Deyirlər ki, Naxçıvanda üç Şahtaxtı var. Biri nə zamansa Eldənizlərin taxtının və xəzinəsinin qorunaraq saxlanıldığı Əlincənin zirvəsindədir, ikincisi Cəhri kəndi ərazisində Nadir şahın nə zamansa qoşununa müraciət etdiyi məkandır, üçüncüsü isə Kəngərli rayonunun ərazisində yerləşən Şahtaxtı kəndidir. Şahtaxtı kəndi İsmayıl Xətainin şahlığa gedən yolda son qüdrətli qələbəsini qazandığı yerdir. Başqa sözlə desək, Şərur döyüşündən sonra gələcək Səfəvi sarayının diplomatları da, sərkərdələri də, mədəniyyət xadimləri də, təbibləri də bura yığışmışdı. Bəlkə, elə bu səbəbdəndir ki, sonradan bu kiçik kənd Azərbaycana görkəmli diplomatlar, sərkərdələr, həkimlər, ədiblər bəxş etdi. O insanlar isə bu kəndə əbədi bir şöhrət gətirdilər. Şahtaxtılı diplomatlardan danışarkən ilk olaraq yada düşən XX əsrin görkəmli diplomatı Behbud ağa Şahtaxtinski olsa da, görkəmli ədib, azərbaycanlı kimliyi haqqında ilk mülahizələri mətbuata və ictimai müzakirələrə çıxaran Məhəmməd ağa Şahtaxtlının da bir müddət diplomatik korpuslarda tərcüməçi kimi fəaliyyəti haqqında bəzi məlumatlar var.
1846-cı ildə Şahtaxtıda anadan olan Məhəmməd ağa Şahtaxtlının Tiflis Klassik Gimnaziyasını bitirməsi, Almaniyanın Leypsiq Unversitetinin Tarix, fəlsəfə və hüquq fakültəsində, Fransanın məşhur Sorbon Universitetinin Ali Təcrübi Təhsil Mərkəzində təhsil alması, rus, alman, fransız, ərəb, fars, yunan və türk dilləri ilə yanaşı, qədim pəhləvi, zənd və latın dillərini bilməsi onun diplomatiya sahəsində fəaliyyətinə imkan verən əsas amillər olmuşdur. İndiyə qədər ədib haqqında yazılmış kitablarda və məqalələrdə onun həyatının 1909-1912-ci illərdəki dövrü diplomatik fəaliyyət dövrü kimi xarakterizə edilmişdir.
Lakin qeyd etmək lazımdır ki, Məhəmməd ağa Şahtaxtlı daha əvvəl mərkəz ofisi İstanbulda yerləşən Beynəlxalq Ticarət Məhkəməsində Rusiyanın daimi nümayəndəsi vəzifəsində çalışmışdır. O, nümayəndə kimi Rusiya imperiyasını təmsil etməklə yanaşı, həm də Osmanlı imperiyasının o zamankı daxili vəziyyəti, ictimai-siyasi həyatı ilə yaxından tanış olmuşdur. Bu dövrdə o həm də ciddi surətdə tərcümə işi ilə məşğul olmuş, Rusiyada Türkiyənin səfiri vəzifəsində çalışmış general-adyutant Əhməd Şakir Paşanın “Müsəlman dünyasında Günəş tarixinin hesablanması” traktatını rus dilinə tərcümə edərək çap etdirmişdir. Akademik İsa Həbibbəyli “Məhəmməd ağa Şahtaxtlı: taleyi və sənəti” adlı kitabdakı “Məhəmməd ağa Şahtaxtlı: tale yolları və xidmətləri” adlı məqaləsində yazır ki, ədibin Əhməd Cevdət Paşanın İslam dininin tarixinə dair əsərini rus dilinə tərcümə etməsi haqqında da məlumatlar vardır. M.Şahtaxtlının İstanbulda yerləşən Beynəlxalq Ticarət Məhkəməsində Rusiyanın daimi nümayəndəsi vəzifəsindəki fəaliyyəti dövrü XIX əsrin 80-ci illərinin sonuna təsadüf etmişdir.
1907-ci ildən etibarən M.Şahtaxtlının siyasi fəaliyyətində yeni bir dövr başlamışdı. Həmin il keçirilən seçkilər zamanı İrəvan quberniyasından Dövlət Dumasına deputat seçilən Məhəmməd ağa bu dövrdə siyasi burulğanlar ərəfəsində olan Rusiyanın ictimai-siyasi həyatını yaxından izləmiş, eyni zamanda təmsil etdiyi yurdun insanlarını cəsarətlə müdafiə etmişdir.
1909-1912-ci illərdə isə o, Rusiya imperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist kimi çalışmışdır. Bu dövrdə diplomatik korpus əməkdaşı olmanın verdiyi üstünlükləri düzgün dəyərləndirməklə M.Şahtaxtlı Osmanlı imperiyasının bir sıra dövlət rəsmiləri ilə əlaqələr yaratmış, onlardan müxtəlif məsələlərlə bağlı fikirlərini öyrənmiş, eyni zamanda müsahibələr hazırlayaraq Rusiyaya – imperiya mərkəzinə göndərmişdir. Belə yazılardan biri 1908-ci ildə “Russkoe slovo” qəzetində dərc edilən Osmanlı imperiyasının dini işlər naziri Şəmsəddin bəylə müsahibəsi olmuşdur. Bu dövrdə bir sıra hərbi-siyasi əsərlərin və sənədlərin tərcüməsi ilə də məşğul olan Məhəmməd ağa Şahtaxtlının ən ciddi tərcümələrindən biri Osmanlı ordusunun baş komandanı Muxtar paşanın yazdığı “Anadoluda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin tarixi”dir. Tarixçi alim Musa Quliyevin verdiyi məlumata görə, bu əsərin tərcümə olunmuş hissələri 1913-1916-cı illərdə Rusiyanın “Hərbi tarix jurnalı”nda çap edilmişdir. Jurnalın 1913-cü ildə çıxan IV, 1914-cü ildə çıxan I – IV, 1915-ci ildə çıxan II və IV, 1916-cı ildə çıxan I və II saylarında tərcümələr hissələrlə verilmişdir. Lakin sonrakı dövrdə jurnalın fəaliyyətini dayandırması nəticəsində əsərin tam nəşri mümkün olmamışdır.
Türkiyədən qayıtdıqdan sonra Məhəmməd ağa Şahtaxtlı 1915-ci ildə yenidən bir müddət diplomatiya sahəsində tərcüməçi kimi çalışmışdır. Şövqü Novruzovun “Şərqi-rus”un çağırışı” kitabında yazdığına görə, o, 1915-ci ildə bir müddət Rusiya Xarici İşlər Nazirliyinin Şərq şöbəsinə başçılıq etmişdir. Lakin sonrakı dövrdə aparılan tədqiqatların nəticələri göstərir ki, əslində, Məhəmməd ağa Şahtaxtlı Rusiya Xarici İşlər Nazirliyi strukturunda 7-ci dərəcəli tərcüməçi kimi çalışmışdır. 1917-ci ilə qədər bu strukturda çalışan Məhəmməd ağa həmin il təqaüdə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, əsasən, qəzetçilik və təhsil sahələrində fəaliyyət göstərən ədib Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun xüsusi işlər üzrə müşaviri kimi çalışmış və akademik İsa Həbibbəylinin yazdığına görə, Bakıda Şərq xalqları qurultayının keçirilməsinin əsas təşkilatçılarından biri olmuşdur.
1931-ci il dekabr ayının 12-də vəfat edən Məhəmməd ağa Şahtaxtlının məzarının yerinin məlum olmaması da ədibin diplomatik fəaliyyəti qədər maraq doğuran məsələlərdəndir.
Elnur KƏLBİZADƏ