Müasir dövrdə hər bir dövlətin milli təhlükəsizlik maraqlarının qorunması zərurəti bir sıra mühüm amillərlə yanaşı, miqrasiya proseslərinin düzgün tənzimlənməsindən də asılıdır. Qloballaşma prosesləri ilə bağlı dövlətlər arasında faktiki sərhədlərin tədricən aradan qalxması, transmilli korporasiyaların nüfuz dairəsinin genişlənməsi, istehsal, istehlak və ticarətin unifikasiyası şəraitində miqrasiya problemləri də qlobal səciyyə daşıyır. XXI əsrin başlanğıcında dövlətlərin bir-biri ilə siyasi, sosial-iqtisadi, mədəni, xarici ticarət əlaqələrinin genişlənməsi dünya əmək bazarında müxtəlif problemlərlə müşayiət olunur.
Belə şəraitdə inkişaf etmiş, habelə sürətli inkişaf yolunda olan dövlətlər miqrasiya proseslərinin daha ciddi təsir və təhdidlərinə məruz qalırlar. Bəzi ölkələrin inkişaf səviyyəsindəki kəskin fərq, əmək bazarlarının daha cəlbedici olması, əməkhaqqının yüksək səviyyəsi, biznes mühitinin liberallığı, azad iqtisadi zonaların mövcudluğu və digər amillər miqrasiya proseslərini stimullaşdırır. Eyni zamanda milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər də insanların bir ölkədən digərinə kütləvi şəkildə miqrasiyasına səbəb olur. Təhlükəli məqam ondan ibarətdir ki, bu zaman insanlar təkcə qanuni deyil, qeyri-qanuni miqrasiya vasitələrindən də istifadə edirlər. Yəni hər hansı ölkəyə leqal yolla gedərək yaşamaq və işləmək hüququ əldə etmədən mövcud qanunları, sivil birgə yaşayış normalarını kobud şəkildə pozur, yerli əmək bazarında problemlər yaradırlar.
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi ən aktual problemlərdən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktik addımlar yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra atılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin düşməsini, o cümlədən respublikanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsini, əhəmiyyətli tranzit-kommunikasiya imkanlarını nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir. Ulu öndərimiz miqrasiya haqqında fikirlərini belə ifadə etmişdir: “Miqrasiya təbii prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən, müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.
Ümummilli liderimiz Heydər Əliyevin bu sahədəki fəaliyyəti də ölkəmizdə uğurla davam etdirilməkdədir. Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. Bu reallıqları nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Dövlət başçısı bu istiqamətdə ilk mühüm addımlarından biri kimi hələ 2006-cı il 25 iyul tarixində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara, müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər öz əksini tapmışdır. Miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan ölkə başçısı 19 mart 2007-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalamışdır. Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə əngəllərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də bu sahədə “bir pəncərə” sisteminin tətbiqidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Muxtar respublikamızın sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən son 17 ildə həyata keçirilən islahatlar nəticəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermiş, əldə edilmiş makroiqtisadi sabitlik innovasiyalı iqtisadiyyata keçidin təmin olunması üçün böyük imkanlar yaratmışdır. Yeni müəssisələrin və iş yerlərinin yaradılması, tikinti sektorunun intensiv inkişafı, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, insanların maddi rifah halının yüksəlməsində əhəmiyyətli nailiyyətlərin əldə olunması əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasına olan marağını artırmış, buraya axın etməsinə şərait yaratmışdır.
Muxtar respublika ərazisində də miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.
Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Naxçıvan Muxtar Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsini təmin edir. Bundan başqa, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikanın ərazisində müvəqqəti və daimi yaşayış yeri üzrə qeydiyyata alınması, müvəqqəti və daimi yaşama vəsiqələrinin verilməsi işini də həyata keçirir. Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin olunması, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu, təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində vahid informasiya sistemi – Vahid Miqrasiya Məlumat Sistemi yaradılmışdır.
Miqrasiya proseslərinin həyata keçirilməsində böyük rolu olan bu sistemin ”Giriş-çıxış və qeydiyyat“ idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması təmin olunmuşdur.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“Azərbaycan Respublikası Qanununa əsasən, mehmanxanalara gələn hər bir əcnəbi haqqında məlumatların Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilməsi məqsədilə 2013-cü ilin fevral ayında Vahid Miqrasiya Məlumat Sistemi üzərində “Mehmanxana altsistemi” proqram təminatı yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası region üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşdiyindən muxtar respublika ərazisində çoxsaylı tranzit miqrantların hərəkəti müşahidə edilir. Dövlət Miqrasiya Xidməti qarşısında duran vəzifələrdən biri də bu qəbildən olan miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Bu proseslərin tənzimlənməsi məqsədilə sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələri yaradılmışdır. Bu bölmələr 2011-ci ildən etibarən miqrasiya proseslərinə ilkin nəzarət mexanizmi üzrə fəaliyyət göstərirlər. Qeyd edək ki, muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanı sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin yaradılması ilə əcnəbilərin təlimatlandırılması prosesində böyük irəliləyişlər əldə edilmiş, qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanmışdır. Fəaliyyətə başladıqları gündən sərhəd-buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilmişdir.
Statistik göstəricilərə nəzər salsaq, görərik ki, yaradılmasından bu günə qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə fiziki və hüquqi şəxslər tərəfindən xidmətə, ümumilikdə, 5533 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 2247-si Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə, 1183-ü Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazənin verilməsi, 285-i Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1800-ü olduğu yer üzrə qeydiyyat, 15-i müvəqqəti olma müddətinin uzadılması, 2-si Azərbaycan Respublikası vətəndaşlığına qəbul, 1-i isə immiqrant statusu ilə bağlı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına, muxtar respublika ərazisində fərdi icazə almadan qanunsuz əmək fəaliyyəti ilə məşğul olmasına görə 614 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilmişdir. Aşkarlanmış hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs haqqında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müvafiq tədbirlər görülmüşdür.
Ümumilikdə, xidmətin 3 illik fəaliyyəti dövründə dövlət büdcəsinə 825 min 348 manat məbləğində vəsait köçürülmüşdür.
Göründüyü kimi, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı miqrasiya prosesini sürətləndirdiyindən bu sahəyə nəzarətin gücləndirilməsi də vacib məsələlər sırasındadır. Odur ki, Dövlət Miqrasiya Xidməti öz fəaliyyətini müasir tələblər səviyyəsində qurmağa çalışır.
Şahin NƏBİYEV
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi, ikinci dərəcəli miqrasiya xidməti qulluqçusu