22 Dekabr 2024, Bazar

Vətən uğrunda canlarını qurban verən Milli qəhrəmanlarımız! Öz qəhrəmanlıqları ilə tariximizdə silinməz izlər qoyan, əfsanələşən, Azərbaycanımızın müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayan qəhrəmanlarımız daim qəlbimizdə yaşayır, adları böyük ehtiramla yad edilir. Hörmətli oxucular! “Milli qəhrəmanlarımızı tanıyaq” rubrikasında ənənəni davam etdirərək Milli qəhrəmanlarımız Səyavuş Həsənov ilə Mirəsgər Seyid­ovun həyat və döyüş yoluna nəzər salaq:

Yengicə kəndinin qəhrəman oğlu

20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində Həsən kişinin ailəsində əkiz oğlu dünyaya gəldi. Onlardan birinin adını Səyavuş qoydular. Səyavuş səkkizinci sinfə qədər kənd məktəbində oxuduqdan sonra təhsilini Bakıdakı 54 saylı texniki-peşə məktəbində davam etdirdi. Rəngsaz peşəsinə yiyələndi. Bir neçə ay Bakı Baş Tikinti İdarəsinin nəzdindəki Evtikmə Kombinatında işlədi. Əsgərlik yaşına çatanda hərbi xidmətə getdi. Stavropol diyarında xidmətini başa vurduqdan sonra yenidən işlədiyi kombinata qayıtdı. Evtikmə Kombinatından Tümenə 3 il müddətində işləməyə göndərilən 300 nəfərlik dəstənin tərkibinə Səyavuş da daxil edildi.
1990-cı il yanvarın 20-də əkiz qardaşların ad günü qeyd olunurdu. Elə bu vaxt məlum olan acı xəbər bütün azərbaycanlıları sarsıtdı. Qəflətən Bakı şəhərinə ordu yeridilmiş, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Həmin gecəni sübhəcən oyaq qalan eloğlular ertəsi gün Vətənin harayına çatmaq üçün geriyə – Bakıya dönməyi qərara aldılar.

Qarabağı qorumaq üçün könüllü müdafiə batalyonu yarananda ona ilk qoşulanlardan biri də Səyavuş oldu. O, Azərbaycanın bir çox bölgələrində – Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada vuruşdu, mühüm döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi.
Respublika Daxili İşlər Nazirliyinin polis dəstəsinə yazılan Səyavuş 1992-ci il iyunun 18-də Ağdərə bölgəsinə yola düşən dəstənin tərkibində bir çox kəndlərin geri alınmasında böyük şücaət göstərdi. 1992-ci il iyunun 25-də dəstəyə növbəti tapşırığı yerinə yetirmək əmri verilmişdi. Bu dəfə Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi. Birdən güclü atəşlə qarşılaşdılar. Dəstə cəld öz mövqeyini möhkəmləndirib, əks-hücumu dəf etməyə başladı. Döyüş getdikcə daha da qızışırdı. Düşmən tankı lap yaxınlığa çatmışdı. Səyavuş yaralı olsa da, özündə güc tapa bildi. Əl qumbaraatanını işə saldı. Tank bir göz qırpımında alova büründü. Səyavuş isə açıq meydanda əliyalın qalmışdı. O, son dəfə Vətən göylərinə baxdı.
Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli Fərmanı ilə Həsənov Səyavuş Həsən oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Yengicə kəndinin qəhrəman oğlu Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Şərəfli ölümü ilə ölümsüzlüyə ucaldı

6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində doğulmuşdu. 1987-ci ildə 39 nömrəli Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra bir müddət doğma kəndlərində çalışan Mirəsgər 1988-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış, 1990-cı ildə hərbi xidmətini başa vurub öz doğma yurdu Naxçıvana dönmüşdü.
Ermənilərin “böyük Ermənistan” yaratmaq xülyası ilə törətdikləri vəhşiliklər qədim Naxçıvan torpaqlarından da yan keçməmişdi. Erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparıb öz caynaqlarına almağa çalışırdılar. Bu çətin günlərdə Vətənin igid oğulları öz canları, qanları bahasına torpaqlarımızı yağı düşməndən qoruyurdular. Mirəsgər Seyidov Babək rayonunun Yuxarı Buzqov kəndindəki özünümüdafiə batalyonunun tərkibində vuruşurdu. Kəndin müdafiəsində igidliyi və cəsurluğu ilə fərqlənirdi. Mirəsgər Seyidov bir neçə dəfə ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatmışdı. Onun son döyüşü isə 1992-ci il iyun ayının 14-də oldu. Mirəsgər Seyidov bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralandı və şəhidlik zirvəsinə yüksəldi.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli Fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Oxuduğu 15 nömrəli Naxçıvan şəhər tam orta məktəbinə şərəfli ölümü ilə ölümsüzlüyə ucalan qəhrəmanın adı verilmişdir.

Mirməcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri
Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR