22 Dekabr 2024, Bazar

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir.
Gənclər və İdman Nazirliyinin Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi ilə birlikdə təşkil etdiyi “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda keçirilən məşğələni giriş sözü ilə gənclər və idman nazirinin müavini Mirməcid Seyidov açmışdır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır.
Məruzəçi bildirmişdir ki, Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edir. Ulu öndərimiz hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur.

Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərinin əvvəllərində öz yerini dağıdıcılıq, təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı, eləcə də Naxçıvanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Naxçıvanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etmişdir.
Qeyd edilmişdir ki, Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində bunun əksi – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – ümummilli liderimizin böyük siyasətə qayıdışında tapdı. 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan qurtulmuşdur. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş ümidlərin yenidən canlanması idi.
Ulu öndər Heydər Əliyevin ölkədə ali hakimiyyətə qayıdışı günü tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 iyun, haqlı olaraq, əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR