Mayın 24-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin məzunlarının 2013-cü ilin birinci toplanışının andiçmə mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Məktəbin rəisi səlahiyyətlərini icra edən polis polkovnik-leytenantı Fariz İsmayılov şəxsi heyətin peşə, mənəvi və fiziki hazırlığının artırılmasında həyata keçirilən tədbirlər haqqında məlumat vermiş, bu istiqamətdə məktəbin əldə etdiyi uğurlardan bəhs etmişdir. Qeyd olunmuşdur ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti daxili işlər orqanlarında da layiqincə yerinə yetirilir. Bunun nəticəsidir ki, bu gün polis sıralarında yüzlərlə gənc dövlətə və xalqa sədaqətlə xidmət edir. Polis peşəsinin çətin, lakin şərəfli peşə olduğunu xatırladan Fariz İsmayılov ictimai asayişin qorunması, insan və vətəndaş hüquqlarının təmin edilməsi və dövlətçiliyimizin hər cür cinayətkar əməllərdən qorunmasının vacibliyini bildirmiş, bu yolda məzunlara müvəffəqiyyətlər arzulamışdır.
Məktəbin məzunu, polis kiçik serjantı Əsəd Əsədzadə çıxışında dövlətin və onun vətəndaşlarının müdafiəsinə daim hazır olacaqlarını vurğulamış, polis peşəsinə aid nəzəri bilikləri onlara öyrədən məktəbin zabit və müəllim heyətinə məzunlar adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis polkovniki Səbuhi Novruzov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nazirliyin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yadulla Əliyev polis andı içən məzunları təbrik etmiş, gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışlar.
Sonra andiçmə mərasiminə başlanmış, məzunlar təntənəli şəkildə polis andı içmişlər.
Səbuhi HƏSƏNOV