Ulu öndərimiz Heydər Əliyev milli dəyərlərimizə daim qayğı göstərmişdir. Bu dəyərlər içərisində ən böyüyü, ən ülvisi Ana dilimiz – Azərbaycan dilidir. Ana dili milli varlığımızı şərtləndirən ən mühüm və başlıca amildir; dil varsa, millət də mövcuddur, dil yoxsa, millətin varlığından söhbət gedə bilməz.
50 milyonluq insanın doğma dili olan Azərbaycan dili hazırda dünyanın ən inkişaf etmiş dillərindən biridir. Çünki bu dilin dövlət dili statusu, mükəmməl yazılı və şifahi ədəbi nitq formaları vardır. Məlumat üçün deyək ki, dünyada mövcud olan altı min dildən yalnız 225 dilin yazılı forması mövcuddur və həmin dillərdən ancaq 109 dilin dövlət dili statusu vardır. Bu bir daha onu göstərir ki, Azərbaycan dili, belə demək mümkünsə, dünyanın ən xoşbəxt dillərindən biridir. Əlbəttə, Azərbaycan dili indiki səviyyəyə çatmaq üçün çox çətinliklərlə qarşılaşmışdır. Xüsusilə onun dövlət dili statusu məsələsi uzun mübarizələrin nəticəsində, yalnız xalqımızın tarixə bəxş etdiyi dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün olmuşdur. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilərkən dahi rəhbər Heydər Əliyevin ciddi səyləri və qətiyyəti sayəsində həmin Konstitusiyanın 73-cü maddəsində ilk dəfə Azərbaycan dilinin statusu müəyyən edilmişdir. Bu, dövlətçilik tariximizdə dilimizin dövlət dili statusu sahəsində aparılan mübarizələrdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı ən möhtəşəm, ən nadir qələbələrin birincisi və ən vacibi idi. Çünki bu tarixə qədər dilimizin statusunun müəyyənləşməsinə bir neçə dəfə təşəbbüs göstərilsə də, onların hamısı uğursuzluqla nəticələnmişdi.