Dünən Naxçıvan Tibb Kollecində “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva tədbiri giriş sözü ilə açaraq xalqımızın tarixində ən əlamətdar günlərdən biri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışmışdır.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin “Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət idi” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində ölkəmiz məhv olmaq təhlükəsindən xilas olmuşdur. Dahi şəxsiyyət müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını yerinə yetirməklə tarixdə silinməz iz qoymuşdur. Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün geniş üfüqlər açılmışdır. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Böyük şəxsiyyətin apardığı siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Fəaliyyəti və şəxsiyyəti ilə Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edən ümummilli lider Heydər Əliyevin böyük ideyaları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttinin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən natiq bu gün əldə edilən nailiyyətlərin respublikamızı qüdrətli dövlətə çevirdiyini bildirmişdir.
Sonra tədbir iştirakçıları ulu öndərə həsr olunan sənədli filmə baxmışlar.
* * *
Naxçıvan Dövlət Texniki Kollecində də “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzuzunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Məhəmməd Qəribov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin qırx ilə yaxın bir dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımızın, siyasi, iqtisadi, sosial-mədəni tərəqqimizin rəhbəri, ilhamvericisi, təminatçısı ulu öndərimiz Heydər Əliyevdir. Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtulmuş, dövlət və hakimiyyət böhranı aradan qaldırılmış, vətəndaş müharibəsinə son qoyulmuş, separatçılıq meyillərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmışdır. Bu gün aparılan islahatlar, qazanılan nailiyyətlər respublikamızı qüdrətli dövlətə çevirməkdədir.
* * *
Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbiri giriş sözü ilə xəstəxananın baş həkimi Hacağa Bağırov açaraq məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bütün ömrünü xalqımızın tərəqqisi, yüksəlişi və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq. Ulu öndər Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən parlaq və qüdrətli şəxsiyyətdir. Ümummilli liderimiz Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilib.
Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində yeni səhiyyə ocaqları tikilməkdə, mövcud binalar yenidən qurulmaqda və müasir tibbi avadanlıqlarla təchiz olunmaqdadır. Bütün bu uğurlar dahi rəhbərimiz Heydər Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi siyasətin bəhrələridir.
Məruzə ətrafında xəstəxananın həkimlərindən Tünzalə Rəhimovanın, Zərnişan Məmmədovanın çıxışları olub. Çıxışlarda qeyd edilib ki, həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən görkəmli dövlət xadimi Heydər Əliyev səhiyyənin inkişafında da misilsiz xidmətlər göstərib, xalqın sağlamlıq məsələlərinə prioritet istiqamətlərdən biri kimi baxıb. Onun təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb. Xalqımız digər sahələr kimi, səhiyyənin də bugünkü inkişafını Milli Qurtuluş Gününə borcludur.
Xəbərlər şöbəsi