İnsan fərd kimi doğulub, şəxs kimi fəaliyyət göstərərək təhsil-tərbiyə və əmək proseslərində vətəndaş hazırlığı keçir. Vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə malik olan insan başa düşülür. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailə, bu tərbiyənin, necə deyərlər, səmərəli nəticəsi isə vətənpərvərlikdir. Təcrübə göstərir ki, ailədə uşaqların əxlaqi kamillik baxımından milli və mənəvi dəyərlərə köklənmiş sağlam, planlı, sistemli və məqsədli şəkildə tərbiyəsi həmin ailə üzvlərinin vətəndaşlıq hisslərinin cilalanması ilə nəticələnmiş olur. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Bunun üçün gələcəyimiz olan uşaqlara Vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrimizi təlqin etməyi bacarmalıyıq. Bunun özü vətənpərvərlik, vətəndaşlıq nümunəsidir. Fikrimizcə, uşaqlara vətəni sevdirmək üçün vətəni onlara gərəyincə tanıtmaq lazımdır: belə olarsa, o fərd vətənin hər qayasını, daşını sevəcək. Bundan sonra Vətənə xidmətin əsasları uşaqlara mənimsədilir. Bu isə, ilk növbədə, ailədə, sonra məktəbdə həyata keçirilir. Belə olan təqdirdə həmin şagird bilikli, məsuliyyətli, vicdanlı və mübariz şəxs kimi formalaşacaq, gələcək fəaliyyətində Vətən sevgisi anlayışını Vətənə, dövlətə sadalanan keyfiyyətlərlə xidmət edən Vətəndaş kimi əxz edəcək.
“Könlümün sevgili məhbubu mənim...”
Bəs Vətən nə deməkdir? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: “uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. Şairin dediyi kimi: Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir. Bu uğurda canından keçmək isə vətən sevgisinə sahiblikdən doğur. Bəs Vətən sevgisi nədir? Üzərində həyat sürdüyümüz bu torpaq üçün lazım gələndə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür Vətən sevgisi. Vətən sevgisi ən əsil, ən uca sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür. Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.
Türk ulusunun vətəninə olan sevgisi və bağlılığı tarixi bir həqiqətdir və bu, ulusumuzu digər millətlər arasında üstün edən ən əsil özünəməxsusluqlardan biridir. Xalqımız tarix boyu Vətəninin mənfəətini öz mənfəətindən, Vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir Vətən sevgisinə sahib olmuş xalq kimi tanınmışdır. Məhz bu xalqın xələfləri kimi bu adı qorumaq sələflərimizin əmanətinə sahiblik borcu olmalıdır.
Nəhayət, Vətən hər bir kəsin sevgilisi, məhbubu olmalıdır. Ondan üstün məhəbbət yaşaya bilməz qəlbimizdə. Görkəmli ədib Abbas Səhhət demişkən:
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim...
Fərdlərin vətəndaş, vətənpərvərlik hisslərinə sahib bir şəxs kimi yetişməsində vətəndaş mühitinin rolu az deyil. Bu mühitin ilk nümayəndələri isə ixtisas sahəsindən asılı olmayaraq, müəllimlərdir. Vətənpərvərlik bir hiss kimi Tanrı tərəfindən bütün insanların xislətində kodlaşdırılmışdır. Lakin bu hissin, duyğunun da gələcəkdə həyat amalına, həyat mübarizəsinə çevrilməsi üçün tərbiyəyə ehtiyacı var. Məhz bu tərbiyədə müəllim əməyi xüsusilə qeyd olunmalıdır. Müəllim ömrünün son anına qədər Vətən məfhumunun ən ali ideyalarla daşıyıcısı olmağı bacarmalıdır. Beləliklə, həmin müəllim Vətən məhəbbəti ilə yoğrulmuş əsl vətəndaşlıq nümunəsinə çevrilər. Cəmiyyətdə belə insanların çoxluq təşkil etməsi isə vətəndaş cəmiyyəti, vətəndaş mühitinin yaranması deməkdir. Yeniyetmələrin və gənc nəslin belə bir mühitdə böyüməsi, heç şübhəsiz ki, insan amilinə xidmət edən hər bir dövlətin ən ümdə arzularındandır.
“Mənə nə” deməklə...
Vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərsin. Vətənin sərvətinin, vətəndaşın sahib olduğu milli və mənəvi dəyərlərin qorunması, hətta yaşadığımız şəhərdə, qəsəbədə, kənddə yaradılmış yeniliklərin hörmət və ehtiramla mühafizə edilməsi də vətənpərvərlik hissinin elementləridir. Bu gün ölkəmizdə bütün sahələrdə özünü göstərən dinamik inkişaf və onun bəhrələri, unudulmamalıdır ki, məhz vətəndaşlar üçündür. Bizim borcumuz isə bu bəhrələri qorumaq, “mənimdir” deyib əsl vətəndaş kimi bu tərəqqiyə sahib çıxmaqdır. “Mənə nə” deməklə nəinki vətənpərvərliyimizi, vətəndaşlığımızı, Tanrının bizə bəxş etdiyi adı belə itirmiş olarıq. Bu isə insanlığın sonu deməkdir.
Başqa sözlə, qorumaq təkcə dövlətin yox, həm də vətəndaşların vəzifəsidir. Bizim olanı bizə əmanət qoyulduğu kimi gələcək nəsillərə çatdırmaq üçün dövlətin bu niyyətlə həyata keçirdiyi tədbirlərin bilavasitə, özü də fəal iştirakçıları olmağı bacarmalıyıq. Bu zaman vətəndaşlıq nümayişindən, vətənpərvərlik duyğusunun mövcudluğundan söhbət gedə bilər. Şübhəsiz ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda belə insanların sayı çoxdur. Amma sayca çox yox, kifayət qədər olmalıyıq – xüsusilə yaşadığımız zamanda. O zaman ki, Yer üzü binə olandan bizim olana kimlərsə son iki əsrə yaxın bir müddət ərzində sahib çıxmağa çalışırlar.
Ana südü kimi haqqı-halalımız olan cümlə...
İnsanoğlunun xislətində yaradılışından ömrünün sonuna qədər belə bir psixoloji hiss mövcuddur: qarşılıq. Daha dəqiq desək, insan bəzən hansısa bir hərəkətinin, sözünün qarşılığında təmənna umur. Müəyyən məqamlarda bu, insanın ən təbii haqqıdır. Amma yeganə bir varlıq vardır ki, o, təmənnasız olaraq sevilir, ona təmənnasız olaraq xidmət edilir – VƏTƏN! Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.
Bəli, ömrünün ən çağlar dövrünü yaşayan, el dastanında deyildiyi kimi, şahin kimi səkən 30-35 yaşlı gənc bir insan, bu misraların müəllifi də daxil olmaqla yaşadığı bu bir qərinəlik müddətdə heç olmasa 3 dəfə özündən bu sualı soruşubmu, özünü bu sualın divanına çəkibmi? Soruşmalıyıq, özümüzü daxilən divana çəkməliyik: ən azından həyatda yaşama səbəbimizi öyrənmək üçün bu sual qarşısında, sözün həqiqi mənasında, tərləməliyik. Və çalışmalıyıq ki, bu tər utanc təri yox, zəhmət, fədakarlıq təri olsun. Onda şüurumuzda, əmin olun ki, öz-özlüyündə “Vətən üçün, deyəsən, mən də nəsə eləməyə çalışmışam”, – deyə ana südü kimi haqqı-halalımız olan cümlə qurulacaq.
Son olaraq deyə bilərik ki, Vətən mənim, sənin, bizim, sizin – hamımızındır. Vətəni olmaq həm də azadlıq deməkdir. Bu azadlığın əbədiliyi isə bizim olanın layiqincə sevilməsi, qorunması və nəsildən nəslə ötürülməsi ilə mümkündür.
Səyyar MƏMMƏDOV