22 Dekabr 2024, Bazar

Qeyri-ənənəvi tibbi fəaliyyətləri və təbii yollarla apardığı müalicələrlə dünyada məşhur olan professor-doktor Əhməd Marankinin Naxçıvana budəfəki səfərinin əsas məqsədi “Duzdağ” otelində dünyanın və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar üçün sağlamlıq kurslarının təşkil olunmasıdır. May ayının 26-na qədər davam edəcək kurslarda bədən sağlamlığı və insan orqanizmindəki zəhərli (toksikoloji) maddələrin zərərsizləşdirilməsi prosedurları həyata keçirilir. Tamamilə təbii yollarla, otlar və düzgün qidalanma vasitəsilə aparılan müalicə proseduru əvvəllər dünyanın müxtəlif yerlərində 32 dəfə türkiyəli mütəxəssis və onun rəhbərlik etdiyi heyət tərəfindən həyata keçirilib.
– Naxçıvana xoş gəlmisiniz. Bilirik ki, bir müddət Türkiyə Respublikasında dövlət sektorunda çalışmısınız, XX əsrin 90-cı illərində Azərbaycanda BMT nümayəndəliyində fəaliyyət göstərmisiniz, eyni zamanda bir sıra universitetlərimizdə işləmisiniz. Dünya isə sizi daha çox qeyri-ənənəvi tibb vasitəsilə insanların sağlam həyat tərzi yaşamasına yardımçı olan bir tibb mütəxəssisi kimi tanıyır. Əhməd Maranki özü-özünü oxucularımıza necə təqdim edərdi?

– Əhməd Maranki kimdir? 1993-cü ildə Türkiyədə Baş nazirlikdə rəsmi vəzifədə çalışdığım vaxt inkişaf proqramlarının həyata keçirilməsində iştirak etmək məqsədilə Azərbaycana gəldim. Burada BMT-nin universitetlər üzrə səlahiyyətli nümayəndəsi idim. O vaxt çox ağır dövrlərini yaşayan Azərbaycanda həm BMT-nin inkişaf proqramlarının həyata keçirilməsinə cavabdeh şəxs idim, həm də BMT könüllüsü kimi fəaliyyət göstərirdim. Əslində, əvvəlcə birillik müddətə gəlmişdim. Sonra həyat yoldaşımla qərar verdik ki, fəaliyyətimizi Azərbaycanda davam etdirək. Beləliklə də, 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycanda qaldıq. Universitetlərdə kafedraların qurulmasında, təhsil proqramlarının həyata keçirilməsində iştirak etdik. Azərbaycan üçün Əhməd Maranki bu şəxsdir. 
Türkiyə və dünya üçün isə “Əhməd Maranki tibb sahəsində məşhur bir mütəxəssisdir”, – deyirlər. Dünyada 1000 konfrans təşkil etmişəm. Bunun 700-ü Avropada olub. 750 ədəd bitki tərkibli müxtəlif məhsulların patentini almışam, bu məhsulların patenti məhz Türkiyəyə aiddir. Bütün bunları Anadoluda bitən bitkilərlə hazırlamışıq, amma Naxçıvandan topladığımız bir çox bitkilərdən də istifadə etmişik. İstanbulda Kosmik Yaşam mərkəzlərimiz var. Biz bu mərkəzlərdə bir gün içində insanları müayinə edirik. İnsanlara xəstəliklərin müalicəsi yollarını deyil, xəstələnməmə yollarını öyrədirik. Duzla, daşla, bitkilərlə, balıqla, masaj və düşüncə gücü ilə müalicə üsulları tətbiq edirik. İndi isə bütün bu prosedurlardan istifadə etməklə insanlara sağlamlıq bəxş etmək üçün burada – “Duzdağ” otelindəyik.
– Qeyd etdiniz ki, bəzi bitkiləri məhz Naxçıvandan toplamısınız. Necə düşünürsünüz, bu bitkilərin Naxçıvanda toplanaraq istehsala cəlb olunması, dərman bitkilərinin xaricə ixracı mümkündürmü?
– Batabat yaylaqları daha çox diqqətimi çəkib. Dağlardakı yemişanları, həmərsinləri, quşburnularını və bir çox digər bitkiləri mal-qara və davarlar yeyir. Təəssüf ki, bu cür şəfalı bitkilər toplanmır. Dünyanın buna ehtiyacı var. İlk mərhələdə bu bitkiləri toplamaq, sonrakı mərhələdə isə bitkilərin qurudulması üçün istehsal sahəsi quraraq həmin bitkilərdən hazırlanmış müxtəlif məhsulları dünya bazarına çıxarmaq haqqında müəyyən fikirlərimiz var. Əgər bunu tətbiq etmək mümkün olsa, Türkiyədə “ailə ziraatı” deyilən sistem, yəni ailə təsərrüfatları burda da uğurla reallaşdırıla bilər. Bu isə insanların gəlirlərinin, sosial durumunun daha da yüksəlməsinə gətirib çıxarar. Ailələrin bu bitkilərin toplanılmasına cəlb olunmasının üstünlüyü nədədir? Bilirsiniz, 65, 70, 80 yaşında olan insanlar da, kiçikyaşlı uşaqlar da bu işlə məşğul ola bilərlər. Bu, onlar üçün iş deyil, məşğuliyyət və hobbiyə çevrilə bilər.
Biz bu işləri görmədiyimiz üçün xaricdən aldığımız kimyəvi tərkibli dərmanlara milyonlarla pul xərcləyirik.
– 2011-ci ildəki səfəriniz zamanı Naxçıvanı gördükdən sonra buranı ABŞ-ın Nyu-Cersi ştatının Brukly bölgəsinə bənzətmişdiniz. Bu yaxınlarda isə Naxçıvanda olan ABŞ-lı jurnalist “Naxçıvan Qafqazın San-Fransiskosudur” dedi. Düşünürsünüzmü ki, Naxçıvanın bu sürətli inkişafı elə bir həddə gəlib çatacaq, artıq Naxçıvanı hansısa inkişaf etmiş bölgələrə deyil, o bölgə və şəhərləri Naxçıvana bənzədəcəklər?
– Mənim fikrim doğru çıxdı. Əslində, Naxçıvan kifayət qədər inkişaf edib. Amma bilirsinizmi, önəmli olan nədir? Bu inkişaf, bu tərəqqi dünyaya tanıdılmalıdır. Mən bura gəlməmişdən öncə Londona getmişdim. Orda radiolarda və keçirdiyim görüşlərdə də Naxçıvan haqqında danışdım. 10 gün ərzində Avropada 14 konfrans keçirildi. İsveçdə, Norveçdə, Fransada, Belçikada, Almaniyada, Hollandiyada keçirdiyim bütün konfranslarda Naxçıvandakı Duzdağdan bəhs etdim. Dedim ki, mən növbəti pro­qramı orda həyata keçirəcəyəm. Belə bir sualla qarşılaşırdım: “Naxçıvan haradır?”. Mən 90-cı illərdə ABŞ-a getdiyim zaman “Türkiyədən gəldim”, – deyəndə amerikalı tarix professoru “Türkiyə haradır?” sualını vermişdi. Bunun mənası odur ki, inkişafla yanaşı, tərəqqinin, sahib olduqlarının təbliği də mühüm əhəmiyyət daşıyır. İnanın, dünyada, əslində, heç bir şeyə sahib olmayan elə bölgələr var ki, onları təbliğat və reklamla gözümüzdə böyüdüblər. Amma Naxçıvan bu qədər zənginliklərə sahibdir. Tarixi, təbiəti, turizm imkanları, müasir inkişafı daha yaxşı təbliğ olunarsa, Naxçıvan Şərqə və Qərbə mütləq gözəl bir nümunə olacaq. Tarix və müasirliyin vəhdətinin qorunmasını dünya burdan öyrənəcək.
– Budəfəki gəlişiniz, təşkil etdiyiniz sağlamlıq düşərgəsinin səbəbləri və məqsədlərindən danışaq...
– Burada 33-cü sağlamlıq düşərgəsini təşkil etmişik. Bu tip kampların 32-si digər ölkələrdə – Almaniya, İsveç, Norveç və Türkiyə kimi ölkə­lərdə təşkil olunub. Biz bu düşərgələrdə xəstə müalicəsi aparmırıq. Sadəcə, insanların ruhi və fiziki sağlamlıqları üçün çalışırıq. Bu pro­qramlar ildə iki dəfə keçirilməlidir: yazda və payızda yeddi gün ərzində. İnsanlar bu barədə kitabımızı əldə edib kursu evlərində də həyata keçirə bilərlər. Bu kursu keçən insanlar kökəlmə problemini çox rahat bir şəkildə həll edə bilərlər. Şəkər və xolesterol xəstələri, sonsuzluq problemləri sahəsində ciddi irəliləyişlərə nail ola bilirik. Bizim 25 nəfərlik heyətimizin tərkibində bu sahələrin mütəxəssisi olan insanlar var. Hazırda 100-dən çox insan düşərgəmizə qatılıb. Bizə müraciət edənlərin 40 faizi, əsasən, Türkiyədən gələn qonaqlardır. Azərbaycanın digər bölgələrindən gələn insanlar da var. Həmçinin Ukrayna və Bolqarıstandan gələnlər də düşərgəmizə qoşulublar.
– Dediniz ki, bu proqram yazda və payızda tətbiq olunmalıdır. Deməli, bu payızda daha bir sağlamlıq düşərgəsi təşkil ediləcək.
– Düşünürük. Lakin, təbii ki, bununla bağlı dəvət alsaq, tələbat olsa, gələcəyik.
Professor-doktor Əhməd Marankidən müsahibə alarkən həyat yoldaşı, 25 nəfərlik tibbi heyətin əsas üzvlərindən biri olan Almaz xanım Maranki bizə yaxınlaşır. Azərbaycana bağlı olan bu ailənin bağlılığının sirrini öyrənmək üçün növbəti sualımızı məhz Almaz xanıma ünvanlayırıq.
Almaz xanım, Maranki ailəsini Azərbaycana bağlayan, Naxçıvana bağlayan nədir?
– İlk növbədə, hamımızın türk olmağımızdır bizi bura bağlayan. Hamımız oğuz boyundanıq. Qan, dil, din bağlılığımız var. Mən özüm Qafqaz əsilliyəm. Ata-babalarım məhz burdan Anadoluya gedib. Hələ Sovetlər Birliyi dağılmamışdan öncə hər zaman xəritəyə baxardıq, deyərdik ki, görəsən, bizim ata-baba torpaqlarımız necə yerlərdir. Məni yetişdirən müəllimlərimdən biri azərbaycanlı idi. Onun babası Çanaqqala müharibəsində iştirak etmək üçün o vaxt Türkiyəyə köməyə gəlmişdi. Elə bu da göstərir ki, təkcə Türkiyə deyil, Azərbaycan da Türkiyəyə müxtəlif dövrlərdə kömək edib.
Bəs Naxçıvan nəyi ilə fərqlənir?
– Naxçıvan Anadoluya çox bənzəyir. Bir də buranın havası, suyu, burda yetişdirilən məhsullar tam bir fərqli aləmdir. İnsan bura gələndə, buranın tarixi və mədəniyyəti ilə tanış olduqda valeh olmaya bilmir.
– Maraqlı müsahibənizə və insanlarımıza sağlamlıq bəxş etmək üçün bura sizi gətirən xoş niyyətlərinizə görə minnətdarıq.

 Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR