Dünya təcrübəsi və biz
QHT-lərin tarixi və yaxud tarixi QHT-lər
Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) anlayışı, əsasən, 1993-cü ildən sonrakı dövrdə geniş vüsət alan demokratikləşmə dövründən məşhurlaşsa da, ölkəmizdə QHT-lərin yaranması və fəaliyyəti hələ XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Bugünkü qeyri-hökumət təşkilatlarının xüsusiyyətlərini özündə əks etdirən ictimai birliklər, xeyriyyə cəmiyyətləri hələ Şimali Azərbaycanın çar Rusiyasının əsarəti altında olduğu zamanda fəaliyyət göstərmişlər. XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyişikliklər burada yeni sosial təbəqənin – sahibkarlar təbəqəsinin formalaşması ilə nəticələnmişdir. Yeni yaranan sahibkarlar təbəqəsi həm müxtəlif təşkilatlarda birləşərək, həm də fərd olaraq ictimai sektorda fəaliyyət göstərir, xeyriyyəçilik fəaliyyətləri həyata keçirirdilər.
Sahibkarlarla yanaşı, bir sıra ictimai xadimlər də müxtəlif təşəbbüslərlə çıxış edir, əhalinin maariflənməsinə səy göstərirdilər. 1894-cü ildə Bakıda C.Vəlibəyov, H.Mahmudbəyov, S.M.Qənizadə, Ə.Axundov, Ə.Cəfərzadənin yaxından iştirakı ilə N.Nərimanov tərəfindən təşkil edilmiş ilk Azərbaycan qiraətxanası ölkənin ictimai-mədəni həyatında mühüm rol oynamışdır. Qiraətxana azərbaycanlı müəllimlərin yardımları, xüsusən pyeslərin tamaşaya qoyulmasından əldə olunan gəlirlər və könüllü ianə, üzvlük haqları hesabına fəaliyyət göstərirdi.
XX əsrin əvvəllərində Azərbaycanda “Müdafiə və müsəlman kübarları və ziyalılarının ittifaqı”, “Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Nicat” mədəni-maarif cəmiyyəti, “Səfa” cəmiyyəti, “Müsəlman ziyalı qadın və qızlardan ibarət qadın ittifaqı” kimi təşkilatlar yaradılmışdı ki, bu təşkilatların fəaliyyəti də təkcə mərkəzi Bakını deyil, ölkənin digər şəhərlərini də əhatə edirdi.
Naxçıvanda da XIX əsrin sonu, XX əsrin əvvəllərində bu tipli bir sıra təşkilatların fəaliyyəti müşahidə edilməkdədir. Məsələn, 1885-ci ildə Naxçıvanda fəaliyyət göstərən gənc müsəlman müəllimləri cəmiyyəti üzvlərinin iştirakı ilə Azərbaycan dilində tamaşalar səhnəyə qoyulmuş, 1887-ci ildə Naxçıvanda “Üsuli-cədid”məktəbi ziyalıların xeyriyyə cəmiyyətinin təşəbbüsü və köməkliyi ilə yaradılmışdı.
Müasir anlamda QHT anlayışı
Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə mövcud tarixi təcrübəyə baxmayaraq, II müstəqillik dönəmində QHT-lərin formalaşdırılması və fəaliyyəti, əsasən, Qərb təcrübəsi əsasında aparılmışdır. Müasir anlamda qeyri-hökumət təşkilatı dedikdə hökumətdən (dövlətdən yox!!!) asılı olmayan, kommersiya məqsədi daşımayan təşkilatlar nəzərdə tutulur.
Dünya təcrübəsinə nəzər salsaq, Fransada bu təşkilatlar “ekonomie sociale”, Böyük Britaniyada “public charities”, Yaponiyada “koeki hocin”, Amerika Birləşmiş Ştatlarında “non-governmental organizations” adlanır. Avropada QHT-ləri simvolik olaraq üçüncü sektor da adlandırırlar. Bu isə belə təşkilatların fəaliyyətinin nə hökumət, nə də biznes sferasına aid edilməməsindən doğur.
“Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, “qeyri-hökumət təşkilatı” anlayışına ictimai birliklər və fondlar daxildir. Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir. Başqa sözlə desək, ictimai birlik və fond kimi qeydiyyatdan keçmiş qurumlar siyasi və gəlir məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Elə bu səbəbdən də bir çox hallarda “QHT” anlayışının “Q” hərfindən xəbəri olmayan və məlumatsız insanların dediyi kimi, Qərb ölkələrində QHT təmsilçilərinin hökumətlə dialoq kimi iddiaları yoxdur və belə iddiası olan insanları və təşkilatları sivil ölkələrdə qeyri-ciddi subyekt kimi qəbul edirlər.
Qrantlar vasitəsi ilə maliyyələşən qeyri-hökumət təşkilatlarının siyasi iddiaları olmadığı kimi, hansısa QHT üzvləri və ya yaradıcılarının daxil olan maliyyə vəsaitini “ata malı kimi bölüşdürmək” hüququ da yoxdur.
Qeyri-hökumət təşkilatları xarakterinə görə ictimai birliklər və fondlara bölünür. Qanuna əsasən, ictimai birliklər ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fondlar isə bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatıdır.
Maliyyə mənbəyi göstərilməlidirmi?
“Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu təşkilatların əmlakının formalaşdırılma mənbələri sırasına təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları, könüllü əmlak haqları, ianələri, malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar, səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər, öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər, qrantlar və qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər aid edilir.
Qeyri-hökumət təşkilatlarının cəmiyyətin inkişafına göstərdikləri müsbət təsirlərlə yanaşı, müxtəlif mənfi təsirləri də istisna deyil. Məsələn, hansısa maraq qrupları öz qeyri-leqal fəaliyyətlərini leqallaşdırmaq, müxtəlif ölkələrdəki daxili vəziyyəti öz maraqları istiqamətinə yönəltmək üçün qeyri-hökumət təşkilatlarından istifadə edirlər. Elə bu səbəbdən də bir çox ölkələr daxili sabitliklərini qorumaq və bu tip provokasiyaların qarşısını almaq üçün müxtəlif qanunlar qəbul ediblər. Bu barədə ilk qanunlardan biri 1938-ci ildə Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş “Foreign Agents Registration Act” (“Xarici agentlərin qeydiyyatı Aktı”) olmuşdur. Rusiya Federasiyasında da daxili təhlükəsizliyi təmin etmək və bu sahədə qanunvericiliyi Amerika qanunvericiliyinə uyğunlaşdırmaq məqsədilə bu qanunun analoji versiyası 2012-ci ildə qəbul edilmişdir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş qərara əsasən, xarici təşkilatlardan və fondlardan maliyyələşən, qrant alan qeyri-hökumət təşkilatları təkcə öz maliyyə mənbələri haqqında deyil, həm də hansı ölkə tərəfindən dəstəkləndikləri, hansı məqsədlərlə yaradıldıqları və digər əlaqəli qurumlar haqqında dəqiq informasiyaları dövlətə təqdim etməlidirlər. Nəzərə alsaq ki, bu halların pozulması şəraitində təsisçi və idarəedicilər külli miqdarda cərimə və hətta 5 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər, o zaman dünyanın əsas demokratiya mərkəzi hesab edilən Amerikada bu məsələlərə yanaşmanın ciddiliyi ortaya çıxır.
Ölkəmiz demokratikləşmə və vətəndaş cəmiyyətinin qurulması xəttinə daxil olduqdan sonra Azərbaycanda da QHT-lərin müsbət təsiri ilə yanaşı, bir çox hallarda yuxarıda qeyd etdiyimiz hallara rast gəlinmişdir. Qeyd edək ki, adətən, bu cür fəaliyyətlə məşğul olan təşkilatlar əksər hallarda maliyyə mənbələrini gizlətməyə və yaxud gəlirlərinin miqdarını məhdud göstərməyə çalışırlar. Hətta ölkəyə qeyri-hökumət təşkilatlarına qrant adı altında daxil olan pulların narkoticarətdən və yaxud digər qeyri-qanuni yollarla qazanıldığını da heç kəs istisna edə bilməz. Yuxarıda haqqında bəhs etdiyimiz dünyanın bir nömrəli demokratiyası sayılan Amerika Birləşmiş Ştatlarında qəbul olunmuş “Xarici agentlərin qeydiyyatı Aktı”nda məhz belə hərəkət və ya hərəkətsizliklərə yol verilməsi təyinatından asılı olmayaraq, QHT-lərin məsuliyyətə cəlbinə səbəb olur. Doğrudur, qanunun 1938-ci ildə faşizmin tüğyan etdiyi bir dövrdə qəbul edilməsini çox zaman bu ideologiyaya qarşı mübarizə ilə bağlasalar da, hər halda dünyanın ən qüdrətli demokratiyasında belə bir qanunun indiyə qədər qüvvədə olması onun nə qədər əhəmiyyətli olduğundan xəbər verir. Bu mənada Avroatlantik məkana inteqrasiya yolunu tutmuş ölkəmizdə də bu sahədə işlərin həyata keçirilməsi demokratik sistemə inteqrasiya yolunda növbəti addım hesab edilə bilər. Hər halda son vaxtlar qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilikdə edilən və ya irəli sürülən bəzi dəyişikliklərlə bağlı haylı-küylü bəyanatlarla çıxış edənlər çox zaman istinad etdikləri Amerika Birləşmiş Ştatlarında qəbul olunmuş yuxarıda qeyd etdiyimiz qanunla tanış olsalar, məncə, faydalı olar.
Bu cür düzəlişlər, xüsusilə Naxçıvan Muxtar Respublikası kimi üç tərəfdən təcavüzkar Ermənistanla həmsərhəd olan bir regionun həm təhlükəsizliyi, həm də vətəndaş cəmiyyətinin qurulmasının düzgün istiqamətdə getməsi üçün əhəmiyyətli olardı. Qeyd edək ki, muxtar respublikamızda da QHT-lər cəmiyyət həyatının müxtəlif sahələrində aktiv rola malikdirlər. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən verilən məlumata görə, hazırda muxtar respublikada 32 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Elnur KƏLBİZADƏ