Dünən Naxçıvan Özəl Universitetində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev lektoriyası”nın “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
Lektoriyanı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, Milli Qurtuluş Günü xalqımızın həyatında ən mühüm mərhələnin başlanğıcıdır. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş əhəmiyyətli addımlar atılmışdır.
Sonra “Milli Qurtuluş Günü Azərbaycan milli dövlətçiliyinin xilas günüdür” mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə anarxiyanın, hərc-mərcliyin qarşısı alınmış, Vətənimiz düşdüyü bəlalardan xilas olmuşdur. Xalqımızın böyük oğlu qısa müddətdə ölkədə baş vermiş vətəndaş qarşıdurmasının qarşısını almış, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatlar həyata keçirilməsini təmin etmişdir.
Vurğulanmışdır ki, zamanı tarixləşdirən, əbədiləşdirənlər müdrik şəxsiyyətlərdir. Tarix əbədiliyi, bəşəriyyət isə azad və firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Biz ulu öndərə ona görə borcluyuq ki, dahi şəxsiyyət öz qayıdışı ilə müstəqilliyimizi, bütövlükdə, Azərbaycanımızı xilas etmişdir.
Ötən müddət ərzində respublikamız böyük inkişaf yolu keçmiş, ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafın bəhrələrini muxtar respublikamızda hər bir sahədə görmək mümkündür. Ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyası, onun ideyalarına sədaqət bu qədim diyarın hərtərəfli tərəqqisinə səbəb olmuşdur.
Lektoriyaya İbrahim Kazımbəyli yekun vurmuşdur.
Xəbərlər şöbəsi