22 Dekabr 2024, Bazar

Muxtar respublikanın inkişaf və tərəqqisi Sloveniya telekanalının əməkdaşlarını heyrətləndirib

Azərbaycan avroatlantik məkana sürətlə inteqrasiya etdikcə, ölkə­miz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə, eyni zamanda Qafqaz və Mərkəzi Asiya regionunun əsas güc mərkəzlərindən birinə çevrildikcə dünyanın müxtəlif ölkələrinin diqqəti respublikamıza yönəlir. Son 18 illik zaman kəsiyində inkişaf sürətinə görə həmsərhəd ölkələrin qonşuluqda yerləşən regionlarını geridə qoyan Naxçıvan haqqında son dövrlərdə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, efirə verilən videosüjetlər, televiziya pro­qramları, sənədli filmlər dediklərimizə əyani sübutdur.
Bu günlərdə Naxçıvanın inkişaf və tərəqqisi daha bir Avropa telekanalı vasitəsilə dünyaya nümayiş etdirilib. Belə ki, Sloveniyanın ictimai televiziyası olan RTV-də Azərbaycanın inkişafı, bu inkişafda Naxçıvanın tutduğu yer haqqında geniş proqram yayımlanıb. Milyonlarla tamaşaçısı olan RTV-də efirə verilən proqramda əsas diqqət Naxçıvanın tarixi, turizm potensialı və sürətli inkişafına yönəldilib.

Bu televiziya kanalının İtaliya vətəndaşı olan əməkdaşı Stefano De Franceschinin təqdimatında efirə verilən proqramın əvvəlində Naxçıvanın düşdüyü blokada vəziyyətinin ağırlığı və faktiki olaraq ölkənin əsas hissəsi ilə nəqliyyat əlaqələrinin olmamasına diqqət çəkən telejurnalist deyir: “Biz Naxçıvana səyahət məqsədimizə çatmaq üçün məcburən təyyarəyə minməli olduq. Əslində, Naxçıvana çatmaq üçün biz özünü “müstəqil” respublika elan etmiş Dağlıq Qarabağ üzərindən uçuruq ki, bu ərazi 20 ildən çoxdur, Azərbaycan və özünə yeni sərhədlər yaratmağa cəhd edən Ermənistan arasında müharibə və mübahisə mövzusudur. Biz Bakının 450 kilometr qərbində yerləşən Naxçıvana istiqamətlənirik. Muxtar respublika ölkə­nin əsas hissəsindən Zəngəzur dağ silsilələrinin ətəyində tamamilə aralı düşmüşdür. Bu ərazi Araz çayının sol sahilində yerləşir”.
Naxçıvanı dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Vətəni kimi təqdim edən telejurnalist buranın dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bildirir: “Naxçıvan şəhəri heykəllər, muzeylər, teatrlar və abidələrlə zəngindir. Azərbaycanın tarixi və mədəniyyət beşiyi olmaqla yanaşı, bura azərbaycanlıların milli lideri, ölkənin keçmiş Prezidenti Heydər Əliyevin doğulduğu torpaqdır. Dünya şöhrətli siyasətçi və dövlət xadiminin xatirəsinin əbədiləşdirildiyini burada hər addımda hiss edirsən. Naxçıvanda Onun şərəfinə yaradılmış muzeyin açılışında Heydər Əliyev şəxsən iştirak edib. Ölkədə çox hörmət edilən bu siyasi xadimi “azərbaycanlıların Atatürkü” hesab etmək olar. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir və hazırkı Prezident İlham Əliyev onun dövlətçilik yolunu və siyasi xəttini davam etdirir”.
Televiziya pro­qramında diyarın qədim türk yurdu olmasını sübut edən Naxçıvan şəhərindəki tarixi-memarlıq abidələri və Naxçıvanın özünəməxsus xalçaçılıq ənənələrindən də bəhs olunur: “Şəhərin əsas memarlıq abidəsi 26 metr hündürlükdə, kufi əlifbası ilə bəzədilmiş XII əsrə aid olan çox möhtəşəm Möminə xatın məqbərəsidir. Muzeylərindən başqa, bu şəhərin 80 min sakini bu regionda gözəl xalça və toxuculuq məhsullarının istehsal edilməsindən fəxrlə danışa bilərlər”.
Jurnalist Naxçıvan Dövlət Xalça Muzeyində muzeyin direktoru ilə müsahibəyə geniş yer verib. Azərbaycan, o cümlədən Naxçıvan xalçalarının digər Şərq ölkələrində istehsal olunan xalçalardan fərqli ornamentləri haqqında danışan müəllif qeyd edir ki, bu xalçaların bəzək və ornamentləri İslam aləmində yeganədir.
Stefano De Franceschinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə bağlı mövqeyi də özünəməxsus və maraqlıdır. Yerli əhalinin mehribanlığı, qonaqpərvərliyi və gülərüzlülüyünün insanda xoş əhval-ruhiyyə yaratdığını qeyd edən telejurnalist Əshabi-Kəhf haqqında deyir: “Yerli bələdçi bizi şəhərdən kənar gözəl mənzərəli dağların ətrafına apardı. Bu dağlar yürüş və dağaçıxma idmanı üçün əlverişlidir. Bu dağlardan biri müqəddəs hesab edilən Əshabi-Kəhf dağıdır. Uzun pilləkənlərlə siz dərin kanyona (dağ silsiləsinə) daxil olursunuz ki, buradakı müxtəlif mağaralar müqəddəs bir yerə çevrilir. Sonuncu düz pilləkənlər ziyarət edənləri balaca bir mağaraya aparır ki, bu mağarada əfsanəyə görə, 7 nəfər 309 il yatıb. Bu müqəddəs dağ müsəlmanlar üçün ziyarətgahdır və əsrdən-əsrə bu dağın əhəmiyyəti artır”.
RTV kanalının əməkdaşı pro­qramda diqqəti Naxçıvanda sürətlə inkişaf edən və böyük potensialı olan müalicə-kurort turizminə də yönəldib: “Mağaralardan danışarkən biz Naxçıvanın növbəti görməli yerlərindən olan duz mağaralarına getdik. Bizi orda tam heyət gözləyirdi. 1979-cu ildən bəri bu mağara fizioterapiya xidmətləri göstərən yerli xəstəxananın iki şöbəsindən birinə çevrilib. Bu mağara, əsasən, terapiya və duzla müalicə xidməti göstərir”.
Televiziya proqramında Naxçıvanda incəsənətin və təhsilin inkişafına göstərilən dövlət qayğısı, muxtar respublikada gənc nəslin vətənpərvər ruhda yetişməsi haqqında da bəhs olunur: “Buradakı iş, turizm və sağlamlıq turizmi üçün olan yeni imkanlar, həmçinin regionun mədəni, tarixi və ekoloji aspektləri, eləcə də bu torpağın gənclərinin marağı hökuməti təşviq etmişdir ki, təhsil sahəsinə böyük investisiyalar qoysun. Bunun nəticəsi olaraq yaradılan və bərpa edilən universitet korpusları ölkə ilə yanaşı, qonşu Türkiyə və İrandan tələbələrin bura axınına səbəb olmuşdur”.
“İncəsənətə gəldikdə isə xüsusilə yerli konservatoriyanın tələbələri öz bacarıqlarını bizə nümayiş etdirmək və bizi salamlamaq üçün qarşımızda çıxış etdilər”. Naxçıvan haqqında proqramı bu fikirlərlə bitirən jurnalist Naxçıvanın sürətli inkişafından təəccübünü açıq-aşkar gizlətmir.
Bütün bunlar blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Naxçıvanın müasir inkişaf və tərəqqisinin göstəricisidir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR