22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər Əliyevin kəlamlarının toplandığı miniatür kitablar toplusu çap edilib

Heydər Əliyev – adı Azərbaycan sözü ilə sinonimləşən Şəxsiyyət. O, əməlləri ilə, misilsiz xidmətləri ilə, bu dövləti qurmaq, qorumaq kimi müqəddəs missiyanı uğurla yerinə yetirməsinə görə ən böyük Azərbaycanlı idi. Hələ sovetlər dövrü haqqında danışan bir çox insanlardan eşitmişəm. Deyirlər ki, o zaman xarici ölkələrə gedəndə Azərbaycandan olduğumuzu deyirdik. Çoxları bizə “Azərbaycan haradır?” sualını ünvanlayırdı. Biz isə “Heydər Əliyevin vətənindənik” deyəndə dərhal tanıyırdılar. Bu mənada ümummilli lider Heydər Əliyev şəxsiyyəti Azərbaycan boydadır.
Ulu öndərin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin “Qeyrət” mətbəəsinin direktoru, Azərbaycan və Avrasiya Yazıçılar birliklərinin üzvü, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov tərəfindən nəfis şəkildə nəşrə hazırlanmış “Qalib gəldi, qalib getdi” adlı miniatür kitablar toplusunu açarkən oxuduğum şeirdə də ən çox diqqətimi bir bənd çəkmişdi:

       Sözü qanun, qayda idi.
       Nəcabəti soyda idi.
       Azərbaycan boyda idi.
       Qalib gəldi, qalib getdi.

Birinci miniatür kitabda ümummilli liderimizin dövlətçilik və Azərbaycançılıq barədə söylədiyi qiymətli kəlamlar toplanılıb.

Bu gün ümummilli lider Heydər Əliyevin dövlətçilik yoluna və fəaliyyətinə nəzər saldığımız zaman bir həqiqətə bir daha əmin oluruq. Onun bütün fəaliyyəti ağıla, biliyə və savada əsaslanıb. Ulu öndərimiz Heydər Əliyev populist yox, praqmatik siyasətçi olub. Bir çoxları vəd verəndə, O, real addımlar atıb. Yəni “olacaq” deyil, “oldu” deyib həmişə. Onun nitqləri kimi fəaliyyətində də süni pafos olmayıb. O, reallığa, təcrübəyə və elmə, biliyə əsaslanıb. Miniatür kitablardan ikincisi ümummilli lider Heydər Əliyevin elm və təhsil haqqında kəlamlarından ibarətdir. “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”. Əslində, o zaman bir çox insanın, sadəcə olaraq, ümumi nitqin bir parçası kimi dəyərləndirə biləcəyi bu fikri XXI əsrdə biz bütün dünya miqyasında görürük. Görkəmli dövlət xadimi Heydər Əliyev bu fikri təkcə Azərbaycanın gələcəyi üçün deyil, ümumbəşəri mənada deyib. Bu gün dünya iqtisadiyyatına nəzər salaq. Dünyada qüdrətli olmaq üçün təbii sərvətlərdən daha önəmli olan insan kapitalıdır. Artıq mübarizəni sərvətlər deyil, “beyin”lər aparır. Çox zəngin təbii ehtiyatlara malik Hindistanla torpaq resursları baxımından belə, məhdud olan Yaponiyanın inkişafını müqayisə edərkən ortaya çıxan fərq, əslində, bunun nəticəsi deyilmi? Elə bu səbəbdən idi ki, ümummilli liderin digər bir kəlamında deyilir: “Bizim gənc­lərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış olsunlar”. Bu təhsilin əsasında isə, hər şeydən öncə, bilik, savad və elm dayanmalıdır. Çünki ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol budur. Elmə və biliyə əsaslanmayan fəaliyyət bünövrəsiz bina qurmaq kimidir. İkinci miniatür kitabda ulu öndərin bir kəlamı bu mənada daha çox diqqət çəkir: “Mən çox arzu edərdim ki, həm dövlət ali məktəbləri, həm də özəl ali məktəblər, birinci növbədə, gənclərə yüksək təhsil verməyi öz qarşılarında vəzifə kimi qoysunlar”.
Üçüncü miniatür kitabda ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət haqqında kəlamları toplanıb. Mədəniyyəti yüksək təbliğat və tərbiyə vasitəsi kimi dəyərləndirən Azərbaycan mədəniyyətinin ən qüdrətli hamisinin dəyərli fikirlərindən biri gənclərin milli ruhda tərbiyəsi ilə bağlıdır: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir”. Bu mənada ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolun ən real nümunəsi qismində gözümüzün qarşısına bugünkü Naxçıvan gəlir. Kitabda ulu öndərimizin belə bir fikri öz əksini tapıb: “Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla bunun sintezini yaratmaqda böyük rol oynamışdır”. Bəli, Naxçıvan bu gün də eyni yolla inamla və qəti şəkildə addımlayır.
Miniatür kitablar toplusunun dördüncü kitabında ümummilli lider Heydər Əliyevin ədəbiyyat haqqında kəlamları dərc edilib. “Biz belə hesab edirik ki, bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır”. Ümummilli liderimizin bu gün üçün də aktual olan bu müdrik fikri ilə başlayan miniatür kitabda dahi öndərin ədəbi proseslər, ədəbiyyatımızın qüdrətli simaları haqqında dəyərli fikirləri var.
“Heydər Əliyev və Naxçıvan” – beşinci miniatür kitab belə adlanır. Bu kitabda toplanan kəlamları oxuduqca düşünürsən ki, dahi öndərlə Naxçıvan arasında ən böyük oxşarlıq nədir? Düşmənlər əhatəsində qalarkən belə, məğrur dayanması və inandığı ideallar uğrunda əzmlə mübarizə aparması Heydər Əliyevlə Naxçıvanı birləşdirən ən ideal məqamdır. “Naxçıvanlılar nəyə qadir olduqlarını dünyaya həmişə nümayiş etdiriblər”. Bəli, ulu öndərin bu kəlamı bu diyarın insanını xarakterizə etmək üçün mükəmməl bir kəlamdır.
“Qalib gəldi, qalib getdi” miniatür kitablar toplusuna daxil edilən sonuncu – altıncı kitabda isə görkəmli şəxsiyyətlərin Heydər Əliyev haqqında fikirləri öz əksini tapıb. Rəcəb Tayyib Ərdoğan, Corc Buş, Bill Klinton, Süleyman Dəmirəl, Eduard Şevardnadze, Butros-Butros Qali, Seyid Məhəmməd Xatəmi, Vladimir Putin, Madlen Olbrayt, Jak Şirak, Zbiqnev Bjezinski, Xavyer Solana, Kofi Annan və onlarla digər dövlət xadimi və siyasətçilərin ümummilli liderimiz Heydər Əliyev haqqında söylədiyi yüksək fikirlər Heydər Əliyevin dünya səviyyəli dövlət xadimi olduğunu bir daha təsdiq edir.
Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu miniatür kitablar toplusu ziyalıların milli liderə sayğısının və sevgisinin daha bir töhfəsi hesab oluna bilər.

 Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR