milli Fəaliyyət Proqramı”nın muxtar respublikada təbliği və icra mexanizmləri” mövzusunda konfrans keçirilib. Konfransda pro­qramın ictimaiyyətə təqdim edilməsi, pro­qramdan irəli gələn vəzifələrin aid qurumlar tərəfindən öyrənilməsi və səlahiyyətləri çərçivəsində icrası, o cümlədən bu sahədə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Milli Fəaliyyət Proqramı”nın Naxçıvan Muxtar Respublikasında icrası ilə bağlı məruzə edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir. 
“Milli Fəaliyyət Proqramı”nda dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi, qiymətləndirilməsi mexanizmi və qarşıya qoyulan məqsədlərin müəyyən edilməsi nəzərdə tutulub. Proqramdan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrası ilə bağlı icraya məsul olan qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu proses 2012-ci ildə də uğurla davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Vüqar Quliyev məruzəsində “Milli Fəaliyyət Proqramı”nın icrasında məhkəmə orqanlarının rolu barədə tədbir iştirakçılarına məlumat verib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov məruzə edərək qeyd edib ki, haqqında bəhs olunan proqramın üçüncü, dördüncü və altıncı fəsillərində icra müddəti mütəmadi olmaqla prokurorluq orqanlarının bu sahədə konkret vəzifələri müəyyənləşdirilib. Proqramın öyrənilməsi və icrası ilə əlaqədar prokurorluq orqanları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilib.
Məruzələr ətrafında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyid­ovanın, Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Qaçay Quliyevin, ədliyyə nazirinin müavini Elnur İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyevin, Vəkillər Kollegiyasının sədr müavini Arif Ağayevin, rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılovun, iqtisadi inkişaf nazirinin müavini Anar Seyidovun, gənclər və idman nazirinin müavini Məcid Seyidovun, Səhiyyə Nazirliyinin aparat rəhbəri Kəmalə Qurbanovanın, Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyevin çıxışları olub. Çıxış edənlər “Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı müvafiq dövlət qurumları tərəfindən görülən işlər haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurub.

S.HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR