Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçilən açıq dərslər davam edir. Növbəti açıq dərsdə Babək rayon Cəhri kənd 1 və 2 nömrəli, Didivar kənd tam orta məktəblərinin şagirdləri iştirak etmişlər.
Cəhri kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Qadir Əkbərov “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda danışaraq demişdir ki, Azərbaycançılıq ideyasının təbliği və formalaşması dünya azərbaycanlıları arasında milli həmrəyliyin əsasını təşkil edir. Ulu öndər Heydər Əliyevin bu istiqamətdəki siyasəti danılmaz və əvəzolunmazdır. O, həmişə xarici ölkələrə gedəndə Azərbaycan icmaları ilə görüşməyə də vaxt tapırdı. Dahi öndər bunu çox önəmli hesab edir, bizi bir ideya – Azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə çalışırdı. Həmişə bunun vacib olduğunu söyləyirdi. Həmçinin bildirirdi ki, kim harada yaşamasından asılı olmayaraq, öz ana dilini unutmamalıdır. Bunu xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan diasporu mütəşəkkil formaya düşmüş və milli həmrəylik yaranmışdır.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirmiş, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim – Azərbaycançılıq ideologiyasını da yaratmışdır.
Sonda məktəblilərin sualları cavablandırılmışdır.
Xəbərlər şöbəsi