Şərqlə Qərbin qovşağındakı mədəniyyət
Belə bir deyim var: “Dünyanı gözəllik xilas edəcək”. Əslində, bu gözəlliyin daxilində mədəniyyət məfhumu gizlənmişdir. Müasir dünyada ölkələr arasındakı müəyyən münasibətlərin qurulmasında, əlaqələrin inkişaf etdirilməsində mədəniyyət amilinin necə rol oynadığı hamımıza bəllidir. Ümummilli lider Heydər Əliyev mədəniyyətə çox yüksək qiymət verərək deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Həqiqətən də, maddi və mənəvi ünsürlərin formasiyasını özündə cəmləşdirən mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Azərbaycan xalqı da özünün zəngin mədəniyyət tarixini yaratmışdır. Ölkəmiz Avropa ilə Asiyanın qovşağında yerləşdiyi üçün onun mədəniyyəti həm Qərb, həm də Şərq elementlərini özündə ehtiva edir. Bu zənginlikdən irəli gəlir ki, milli ənənələrimizdə İslam mədəniyyətinin incəlikləri müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, qorunub saxlanılmış və bu gün də həmin dəyərlər inkişaf etdirilməkdədir.
Müasir dövrdə müxtəlif xalqların mədəniyyətlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi həm də onların dünyadakı yerini müəyyənləşdirir. Bu baxımdan beynəlxalq müstəvidə keçirilən mədəni tədbirlərin rolu danılmazdır; hansı ki bu cür tədbirlərdən biri doğma yurdumuz Naxçıvanda keçiriləcəkdir. Naxçıvan 5 ildən sonra – 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı adının şərəfini yaşayacaq. Bəs nədir İslam mədəniyyəti və bu mədəniyyət ilinin keçirilməsinin mahiyyəti nədən ibarətdir?
İslam mədəniyyəti nədir?
İslam tarixinin tədqiqatçılarından olan türkiyəli tarixçi Sırrı Üçer “İslam mədəniyyəti tarixi” adlı əsərində buna belə aydınlıq gətirir: “İslam dini Ərəbistan yarımadasında meydana gəlsə də, az bir zamanda Asiya, Afrika və Avropa qitələrində yerləşən ölkələrdə yayılmağa başladı. Şübhəsiz ki, bu din yayıldığı ərazilərdə yerli xalqların yaratmış olduğu mədəniyyətlə qaynayıb-qarışdı. İslam həmin xalqların şüurunda kök atdıqca bu, onların yaratmış olduğu maddi və mənəvi mədəniyyət nümunələrində də öz əksini tapmağa başladı. İslamın gətirdiyi yeni adət və inanclarla qədim dünyanın Qərb mədəniyyətinin bir ölçü daxilində qaynayıb-qovuşmasından İslam mədəniyyəti ortaya çıxmışdır”.
Qeyd edək ki, mədəniyyətlərin məkanlar üzərində dəyişməsi böyük bir tarixi dövrü əhatə etmişdir. Hələ Qərbdə Kopernik, Qaliley, Bruno kimi böyük alimlərin kəşfləri xristian dini mənsublarının elm və mədəniyyətə cahilcəsinə yanaşmaları nəticəsində təzyiqlərə məruz qalırdısa, İslam Şərqində elmi-tədris müəssisələri açılır və burada alimlər üçün hər bir şərait yaradılırdı. Bunun nəticəsidir ki, İslam mədəniyyəti Avropaya güclü təsir edirdi. Doğrudur, qərbli müəlliflər İslam mədəniyyətinin Avropanın mədəni həyatına göstərdiyi təsiri yalnız 19-cu əsrdən sonra etiraf etməyə başladılar. Lakin zaman-zaman onların mövqelərini ortaya çıxaracaq fikirləri də olmuşdur. Bu sırada dünyada məşhur şərqşünas alim kimi tanınan Qustav Le Bonun fikirlərini xatırlamadan keçmək olmur: “Tarixdən müsəlmanları silsək, renessansımız əsrlərcə geri qalmış olar”.
Təbii ki, elmin, ədalətin, ümumilikdə isə inkişafın qoruyucusuna çevrilən İslam mədəniyyəti sonrakı dövrlərdə də müsəlman intibahında istiqamətverici qüvvə olmuşdur. Qədim Azərbaycan mədəniyyəti isə İslam mədəniyyəti ilə sintez təşkil edərək onun bir hissəsinə çevrilmiş, tarix boyu milli və mənəvi dəyərlərin yaşadılmasında əhəmiyyətli rol oynamışdır.
Müasir qloballaşma dövründə isə mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya daha irəli gedərək nəinki bir-birini tanıma, eyni zamanda dünya siyasətində söz sahibi olma baxımından böyük rola malikdir. Hazırda bu məqsədlə keçirilən tədbirləri daha sistemli təşkil etmək və xalqlar arasında əlaqələri mədəniyyət vasitəsilə inkişaf etdirmək məqsədilə “Avropa Mədəniyyətinin Paytaxtı”, “Ərəb Mədəniyyətinin Paytaxtı”, “Amerika Mədəniyyətinin Paytaxtı” və “İslam Mədəniyyətinin Paytaxtı” layihələri həyata keçirilir. Bu layihələr YUNESKO tərəfindən müdafiə olunur, hətta mədəniyyət paytaxtı statusu alan şəhərlərin abidələri, bəzi hallarda şəhərin müəyyən hissəsi YUNESKO tərəfindən Dünyanın Mədəni İrs Siyahısına daxil edilir. Bundan əlavə, mədəniyyət ilində bir sıra tədbirlər həmin şəhərdə keçirilir. Mədəniyyət paytaxtlarına aid saytlarda həmin şəhərin tarixi və mədəni irsi təbliğ edilir, keçirilən tədbirlər haqqında məlumatlar verilir.
Dünya mədəniyyətinə böyük töhfələr verən İslam mədəniyyəti də getdikcə inkişaf edir, təkmilləşir. İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatına – İSESKO-ya üzv olan İslam dövlətləri bu gün öz mədəniyyətlərinin bir-birinə yaxınlaşması, inkişaf etməsi üçün əhəmiyyətli layihələr həyata keçirirlər. “İslam Mədəniyyətinin Paytaxtı” layihəsi də bu sıradandır. Layihə haqqında ilk qərar İSESKO-nun təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin III konfransında qəbul edilmişdir. Bu sənədə əsasən, İslam mədəniyyətinin paytaxtı İslam Əməkdaşlıq Təşkilatına (İslam Konfransı Təşkilatı) üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər İslam mədəniyyəti paytaxtı olmalıdır. Bakı isə 2009-cu ildə bu tarixi sevinci yaşadı. Elə həmin ilin oktyabrında Bakıda keçirilən İslam konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısı çərçivəsində Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olundu.
Naxçıvan – qədim sivilizasiyanın karvan yolu
Əlbəttə, İslam Mədəniyyətinin Paytaxtı statusunu qazanmaq üçün müəyyən şərtlər var. Bu ada namizəd olan şəhərin region və öz ölkəsi səviyyəsində zəngin tarixi olmalı, o, elm, incəsənət və ədəbiyyatın inkişafına xüsusi töhfələr verməli, həm İslam, həm də bütövlükdə, dünya mədəniyyətində yeri olmalıdır. Eyni zamanda bu ada layiq şəhərdə elmi və mədəni infrastruktur – elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməlidir. Həmçinin şəhərdə qədimliklə müasirliyin birləşərək vəhdət təşkil etməsi də əsas şərtlər sırasındadır. Qədim yurdumuz Naxçıvan tələb edilən bütün qayda və şərtlərə cavab verdiyindən bu ulu diyar İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.
Həqiqətən də, Azərbaycanın bu ayrılmaz tərkib hissəsi həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Naxçıvan hər zaman region ölkələrinin diqqət mərkəzində olmuşdur. İnsan cəmiyyətinin yenidən yaranış tarixini simvolizə edən Nuh peyğəmbərin məzarüstü abidəsi, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası, əsrarəngiz Duzdağ mağaraları, Qərb renessansına meydan oxuyan Möminə xatın türbəsi məhz beş minillik bu şəhərin köksündə nəfəs alır. Bu siyahıya ulu əcdadlarımızın yaşam fəlsəfəsini özündə əks etdirən Gəmiqaya abidələrini, dünya arxeologiya elminə mühüm töhfələr vermək qüdrətində olan Qazma, Oğlanqala, Gilançay, Kültəpə arxeoloji abidələrini, saysız-hesabsız təbiət möcüzələrini, Naxçıvanın Azərbaycan və Şərq elminə necə böyük istedadlı şəxsiyyətlər verdiyini də əlavə etsək, dünya xəritəsində həcmcə çox kiçik bir ərazidə necə böyük bir potensialın toplandığının şahidi olarıq. Ancaq etiraf edək ki, müxtəlif tarixi dövrlərdəki ictimai-siyasi şərait Naxçıvanın öz qiymətini almasına imkan verməmişdir. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, daha doğrusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanın yenidən öyrənilməsinə, tədqiq olunmasına başlanılmışdır. Bu tarixiliklə bərabər, son 17 il ərzində qədim diyarımızda 300-dən artıq mədəniyyət və turizm obyekti inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir. 2006-2012-ci illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. 530-a yaxın mədəniyyət, incəsənət və turizm müəssisəsinin fəaliyyət göstərdiyi regionda insanların mədəni istirahətinin formalaşmasında mühüm rol oynayan 23 müxtəlif profilli muzey də var ki, onlardan 12-si məhz Naxçıvan şəhərində yerləşir. Çoxsaylı tarixi abidələrin bərpası, müxtəlif ərazilərdə arxeoloji tədqiqatların aparılması, regionun tarixi, mədəniyyəti, milli dəyərləri ilə bağlı müxtəlif ədəbiyyatların nəşri Naxçıvan haqqında zəngin məlumatları ortaya çıxarmaqla bərabər, ildən-ilə bura axışan turistlərin də sayının artmasında mühüm əhəmiyyət kəsb edir. “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, təbliğ edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı üzə çıxarmaq, təbliğ etməkdən ibarətdir.
Yazılacaq tarixə gedən yol
Bəli, 2018-ci ildə müxtəlif İslam ölkələrinin al-əlvan bayraqları ilə bəzənəcək Şərqin bu qədim şəhəri böyük mədəni tədbirlərin keçirilməsinə ev sahibliyi edəcək. Doğrudur, qarşıda hələ kifayət qədər vaxtımız var, ancaq bəzən bu cür möhtəşəm tədbirlərin keçirilməsinə müəyyən zaman da sərf olunur. Hamılıqla çalışmalıyıq. Bu işdə tarixçilərin də, elm və incəsənət adamlarının da, mədəniyyət işçilərinin də, kütləvi-informasiya vasitələrinin də üzərinə mühüm vəzifələr düşür.
Qeyd edək ki, Naxçıvan bu möhtəşəm mədəniyyət tədbirinə artıq indidən hazırdır. Muxtar respublikada yaradılan müasir infrastruktur, mehmanxanalar, ictimai iaşə obyektləri bunu deməyə əsas verir. Mədəniyyətin inkişafı barədə isə bir az əvvəl ətraflı bəhs etdik. İnanırıq ki, bütün sahələrdə həyata keçirilən kompleks tədbirlər, həmçinin muxtar respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə mədəniyyət ilinin daha möhtəşəm və yaddaqalan keçirilməsinə imkan verəcək. Burada bir incə məqam da ondan ibarətdir ki, keçiriləcək tədbir sırf mədəni xarakter daşısa da, Naxçıvanın beynəlxalq müstəvidə siyasi çəkisini də ortaya qoyacaq. Məlum olduğu kimi, tarixin müxtəlif dövrlərində qədim diyarımıza müxtəlif əsassız iddialar irəli sürülmüşdür. Bu iddialar Naxçıvanın tarixinin, coğrafiyasının, mədəniyyətinin, ümumilikdə isə varlığının şübhə altına salınması məqsədi daşımışdır. Lakin indi Naxçıvan ötən əsrin əvvəlləri və sonunda böyük taleyin əsdirdiyi fırtınalarla üz-üzə qalan Naxçıvan deyil. Bu gün artıq Naxçıvanın dünyaya öz iddiaları və tələbləri var. Görülmüş və görüləcək işlər bu iddiaları daha açıq şəkildə ortaya qoyacaq. Tarixi ədalətsizlikdən doğaraq blokada vəziyyətinə salınması heç də bu qədim yurdun gələcək istəklərinə mane ola bilməz. Zəngin baza, dinamik inkişaf və mütərəqqi ideyaların formalaşdırıldığı qədim Azərbaycan diyarı Naxçıvanın bəşər sivilizasiyasına deyəcək çox sözü var.
Deyirlər, həyatda təsadüflər olmur. Gəlin biz də zərurətin məsuliyyətini bu cür təsadüflərin üzərinə qoyub gələcəyə baxaq. 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinn Paytaxtı kimi möhtəşəm bir tarix yazacaq.
Səbuhi HƏSƏNOV