Bu fikir Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının X konfransında səsləndirilib
Yeni Azərbaycan Partiyasının V qurultayına hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının X konfransı keçirilib. Konfransı təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq məruzə edib. Bildirib ki, ölkədə ictimai-siyasi vəziyyətin son dərəcə ağır və dözülməz olduğu bir vaxtda Yeni Azərbaycan Partiyasının yaradılması zərurətə çevrilmişdi. Çünki müstəqilliyimizin uçuruma daha da yaxınlaşdığı və Azərbaycanın parçalanmaq ərəfəsində olduğu bir vaxtda xalqı arxasınca aparmağa qadir olan bir liderə, onun rəhbərlik etdiyi siyasi partiyanın yaradılmasına böyük ehtiyac var idi. Xalqın ümid yeri isə ulu öndər Heydər Əliyev idi. Yalnız qüdrətli şəxsiyyətin yaratdığı, rəhbərlik etdiyi təşkilat xalqı öz arxasınca apara bilərdi.
1993-cü ilin iyununda, Azərbaycan dövlətçiliyinin müqəddəratının həll olunduğu ağır məqamda xalq öz qüdrətli oğlunu ölkəyə rəhbərliyə dəvət etdi. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan, xalqını, Vətənini, millətini böyük məhəbbətlə sevən görkəmli dövlət xadimi Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ətrafında xalq sıx birləşdi. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra dövlətimizin əsl müstəqillik tarixi başlandı və Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrildi.
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının üzvləri də hər zaman ümummilli lider Heydər Əliyevin siyasi xəttinə, bu yolun davamçısı Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevə sədaqətlərini öz fəaliyyətləri ilə təsdiqləyir, bu siyasi kursa alternativ görmədiklərini açıq şəkildə bəyan edirlər.
Bildirilib ki, rayon təşkilatının 1362 nəfər üzvü 34 ilk təşkilatda birləşib. X konfransa qədər partiyamızın üzvlərinin sayı xeyli artıb. Üzvlərin 232 nəfəri qadınlar, 334 nəfəri gənclərdir. Rayon ərazisində keçirilən tədbirlərdə partiyamızın üzvlərinin yüksək fəallığı xüsusilə qeyd olunmalıdır. Ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin azad və ədalətli, demokratik, mütəşəkkil şəkildə başa çatmasında Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər.
Qeyd edilib ki, ötən illər ərzində ümummilli liderin parlaq ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasında siyasətçilərin yeni nəsli yetişib. Bu nəslin ən parlaq nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2001-ci ildə keçirilən II qurultayında partiya sədrinin birinci müavini, 2005-ci il mart ayının 26-da keçirilən III qurultayında isə yekdilliklə partiya sədri seçilib. Partiyanın 2008-ci il avqust ayının 2-də keçirilən IV qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyi yenidən irəli sürülüb.
Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin 2010-cu il oktyabrın 5-də sərhəd rayonu Sədərəyə gəlməsi, əhali ilə görüşməsi, onların problemləri ilə maraqlanması sərhəd bölgəsi sakinlərinin qurub-yaratmaq əzmini daha da artırıb.
Məruzəçi daha sonra vurğulayıb ki, prezident seçkiləri hər bir ölkənin ictimai-siyasi həyatının ən əlamətdar hadisələrindən sayılır. Bu prosesdə fəal iştirak etmək istəyən siyasi təşkilatlar, o cümlədən cəmiyyətin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da seçkilərə hazırlaşır.
Qeyd olunub ki, prezident seçkiləri cəmiyyətin həyatında ən önəmli hadisədir. Hər bir insan seçkilərdə özünün, övladının, Vətəninin gələcəyi ilə bağlı qərar qəbul edir. Cənab İlham Əliyevin prezidentliyinin hər iki dövrü Azərbaycana uğurlar, iqtisadiyyatımıza inkişaf, xalqımıza rifah gətirib. İlham Əliyevin üçüncü beş ildə Azərbaycana rəhbərlik etməsi isə bu inkişafın, sosial rifahın davam etməsi, gələcəyə böyük inam deməkdir.
Natiq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və onun üzvlərinin qarşısında duran ən ümdə vəzifə ölkədəki prezident seçkilərinə hazırlığın yüksək səviyyədə təşkilindən ibarətdir. Bütün qüvvələrimiz bu məqsədə səfərbər olunmalı və partiyamızın nüfuzu, gücü yenidən nümayiş etdirilməlidir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz sosial-iqtisadi inkişafının zirvəsindədir. Bunu təkcə biz yox, beynəlxalq iqtisadi qurumlar, nüfuzlu ekspertlər də təsdiq edirlər. Bu uğuru təmin edən, heç şübhəsiz, Yeni Azərbaycanın yaradıcısı, müstəqilliyimizin xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı dövlət başçısı, partiyamızın sədri cənab İlham Əliyevdir. Odur ki, sədərəklilər Azərbaycanın gələcək tərəqqisini İlham Əliyevin prezidentliyinin davamında görürlər.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib.
Xəbərlər şöbəsi