Konfransda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun məruzəsi dinlənilib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycan tarixinin son dərəcə çətin mərhələsində – xaosun, hərc-mərcliyin, hakimiyyət uğrunda gedən siyasi didişmələrin cərəyan etdiyi dövrdə tarixi zərurətdən yaranıb. Mövcud iqtisadiyyatın və infrastrukturun tamamilə dağıldığı, özbaşınalığın hakim olduğu dövrdə xalqın son ümidinin ifadəsi kimi Azərbaycanın 91 nəfər ziyalısının xalqımızın böyük oğlu Heydər Əliyevə müraciətindən sonra belə bir partiyanın yaranması qaçılmaz zərurət idi.
O zaman Azərbaycan cəmiyyəti ümummilli liderimiz Heydər Əliyev kimi böyük şəxsiyyətin ətrafında daha sıx birləşərək bu partiyanın təşkilatlanaraq ölkədə baş verən siyasi proseslərdə fəal iştirakına stimul yaratdı. Xalq inanırdı ki, Azərbaycanı iqtisadi böhrandan, siyasi tənəzzüldən, parçalanıb məhv olmaqdan və müstəqilliyini itirmək təhlükəsindən məhz Heydər Əliyev və onun banisi olduğu Yeni Azərbaycan Partiyası xilas edə bilər.
Yeni Azərbaycan Partiyası ölkənin və müstəqil dövlətimizin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoydu, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən və onu uğurdan-uğura, zirvədən-zirvəyə aparan lider partiyaya çevrildi.
Qeyd etmək yerinə düşər ki, partiyanın təşkilatlanma mərhələsinin ilkin dövründə – 30 yanvar 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə partiyanın Babək Rayon Təşkilatının təsis konfransı keçirilmişdir. Ümummilli liderimizin konfransda iştirakı, söylədiyi proqram xarakterli tarixi nitqi indi də həmin konfransın iştirakçısı olmuş yaşlı partiya üzvlərinin yaddaşında xoş xatirə kimi yaşamaqdadır.
Vurğulanmışdır ki, iqtidar partiyasının sıralarının sürətli artımını şərtləndirən başlıca amil ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, partiyanın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərtərəfli, düşünülmüş siyasətidir. Bu siyasətin məntiqi nəticəsidir ki, son illərdə ölkə həyatının bütün sahələrində çox böyük tərəqqiyə nail olunmuşdur.
Son vaxtlar xüsusilə gənclərin və qadınların partiya sıralarına gəlişinin çoxalması ölkə başçısının bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən islahatlara olan inamın, etibarın ifadəsi və Azərbaycan Prezidentinə gənc nəslin göstərdiyi dəstəyin əyani təzahürüdür.
Bildirilmişdir ki, qarşıdan prezident seçkiləri gəlir. Babək rayonunun sakinləri də seçkilərdə partiyanın vahid namizədi olacaq İlham Əliyevin qələbə qazanması üçün var qüvvəsini səfərbər edəcəklər.
Sonra Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.
Muxtar MƏMMƏDOV