22 Dekabr 2024, Bazar

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi ilə əlaqədar olaraq dünən AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirmişdir ki, 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilmiş, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilmişdir. Akademik qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu daim çıxışlarında qeyd etmiş və xalq cümhuriyyəti dövrü tarixinin araşdırılmasına ciddi diqqət yetirmişdir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlil­ovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun milli dövlət quruculuğu sahəsində fəaliyyəti”, həmin institutun şöbə müdiri, dosent Emin Şıxəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti”, institutun böyük elmi işçiləri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, tarix üzrə fəlsəfə doktoru Asəf Oruc­ovun “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzularında elmi məruzələri dinlənilmişdir. 
Məruzələrdə qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti nəinki ölkə daxilində bir çox mühüm işlər həyata keçirmiş, hətta beynəlxalq aləmdə tanınmaq, ölkə­nin siyasi maraqlarını beynəlxalq səviyyədə müdafiə etmək üçün ciddi addımlar atmışdır. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox dövlət tərəfindən de-fakto tanınmış və bu ölkələrin Bakıda konsulluq və nümayəndəlikləri açılmışdır.
Vurğulanmışdır ki, Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti tamamilə demokratik prinsiplər əsasında fəaliyyət göstərmişdir. Xalq cümhuriyyəti dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan çox gərgin bir vəziyyətdə olsa da, naxçıvanlıların mübarizliyi nəticəsində bu ərazi Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən o zaman Naxçıvana müəyyən maddi yardımlar da olunmuşdur.
Konfransa yekun vuran AMEA Naxçıvan Bölməsi­nin sədri, akademik İsmayıl Hacıyev 28 May – Respublika Günü münasibətilə bölmə əməkdaşlarını təbrik etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR