Naxçıvan Özəl Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, sübut etdi ki, Azərbaycan xalqı daim azadlıq eşqi ilə yaşayır.
Humanitar elmlər kafedrasının dosenti Elçin Zamanov “Azərbaycanın müstəqilliyinin beynəlxalq müstəviyə keçirilməsi”, tarix müəllimliyi ixtisasının II kurs tələbələri Rifaq Əhədov “Ə.Topçubaşov: Cənubi Qafqazda böyük demokrat və diplomat”, Təkmin Sadiqov “AXC-nin Naxçıvanla bağlı tədbirləri” mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələrdə qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin yaradılmasında böyük rol oynamışdır. 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev böyük xilaskarlıqla dövlət müstəqilliyimizi qoruyaraq onu Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdir.
Heydər Əliyev ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik yollarında inamla irəliləyir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan bölgədə lider dövlətə çevrilmişdir. Bütün bunlar müstəqilliyimizin əbədiliyinin təminatıdır.
Sonra AXC-nin yaradılmasının 95 illiyinə həsr olunmuş slayd nümayiş etdirilmişdir.
Elmi-praktik konfransa professor İsmayıl Əliyev yekun vurmuşdur.
Xəbərlər şöbəsi