İyunun 1-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışmış, bu sahədə həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət uşaq siyasətinin başlıca məqsədi sosial vəziyyətindən asılı olmayaraq, bütün uşaqların öz hüquqlarından bərabər şəkildə istifadə etməsinin təmin olunmasından, onların düzgün tərbiyə olunması üçün hər cür şəraitin yaradılmasından ibarətdir. Vurğulanmışdır ki, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 may tarixli Fərmanı uşaq hüquqlarının qorunması istiqamətində imzalanmış mühüm dövlət sənədidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli və 2010-cu il 19 aprel tarixli sərəncamlarına müvafiq olaraq, Naxçıvan Dövlət Uşaq Teatrı və Uşaq Filarmoniyasının yaradılması, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının fəaliyyət göstərməsi uşaqların estetik tərbiyəsi, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili kimi məsələlərdə mühüm rol oynayır. “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən, “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis olunması, “Qızıl kitab”a adları yazılmış gənc istedadlar üçün xüsusi təqaüdün təsis edilməsi, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan uşaqlara hərtərəfli dövlət qayğısının göstərilməsi gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsinə xidmət edir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının, Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasının balaca fidanlarının ifalarında mahnı, şeir və rəqs nümunələri təqdim edilmişdir.
Sonra istedadlı uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış olmuş, bayram tədbiri Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında davam etdirilmişdir.
Səbuhi HƏSƏNOV