22 Dekabr 2024, Bazar

Dahilik səviyyəsinə çatmış tarixi simalar, əslində, Tanrının seçilmiş insanlarıdır. Azərbaycan xalqı da öz tarixində hər dövr üçün böyük tarixi şəxsiyyətlər yetirə bilmişdir. Xalqımız XX əsrdə – hətta totalitar sovet rejimində belə, Azərbaycan xalqını təkcə SSRİ məkanında deyil, bütün dünyada tanıtdıran və dünya xalqları içərisində özünə layiq yer tutmasına nail olan ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmişdir.
Azərbaycan dövlətinin, xalqımızın tarixi taleyində müstəsna rol oynamış ulu öndər Heydər Əliyev zəngin və şərəfli bir ömür yolu keçmişdir. Ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir.

Ulu öndərimiz Azərbaycan dövlətinin, xalqımızın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmişdir. Xalqımız qarşısında müstəsna xidmətlərinə görə dahi şəxsiyyət hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmış, Azərbaycan xalqının ümummilli lideri adını qazanmışdır. Ulu öndər Heydər Əliyevin tərcümeyi-halını vərəqləsək, orada yalnız bir məqsəd, bir amal görmək mümkündür: Azərbaycan naminə çalışmaq, Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyət göstərmək.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycanın qurulması işinə 44 il bundan öncə başlamışdı. Dahi şəxsiyyət ötən əsrin 70-80-ci illərində sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmişdir. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətinə nəzər saldıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın yurdunun tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmətlə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. O, bu böyük iş uğrunda bütün gücü, biliyi, bacarığı və təcrübəsi ilə çalışırdı. 
Ulu öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanın bilavasitə uzaq perspektivinə, deməli, bu gününə yönəlmiş sırf milli xarakterli fəaliyyətini əyani surətdə sübuta yetirən yüzlərlə fakt göstərmək mümkündür. Dahi şəxsiyyətin fəaliyyəti, mahiyyət etibarilə, gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi demək idi. Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına çıxmış, ölkə­mizdə böyük abadlıq işləri görülmüş, respublikanın siyasi və mədəni həyatında mühüm əhəmiyyəti olan neçə-neçə obyektlər tikilib istifadəyə verilmişdir.
Tanrının onun üzərinə qoyduğu müqəddəs missiya tək bununla tamamlanmadı. Tale elə gətirdi ki, ümummilli liderimiz XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı sonradan müstəqil, suveren Azərbaycan dövlətinin rəhbəri kimi yeni tarixi şəraitdə də uğurla, ardıcıl şəkildə davam etdirdi.
Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, Azərbaycanı zamanın ağır məngənəsindən xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.
1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Həmin dövrdə Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə doğru sürüklənirdi. Ulu öndərimiz 1990-1993-cü illərin Azərbaycanını belə xarakterizə etmişdir: “Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir “cümhuriyyət” yaratmağa çalışdılar. Şimalda yeni hərəkat başladı, separatçılıq meyilləri artıq özünü göstərdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlamış təcavüzü, müharibə və Azərbaycanın daxili vəziyyətinin bu qədər ağır, bu qədər çətin olması, idarə oluna bilməməsi. Bundan istifadə edərək Ermənistan silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar. 1993-cü ildə Azərbaycan yanırdı”.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizi məhv olmaqdan qorumuş, onu dağılmaq təhlükəsindən xilas etmiş və möhkəmləndirmişdir. Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini reallığa çevirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüş, Vətəni və xalqı bəlalardan qorumuş, xilas etmişdir. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılmış, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılmışdır. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan kontrakt imzalanmış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi istiqamətində mühüm tədbirlər görülmüşdür. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olun­muş, hüquqi-demokratik prinsiplərə əsaslanan Kon­s­­­­titusiya qəbul edilmişdir. Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin qlobal fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi öz sağlığında xalqın qəlbində heykəlləşmiş, əbədiləşmişdir.
Böyük öndər Heydər Əliyev xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycanı bəxş etmişdir. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması ulu öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Ümummilli liderimiz Heydər Əliyev tək qüdrətli Azərbaycan dövləti yaratmayıb, eyni zamanda onun gələcək inkişafının strategiyasını da hazırlamış, Azərbaycana xidmətin ən kamil örnəyini nümayiş etdirmişdir.
Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir. Respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən Heydər Əliyevin həmişəyaşarlığı bir daha aydın olur. Xalqımız bütün varlığı ilə inanır ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Bu qələbələr bizi zirvələrdən-zirvələrə ucaldacaq və Azərbaycan cəmiyyətinin firavanlığını daim təmin edəcəkdir. Fəxrlə qeyd etdiyimiz firavanlıqda Naxçıvanın da xüsusi payı vardır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. Bütün bunlar isə zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasət yolumuza daim işıq saçır, bizi zəfərlərə aparır. Dünən belə idi, bu gün belədir, sabah da belə olacaq. Müasir Azərbaycanın bu gün əldə etdiyi bütün uğurlara görə xalqımız ulu öndərimizin 1993-cü ildə ali hakmiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələnmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün möhtərəm Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan hörmətli Prezidentimiz cənab İlham Əliyev davam etdirir”.

Dahi rəhbər vaxtilə böyük sevgi və inamla deyirdi: “Nə qədər ki Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam”. O, həmişə bizimlə olacaq, çiçəklənən Vətənimizin hər guşəsində onun abidəsi ucalacaqdır. Ümummilli liderin ən böyük abidəsi isə Azərbaycan xalqının qəlbindədir.

Qızıltac ŞAHBAZOVA
pedaqogika üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR