22 Dekabr 2024, Bazar

“Naxçıvan ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir...
Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir”.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqının tarixini özündə yaşadan Naxçıvan, buradakı tarixi abidələrin əhəmiyyəti barədə söylədiyi bu müdrik fikirlər qədim diyarımızın təkcə siyasi, iqtisadi baxımdan deyil, həm də tarixi baxımdan nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Çünki tarixi abidələr xalqın milli kimliyinin göstəricisi, milli və mənəvi varlığının maddiləşmiş sübutudur. Bu sübutlar olmadan, bu dəlillər qorunmadan müasir qloballaşan dünyada bir xalq, bir millət kimi öz varlığını qoruyub saxlamaq, dünyanın ali mədəni millətlərindən biri kimi gələcəyə inamla addımlamaq mümkün deyildir.

Bu baxımdan bu gün Naxçıvan ərazisindəki abidələrin qorunması, tədqiqi və təbliği həm milli, həm tarixi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki tarix hansısa adların və toponimik vahidlərin yozulmasından daha çox tarixi abidələrin və maddi-mədəniyyət nümunələrinin əsasında yazılır. Ümummilli lider Heydər Əliyev ideyalarının son 18 illik zaman kəsiyində ardıcıllıqla həyata keçirildiyi Naxçıvanda bu istiqamət də diqqətdən kənarda qalmamışdır. Naxçıvanın tarixinin öyrənilməsi və təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamları ilə beynəlxalq səviyyəli elmi tədbirlərin keçirilməsi, yerli və beynəlxalq ekspedisiyaların təşkil olunması, tarixi abidələrimizin əsaslı tədqiqindən sonra restavrasiyası, Naxçıvanda elmi kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər dediklərimizə sübutdur. 
Təbii ki, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği haqqında danışarkən, ilk növbədə, Naxçıvan şəhərinin, indiyə qədər qorunub saxlanılmış, xalq arasında “Köhnəqala” adlandırılan Naxçıvanqalanın tarixinin öyrənilməsi, maddi mədəniyyətimizin şah əsərlərindən biri olan bu qalanın qorunması və təbliği xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə milli kimliyimizin, bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan qalada əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. İlk mərhələdə Naxçıvan Muxtar Respublikası Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı ustaları abidəni əvvəlki görkəminə qaytarmağa çalışmışlar. Ümumi ərazisi 12 min kvadratmetrdən artıq olan qalanın 600 metr uzunluğunda divarları, bürclər yenidən qurulmuşdur. Adıçəkilən Tədbirlər Planına uyğun olaraq, abidənin ərazisində muzeyin yaradılması da nəzərdə tutulmuşdu. Qalanın daxili hissəsində nəzərdə tutulan muzey binasının inşası artıq yekunlaşmaq üzrədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” Sərəncamında qeyd olunduğu kimi, Naxçıvanqala təkcə müdafiə məqsədi daşımamış, eyni zamanda bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin də ayrılmaz elementinə çevrilmişdir.
5000 illik şəhər mədəniyyəti tarixi olan Naxçıvanın tarixinin ən möhtəşəm dövrlərinin izlərini bu gün də özündə qoruyub saxlayan Naxçıvanqalada tapılmış arxeoloji materialların bəzilərinin tarixi Tunc dövrünə qədər gedib çıxır. İlk orta əsrə aid mənbələrdə Naxçıvan şəhəri ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edilir.
XIII-XIV əsrlərdə yaşamış orta əsr coğrafiyaşünası Həmdullah Qəzvini fars dilində yazdığı “Nühzətül-qülub” (“Ürəklərin əyləncəsi”) əsərində Naxçıvan şəhərinin Araz çayının sahilindəki düzənliklərdə yüksələn təpə üzərində yerləşməsi, müdafiə məqsədilə şəhərin hərbi qala istehkamı ilə əhatə olunması haqqında məlumat vermişdir.
XIII əsrin əvvəllərində yazılmış “Əcaib əd-dünya” əsərində isə Naxçıvan belə təsvir olunur: “Naxçıvan – Azərbaycanda şəhərdir, böyükdür və əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. Çoxlu saraylar, şəhərkənarı qəsrlər – köşklər və təmtəraqlı eyvanlar tikilib; şəhərin yanında daşdan qala tikiblər, qalada mədrəsə, məscid inşa ediblər; qalada şirinsulu bulaq var. Deyirlər ki, Yer üzündə bundan çox əhalisi olan şəhər yoxdur”.
Naxçıvanqala türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə, monqollar dövründə ciddi dağıntılara məruz qalmışdır. Tarixi məlumatlar təsdiqləyir ki, bu qala XVIII-XIX əsrlərə qədər Naxçıvanın müdafiəsində əhəmiyyətli rol oynamışdır. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri verilmişdir. Plana əsasən, qala iki hissədən – kiçik qala (Narınqala) və Böyük qaladan ibarətdir. Narınqalanın qalıqları günümüzədək qorunub saxlanmışdır. Qala divarları daş qatışığı olan möhrədən inşa edilmiş, yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınmış, onların üstündən döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunmuşdur. Naxçıvanqalanın altından keçən kəhrizlər istər dinc, istərsə də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına, eləcə də ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.
Naxçıvanqalanın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri isə məlum sərəncamda da vurğulandığı kimi, qala divarları yaxınlığında Nuh peyğəmbərin məzarının mövcudluğudur. Bu mənada əgər Naxçıvanqala Naxçıvan şəhərini müdafiə etmişdirsə, Nuh peyğəmbərin məzarı şəhərin Tanrı tərəfindən hifz olunmasının rəmzinə çevrilmişdir. Bəlkə də, elə bu səbəbdəndir ki, bu tarixi abidələr haqqında məlumatlar və onların qalıqları bu günümüzədək gəlib çatmışdır. Nuh peyğəmbərin məzarüstü türbəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə bərpasından, Nuh peyğəmbərin Naxçıvanla bağlılığı haqqında dəyərli elmi araşdırmaların aparılmasından, elmi simpozium və konfransların keçirilməsindən sonra 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılması, bu tarixi ərazidə yenidənqurma və bərpa işlərinin yüksək zövqlə, eyni zamanda tarixi mənbələrin verdiyi məlumatlara əsaslanaraq aparılması, Naxçıvanqalanın əvvəlki görkəminin özünə qaytarılması təkcə tariximizin qorunması demək deyil.

Bu gün bərpa olunan bu qala tariximizi sevən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanı qorumağı, hifz etməyi, bu diyara tarixinin Üçüncü İntibah dövrünü yaşatmağı ən ali amal, ən müqəddəs vəzifə kimi müəyyənləşdirənlərin adını da özü ilə bərabər əbədi olaraq tarixə həkk edəcəkdir. 

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR