22 Dekabr 2024, Bazar

Ölkəmizdə “Respublika Gü­nü” kimi qeyd edilən 28 may tarixi 21 il bundan əvvəl Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsünün açılması ilə də əlamətdardır. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ağır blokada vəziyyətində olan bir diyarın – Naxçıvanın yaşaması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Ötən əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyini qazandığı bir vaxtda ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salmış, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün məkrli planlar həyata keçirməyə başlamışdılar. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan qorumuşdur. Ümummilli liderimizin Naxçıvanı işğaldan qorumaq üçün həyata keçirdiyi tədbirlərdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrin qurulmasının mühüm əhəmiyyəti olmuşdur. 1992-ci il yanvarın 30-da görkəmli dövlət xadimi Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Naxçıvana gəlmiş nümayəndə heyətini qəbul etmiş, görüşdə Naxçıvan-Türkiyə gömrükxanasının istifadəyə verilməsi məsələləri müzakirə olunmuşdu. Elə həmin il fevral ayının 24-də ulu öndər “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması barədə” Fərman imzalamışdır.

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulmuşdur. Həmin dövrdə böyük Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda “Bir millət, iki dövlət” anlayışının reallığa çevrilməsi mərhələsi başlanmışdı. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev körpünün açılış mərasimində demişdir: “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü böyük həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”.
Türk dünyasının coğrafi bütünlüyünü təmin edən bu körpünün açılışında Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl və Türkiyənin digər yüksək səviyyəli hökumət nümayəndələri də iştirak etmişdilər. Süleyman Dəmirəl körpünün açılmasının əhəmiyyəti barədə danışaraq demişdir: “Bu körpü, sadəcə, Türkiyə ilə Azərbaycanı deyil, dünyanı, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır. Məhz onu dəyərli edən də budur”.
Naxçıvanla Türkiyə arasında salınmış Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanmışdır. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan vermiş, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirmişdir. Ulu öndərimiz Heydər Əliyev körpünün açılışı zərurətini belə xarakterizə etmişdir: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi, – bizi Türkiyədən ayırdılar, Türkiyə ilə bizim cəmisi 11 kilometr, o da Naxçıvanda, sərhədimiz var, bu sərhəddən Araz çayı keçir, heç bir şey mümkün deyildir, – bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. Naxçıvan Türkiyəyə açıldı”.
Bir sıra politoloqlar, ekspertlər Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin bugünkü səviyyəsini, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işləri şərh edərkən Sədərək-Dilucu körpüsünün əhəmiyyətini xüsusi vurğulayırlar. Çünki Sədərək-Dilucu körpüsü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olmuşdur. Ötən 21 ildə Türkiyə-Azərbaycan əlaqələrində, türk dünyasının birlik və həmrəyliyində Naxçıvanın xüsusi yeri olmuşdur. 2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə isə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana gəlməsi qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir. 2010-cu ilin oktyabr ayında Azərbaycan-Türkiyə Biznes-Forumunun Naxçıvanda keçirilməsi isə iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açmışdır.
Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətə malik olmasına diqqəti çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir”. Ali Məclis Sədrinin 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar, təhsil sahələrində və ordu quruculuğunda da qarşılıqlı əlaqələr mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir. Ötən il oktyabrın 5-də Naxçıvanda türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilmiş, “Naxçıvan bəyannaməsi” imzalanmış, gömrük xidməti sahəsində müxtəlif istiqamətlərdə əməkdaşlığa dair razılıq əldə edilmişdir.
Bu gün muxtar respublikanın sürətli sosial-iqtisadi inkişaf dinamikası, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının bölgəyə marağını artırır, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında bütün sahələrdə yaradılan qarşılıqlı əlaqələr durmadan inkişaf edir və möhkəmlənir. Artıq “Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına hesablanmış məqsədyönlü addımlardır.

Göründüyü kimi, “Ümid” körpüsünün istifadəyə verilməsi, Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində taleyüklü addım olmuşdur. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR