Türkiyənin Radio-Televiziya Qurumunun (TRT) bir qrup əməkdaşı Türk Tarix Qurumunun üzvü, Naxçıvanın tarixinin xarici tədqiqatçılarından biri olan professor-doktor İbrahim Ethem Atnurun rəhbərliyi altında Naxçıvanda yeni bir tarixi filmin çəkilişlərini aparıb. Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan tarixinin (1918-1921) əsas tədqiqatçılarından biri olan İbrahim Ethem Atnurla “Şərq qapısı” qəzetinin redaksiyasında görüşdük, son 17 il ərzində, demək olar ki, tamamilə yenidən qurulan Naxçıvan haqqında təəssüratlarını öyrənmək, çəkilən filmlə bağlı daha geniş məlumat almaq üçün ona bir neçə sual ünvanladıq:
– Naxçıvana xoş gəlmisiniz. Sizin “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921)” adlı kitabınız muxtariyyət ərəfəsində Naxçıvanın tarixinə həsr olunub. Bu əsər Naxçıvanın o dövr tarixinə aid ilk tədqiqatlardan biridir. Niyə məhz Naxçıvan və yaxud İbrahim Ethem Atnuru Naxçıvana bağlayan nədir?
– Biz illər boyu bağlı sərhədlər arxasında qalmış Azərbaycana həmişə həsrət çəkmişik. Tədqiqat mövzusu kimi Azərbaycanı, daha konkret desək, Naxçıvanı seçməyimə əsas səbəb bu olmuşdu. Digər bir tərəfdən, o zaman üçün bu, araşdırılmamış bir mövzu idi. Məlumdur ki, elmi dərəcə almaq üçün doktorluq mövzusu seçərkən tədqiq olunmamış mövzu seçmək lazımdır. Mən də müəllimlərimin tövsiyəsi ilə Naxçıvan mövzusunu seçdim.
Lakin etiraf edim ki, mövzunu seçdikdən sonra çox çətinliklər çəkdim. Çünki o zamana qədər Türkiyədə bu mövzu araşdırılmamışdı. Çox məhdud çərçivədə məlumata sahib idik.
Mövzunun ətraflı tədqiqinə çətinlik törədən amillərdən biri də bəhs olunan dövrdə Naxçıvanın indiki sərhədlərdən daha geniş ərazini əhatə etməsi idi. O dövrün Naxçıvanı tarixdən də məlumdur ki, İrəvanın cənubundan başlamış İqdır, Sürməli, Sərdarabad, Vedibasar və digər ərazilər də daxil olmaqla böyük bir ərazini əhatə edib.
Doğrusunu deyim ki, mən bu mövzudan imtina etməyə iki dəfə cəhd də göstərmişəm. Ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə ilə Naxçıvan arasında bir körpü açıldı. 1992-ci ilin 28 mayında istifadəyə verilən Sədərək-Dilucu körpüsü bizi qardaşlarımızla qovuşdurdu. Mən də dərhal Naxçıvana gəldim. İnanın, o vaxt Naxçıvanda qalanda çox çətinliklərlə qarşılaşdım. İndi bu qarşı tərəfdə gördüyümüz yaraşıqlı “Təbriz” mehmanxanası o vaxt bərbad vəziyyətdə idi. İnsanlar ağacları kəsib evlərinə aparırdılar. Çünki yanacaq yox idi. İndi gözəl bir yaşayış məntəqəsinə çevrilmiş Sədərək o zaman ermənilər tərəfindən bombalanmışdı. Ordubadda, Batabat istiqamətində müharibə gedirdi. Lakin naxçıvanlılar bütün məhrumiyyətlərə baxmayaraq, düşmən qarşısında dirəniş göstərirdilər. Düşmən qarşısında əyilməyən naxçıvanlıların hələ o zaman dost qarşısında necə istiqanlı və səmimi olduqlarını gördüm. O çətin vaxtlarda insanlar mənə çox kömək etdilər. Rayonları gəzirdim, insanlarla ünsiyyət qururdum. Bəzi kitablarla tanış oldum. Amma o zaman mənim üçün ən maraqlı mənbələrdən biri “Şərq qapısı” qəzeti oldu. Hələ o zaman “Şərq qapısı” qəzetində Naxçıvanın muxtariyyət ərəfəsindəki tarixi ilə əlaqədar bir sıra yazılar çap edilmişdi. Lətif Hüseynzadə ilə tanış olduq. O, həmin dövrü görmüş bir insan kimi bizə çox dəyərli məlumatlar verdi.
Sonralar isə mövzu ilə bağlı digər məlumatları da Azərbaycan, Türkiyə, İngiltərə və Amerika hərbi arxivlərindən əldə etdim. Təsəvvür edirsinizmi, bunlar nəyin göstəricisidir? Bunlar Naxçıvanın tarixin bütün dövrlərində strateji əhəmiyyətini qoruyub saxladığını sübuta yetirir.
“Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921)” adlı kitabım əvvəlcə Türkiyədə çap olundu. 1999-cu ildə isə tədqiqatlarımın nəticəsi olan kitabı burada “Muxtariyyət ərəfəsində Naxçıvan” adı ilə çap etdilər. Sonralar kitabım ikinci dəfə 2001-ci ildə Ankarada Türk Tarix Qurumunda çap edildi.
– Qeyd etdiniz ki, XX əsrin 90-cı illərində siz buraya gələndə soyuq otaqlar, soyuq evlər, amma istiqəlbli insanlar gördünüz. Budəfəki gəlişinizdə Naxçıvanı necə gördünüz?
– Sonuncu dəfə Naxçıvana 2008-ci ildə gəlmişdim. Naxçıvanın inkişafının canlı şahidi oldum. Amma indi gördüyüm Naxçıvan, həqiqətən də, məni heyrətləndirib. Qısa zaman ərzində çox şey dəyişib. Mən Azərbaycanın digər regionlarında da olmuşam. Bütün regionlar inkişaf edib, amma Naxçıvan daha üstün inkişaf səviyyəsinə gəlib çatıb. Bu da mütləq mənada yerli idarəçiliyin əsas uğurlarından sayılmalıdır. Nəinki şəhərlər, rayon mərkəzləri, hətta kəndlərdə belə, yeni binalar, hətta deyərdim ki, sadəcə, binalar yox, memarlıq abidələri yaradılır. Quruculuq işlərini burada xüsusi zövqlə həyata keçirirlər. Buranı tərif etmək üçün demirəm. Tam ciddiyəm: mən belə yolları ancaq Amerikada görmüşəm. Biz TRT-nin heyəti ilə kəndlərdə olarkən tikilən yeni məktəb binalarını gördük. Bir şeyə əmin olduq: dövlət neftdən gələn gəlirlərini sərmayə şəklində gələcəyə, insanların inkişafına yönəltməkdədir.
Naxçıvan çox dəyişib. Dəyişməyən bir hal var: o da insanların isti münasibətləridir.
– Naxçıvana budəfəki gəlişinizin məqsədi nədir?
– Bu dəfə ssenarisini özüm yazdığım bir sənədli film çəkirik. Bilirsiniz ki, 1918-ci ildə Osmanlı orduları bu ərazilərdən geri çəkilərkən yerli əhali bir neçə hökumət qurub. Naxçıvan ərazisində ermənilərə qarşı müdafiəni təşkil etmək məqsədilə Araz-Türk Respublikası, bir az qərbə doğru Qars İslam Şurası, bir az yuxarı ərazilərdə isə Ahıska Türk Hökuməti yaradılıb. Bu ərazilərdə sonradan qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin rəhbəri Cahangiroğlu İbrahim bəy adlı bir insan olub. Bu insan əslən gümrülüdür, lakin Qarsda böyüyüb. Cahangiroğlu İbrahim bəyin Naxçıvanın tarixində də xidmətləri var. O, Naxçıvanda qurulan Araz-Türk Respublikasının hərbi naziri olub. Biz onun haqqında portret filmi çəkirik. Yəni mənim yazdığım bir tarix kitabını filmləşdiririk. Ssenarini yazarkən düşündük ki, bu insan haqqında film çəkiriksə, çəkilişlərin bəzi hissələri mütləq Naxçıvanda aparılmalıdır.
– Bu həm də Naxçıvan üçün bir tanıtım filmi olacaq?
– Bəli, belə də demək mümkündür. TRT-nin dünyanın hər yerində yayımlandığını bilirsiniz. Bu şirkət bir neçə televiziyanı birləşdirir və çəkdiyimiz film bu televiziyalarda yayımlanacaq. Deməli, insanlar həm də Naxçıvanın tarixi haqqında, Naxçıvan haqqında daha geniş məlumat əldə etmək imkanı qazanmış olacaqlar. İnsanlar bu bölgədə yaşayan əhalinin əsrin əvvəllərində hansı qəhrəmanlıqları nümayiş etdirdiklərinin şahidi ola biləcəklər.
Təkcə tarixi hadisələri deyil, həm də burada – Naxçıvanda yaradılan mədəniyyəti dünyaya nümayiş etdirəcəyik. Biz Möminə xatın, Qarabağlar türbələrində çəkilişlər apardıq. Bu abidələr təkcə memarlıq inciləri deyil, həm də bu torpağın kimə aid olmasını sübut edən sənədlərdir.
– Bir tədqiqatçı kimi Naxçıvanın müasir dövr tarixinə aid tədqiqat əsərləri yazmaq fikriniz varmı?
– Mən, ümumilikdə, Azərbaycanın müasir dövr tarixinə aid bir çox yazılar yazmışam. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Naxçıvanın blokada vəziyyətinə düşməsi ilə bağlı bir çox məsələlərə yazılarımda toxunmuşam. Amma mən bəzən düşünürəm ki, blokada şəraiti Naxçıvanın inkişafını dayandıra bilməyib. Naxçıvanlıların əzmi və cəsarəti sayəsində Naxçıvan inkişaf edib. Konkret olaraq Naxçıvanın müasir tarixi ilə bağlı nə isə yazacağımı hələ ki planlaşdırmamışam. Ancaq bu barədə düşünürəm. Lakin müxtəlif elmi konfranslarda, kütləvi informasiya vasitələrinə müsahibələrimdə bu haqda danışacağım şəksizdir.
Bir daha vurğulayım ki, Naxçıvan blokadaya baxmayaraq, sürətlə inkişaf edib. Burda 50 il ərzində görüləcək işlər 15 ildə görülüb. Naxçıvan düşmənlərə gözdağına çevrilib.
– Maraqlı müsahibəyə görə sağ olun.
Elnur Kəlbizadə