22 Dekabr 2024, Bazar

“Qədim Şərq filosofları deyirdilər ki, dövləti qurmaq və qorumaq üçün üç amil əsasdır: ordu, çörək və xalqın inamı. Ən ağır vəziyyətlərdə ilk iki amil olmasa da, üçüncü amilə sahib olan lider dövləti qorumağa və onu hər cür çətinliklərdən çıxarmağa qadirdir. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz ümumxalq inamını qazanmaqla Azərbaycan dövlətçiliyinin əbədi memarına çevrilmişdir. Azərbaycan dövlətçiliyinin taleyini heç bir kənar amil deyil, Heydər Əliyev – xalq birliyi həll etmişdir.” Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universitetinin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirdiyi elmi konfransda səsləndirilib.
Elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi xalqımızın mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətinin nəticəsi olub. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni parçalanma və vətəndaş müharibəsindən qurtarmaqla Qurtuluş tariximizin şanlı səhifəsini yazıb.

Sonra elmi məruzələr edilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti şəhərciyi ilk partiya təşkilatının sədri, dosent Kamal Camalovun “Qurtuluş yolu Naxçıvandan başladı”, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor Akif İmanlının “Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət idi”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyevin “Heydər Əliyevin xilaskarlıq missiyası”, Naxçıvan Özəl Universitetinin prorektoru, dosent İbrahim Kazımbəylinin “Qurtuluşdan başlanan davamlı inkişaf” mövzularında elmi məruzələri dinlənilib. 
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

*    *    *

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev açaraq “Böyük qayıdışdan milli qurtuluşa” mövzusunda çıxış etmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin məruzəsi dinlənilmişdir. Təşkilat sədri qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızın istiqlal mübarizəsində ən mühüm hadisə idi. Bununla, əslində, istiqlal mübarizəmizin tarixində əsaslı dönüş baş vermiş, bir millət kimi qurtuluşumuz başlanmışdır. Mövcudluğunu itirmək təhlükəsindən ümummilli liderimizin sayəsində xilas olmuş ölkəmiz bu müddət ərzində dünya miqyasında özünün geo­strateji əhəmiyyətə malik əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük insan potensialından bacarıqla, düşünülmüş şəkildə istifadə edərək Şərqlə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadir olan bir dövlətə çevrilmişdir. 15 İyun – Milli Qurtuluşdan başlanan yol Azərbaycanı xoş, firavan sabahlara aparır.

*    *    *

Heydər Əliyev adına tam orta məktəbdə “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Namiq Məmmədov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğundakı xidmətlərindən bəhs etmişdir.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin, Heydər Əliyev adına tam orta məktəbin direktor müavini Həsən Həsənovun, məktəbin tarix müəllimi Ələsgər Axundovun məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən qurtulmuşdur. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda siyasi və milli-ideoloji birliyin təməli qoyulmuş, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilmişdir. Vurğulanmışdır ki, dövlət quruculuğu sayəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilmişdir.

*    *    *

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında da 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov açaraq “15 iyun Azərbaycan dövlətinin xilası tarixidir” mövzusunda məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda baş verən hadisələr Azərbaycanı məhv olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi, ölkəni olum, ya ölüm dilemması qarşısında qoymuşdu. Məhz 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizi xilas etmiş və Azərbaycanın XXI əsrə müstəqil, demokratik dövlət kimi daxil olmasının möhkəm bünövrəsini qoymuşdur.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılmışdır. Bu dövr ərzində görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarmış, ictimai-siyasi sabitlik təmin olunmuş, ölkəyə xarici sərmayələr cəlb edilmiş, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin edilmişdir. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Nəticə etibarilə, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, azad vətəndaş cəmiyyəti bərqərar edilmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Ehtimad Məmmədovun, partiya fəallarından Saleh Quliyevin, Hicran Nağıyevin, Vüsal Hüseynovun mövzu ilə bağlı çıxışları olmuşdur.

*    *    *

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbiri mərkəzin direktoru Rauf Hüseynov açmışdır. “Böyük qurtuluşun banisi” mövzusunda çıxış edən mərkəzin direktoru qeyd etmişdir ki, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən çoxsaylı insanların təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gedən ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçildiyi gündən etibarən Azərbaycanın qurtuluşu naminə xilaskarlıq missiyasına başlamışdır. Azərbaycanda müstəqil dövlətin təməlləri böyük qurtuluşla atılmışdır. Qarşıda duran bütün çətinliklər dahi şəxsiyyətin böyük səyləri nəticəsində dəf edilmiş, Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Vurğulanmışdır ki, Azərbaycanımızın ayrılmaz hissəsi olan qədim Naxçıvan da bu qurtuluşdan öz payını alaraq gündən-günə çiçəklənir, gözəlləşir, inkişaf edir. Bütün bunlar isə ulu öndər Heydər Əliyev yoluna sədaqətin bəhrəsi, Milli Qurtuluşdan başlanan inkişafın davamıdır.
Sonra mərkəzin əməkdaşları Nərminə İsmayılova və Leyla Mürsəl­ovanın Milli Qurtuluş Gününə həsr olunmuş məruzələri dinlənilmişdir. Tədbirin bədii hissəsində isə mərkəzin dərnək üzvlərinin təqdimatında ümummilli liderə həsr olunmuş şeirlər səsləndirilmişdir.
Milli Qurtuluş Gününə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxışla tədbirə yekun vurulmuşdur.

*    *    *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Xilaskarlıq missiyası” mövzusunda keçirilən tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bu günün əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, 15 iyun müasir Azərbaycan tarixinə xalqımızın və dövlətçiliyimizin xilası günü kimi yazılmışdır. Həmin gün ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş, ölkəmizi parçalanmaqdan, xalqımızı qardaş qırğınından xilas etmişdir. Müdrik rəhbər dərin düşüncəsi, uzaqgörən siyasəti ilə Azərbaycanda baş vermiş xaos və anarxiyanın qarşısını almış, ölkəmizi yeni inkişaf yoluna çıxarmışdır.

Tədbirdə şura əməkdaşlarından Yəmən Rzayeva, Rəşadət Xudaverdiyev, Nüsrəddin Əsədov və başqaları çıxış edərək müstəqillik illərində ölkəmizin qazandığı uğurlardan danışmışlar.

*    *    *

Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektori­yası”nın 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş növbəti məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində siyasi xaos yaşayan bir məmləkətin xilasından, müstəqilliyimizin əbədiləşdirilməsində dahi rəhbərin uzaqgörən siyasətindən danışmışdır.
Sonra institutun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlı məruzə ilə çıxış edərək bildirmişdir ki, görkəm­li dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə başlıca qayəsini ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.
1991-ci ilin oktyabr ayında Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yaranmışdı. İctimai həyatın bütün sahələrində hərc-mərclik baş alıb gedir, erməni təcavüzü gündən-günə güclənirdi. Rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Artıq 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Vətənin belə ağır günündə xalq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. Müdrik rəhbər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya getdi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bununla, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. Beləliklə, 15 iyun tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu.
Natiq daha sonra xalqımızın böyük oğlu Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən tədbirlərdən, Milli Ordunun formalaşdırılmasından, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan, 1994-cü ilin sen­tyabrında imzalanan Əsrin müqaviləsindən və ötən dövr ərzində Azərbaycanın iqtisadi və siyasi uğurlarından danışmışdır.
Tədbirə professor Oruc Həsənli yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR